“Ermənistan hökuməti” adlı irqçi fırıldaqçılar və faşist cinayətkarlar dəstəsi 1987-2000-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov Ermənistanın Belçika və Lüksemburqdakı səfiri Tiqran Balayanın Azərbaycana qarşı təhqiramiz paylaşımına cavabında qeyd edib.
Diplomat bildirib ki, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə və beynəlxalq hüququ pozduğuna görə qanun qarşısında cavab verəcək.
V.Sadıqov vurğulayıb ki, Ermənistanın cinayətkar, qanunazid əməllərinin siyahısı hazırda işlənmə mərhələsindədir:
“Uzun siyahı tezliklə təqdim olunmağı gözləyir. Biz dediyimizi edirik”.
Səfir Ermənistanın cinayətkar əməllərinin bir neçəsini nümunə olaraq da göstərib:
“O vaxt əhalinin 10 faizini təşkil edən Qərbi Azərbaycanda (indiki Ermənistan) 300 000-dən çox azərbaycanlının öz tarixi torpaqlarından qovularaq insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləməyə məruz qalması, deportasiya zamanı yüzlərlə insanın qətlə yetirilməsi;
– 1990-1992-ci illərdə Azərbaycanın keçmiş “Dağlıq Qarabağ” bölgəsindən 50 000 azərbaycanlının etnik təmizləməyə məruz qalması, onlardan yüzlərləsinin erməni silahlıları tərəfindən öldürülməsi;
– 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin (16 000+ kvadrat kilometr) Ermənistan tərəfindən işğalı (bax: BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələri);
– Azərbaycanın Qarabağ ərazisindən kənarda işğal olunmuş 7 rayonundan 700 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, 9 şəhər və yüzlərlə kəndin dağıdılması və yer üzündən silinməsi;
– 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qocalar, qadınlar, uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi (Ruanda və Srebrenitsa soyqırımlarından müvafiq olaraq 2 il və 3 il əvvəl)”.
V.Sadıqov Azərbaycanın ərazilərini işğaldan azad etməsinə də diqqət çəkib:
“2020-ci ilin sentyabrında Azərbaycana qarşı başlatdığı 44 günlük müharibədə hərbi məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ildir davam edən Azərbaycan torpaqlarının işğalına faktiki son qoydu”.