Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağdakı ermənilərin Azərbaycanda yaşamaq hüququnun olduğu kimi, indiki Ermənistandan, yəni Qərbi Azərbaycandan köçürülmüş azərbaycanlıların da eyni cür hüququ var. Bu məsələdə bizə də təminat verilməlidir, balans qorunmalıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada Strateji İqtisadi və Cəmiyyət Araşdırmaları Vəqfində (SETA) keçirilən “Qarabağ zəfərindən sonra Azərbaycan” adlı paneldə çıxış edərkən bildirib.
Səfirin sözlərinə görə, tarixin müxtəlif mərhələlərində Ermənistandan deportasiya edilən milyondan çox azərbaycanlı var ki, onların yaşamaq hüquqları pozulub:
“Mənim atam İrəvan şəhərindəndir. Onlar da deportasiyaya məruz qalıblar. Mənim də baba yurdunda yaşamaq hüququm var. Azərbaycan Qarabağ ermənilərinin qarantı olduğu kimi, Ermənistan da mənim atam, babalarım kimi deportasiya olunmuş azərbaycanlılara zamin durmalıdır. Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır. Biz də Azərbaycanda gürcülərə yaşamaq hüququ veririk. Yəni Qafqazda daimi sülhün bərpası üçün bu balans saxlanmalıdır”.
R.Məmmədov qeyd edib ki, Qafqazda sülhün, sabitliyin bərpasından Ermənistan böyük qazanc əldə edəcək:
“Gürcüstanın dövlət büdcəsinin 40 fazi Azərbaycanın sərmayələri nəticəsində formalaşır. Yəni bu, Ermənistanla da mümkündür. Azərbaycan Qafqazda daimi sülhün bərpasına hazırdır”.