Şəhərin nəfəsi, dənizin səsi…

Şəhərin nəfəsi, dənizin səsi…
Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman sərsəri küləklər, bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər! – Mikayıl Müşfiq 90-100 il öncəsində belə yazırdı – elə burada, Bakıda…
Budur, gecədən başlayan Bakı küləyi aravermədən bu səhər də əsir, əsir və sanki daha heç kəsmək fikri yoxdur… Bakını küləklə təəccübləndirmək olmaz; bununla belə, il təzələnmişkən əsən küləklər kövrəklik üstə kövrəklik, duyğu üstə duyğu gətirir; küləyin öz aləmi, öz nəğməsi var – hələ-hələ sən yüksəkqatlı binada və də dəniz qıyısında yaşayırsansa, onu daha dərindən duyursan…
Bəs küləklər harada yaşayır, harada dincəlir, bir hovur nəfəs alır?.. Günəşi, buludu, suyu… – bilir yaxud təsəvvürdə canlandırmağa çalışırıq, bəs küləklər?
Küləklər – onlar nə bir kümədə doğulur, nə də bir dam altında dincəlir. Onlar dünyanın sərhədsiz və (Müşfiqə inansaq) sərsəri sakinləri, görünməz sərgərdanlarıdır. Hər külək, onun çılğınlığında hər adamın duymadığı bir nağıl danışır – bəzən qəddar, bəzən könül oxşayan, bəzənsə… Onlar bəlkə də, dənizdən qalxıb, dağların zirvəsində əsir, sonra, nə dənizdən, nə dağbaşından kam almayıb, şəhər küçələrində sərgərdan dolaşır, ağacları pıçıldadır, bayırda əlinə düşən adamlara toxunur, amma toxunduğu yerdə dayanmır, sərsərilik edir, əsir, əsir və fırlanır, dönür bir də gəlir…
Bakı küləkləri başqa aləmdi. Onların öz xarakteri var – haytalı, havalıykən havası çatmayan, sərt, bəzən də mehriban və oyunbaz… Küləklər Bakının səsi, şeiridir. Neçə-neçə ilhamlı şair, rəssam, bəstəkar, hətta adi insan onların səsində öz hisslərini tapıb. Külək sanki şəhərlə danışır, şəhəri çağırır: “Mən sənin səsinəm, toxunuşunam, amma özümü heç yerdə tapa bilməzsən. Sən məni duy, qalanını ürəyin anlasın, ürəyin!..
Ey şəhər oğlu şəhər, mən hər yerdəyəm, amma heç yerdə deyiləm, özünü çox yorma, mən özüm yorullam”…
Ah, bə könül! Bu boyda şəhərdə küləklərin tək bircə evi varmı? Onlar harada dincəlir? Bilirəm, fizik və coğrafiyaçı dostlarım deyəcək, küləklərin yeganə evi uzay boşluğudur. Orada nə sərhəd var, nə divar… Küləklər buludların arasında yaşayıb, Günəşin şəfəqlərindən güc yığıb, dənizlərin, okeanların nəfəsini alır. Bütün dünyanı öz ev-eşiyi sanan bu azadmı-azad varlıqlar insana azadlıqdan, qurtuluşdan söz açır. Müşfiq bu ismarıcları göydə tutmuş və “Küləklər”i yazmış, illa sərsəri sifətini yaraşdırmışdı ona…
Bəzən küləkdən soruşmaq istəyirsən: “Sən mənim könlümə nə gətirdin?” Cavabı, deyəsən, onun öz səslərindədir: “İnsanoğlu, sən nə eşitmək istəyirsən, mən onu gətirirəm”…
Ey Bakı küləyi, ey qasırğa ilə sığallanmış,
dəniz duzunun ətri ilə sarınmış,
bu yeni ildə də danış, öz nağılını danış, yenə hər kəs üçün fərqli, yenə kiminə qorxulu, kiminə qorxusuz… – Hər yaşın öz nağılı, hər nağılın öz yaşı var…
Sən Bakının ruhusan və bilirəm, heç bir ruh dinclikdə yaşamaz, bilirəm…
Ey çılğın küləklər, yenə nəşənizmi daşıb, ilin-günün bu (yenicə uyuşan) vaxtında, qışın oğlan çağında bağları meyvəsiz, nalqıran dağları qarsızmı görübsüz?..
Bu səfər könlündə nə varsa, nə dağa, nə bağa açmamısan, deyəsən, könlünü yenə də, əliqələmli insanoğluna aç, yenə o duyar, o yazar səni…
Əkbər QOŞALI
Share: