Mingəçevirdə üzərində “Kalaşnikov” gəzdirən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına məlumat daxil olub. Məlum olub ki, həmin şəxs əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4 dəfə məhkum olunmuş Eldəniz Əliyevdir. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. E.Əliyev ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.