Şəhadətlə birgə gələn qələbə… – Sevil Gül Nur

Şəhadətlə birgə gələn qələbə… – Sevil Gül Nur
 
‌Bir ürəkdə kök salan vətən sevgisi bütün sevgilərin fövqündə dayanır. Bu sevgi ana südü, ana laylası ilə insanın ürəyinə süzülür, orada cücərib boy atır. Bu sevgi ilə bəslənənlər qorxu və ağrının nə olduğunu bilmir, ali məqama yetmək üçün daim irəli addımlayırlar. Vətən sevgisinin səsinə hay verdikcə ucalır, zirvələr fəth edir insan. O qədər ucalır ki, ölməzlik pilləsində yer alır.
Əbədiyaşarlar sırasında Elməddin Sübhi oğlu Əlizadənin də adı qürurla çəkilir. O, 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuş, 2003-cü ildə kənd tam orta məktəbində təhsil almışdır. 2015-ci ildə həqiqi hərbi xitmətə yollanan Elməddin kəşfiyyatçı kimi xidmətə başlamışdır. 2016-cı ilin aprel döyüşlərdə Polad Həşimovun komandanlığı altında döyüşlərdə iştirak etmiş, beşgünlük zəfər tariximizə öz imzasını atmışdır. Xalqına qələbə sevinci bəxş etməyi özünün vətəndaşlıq borcu sanan igid döyüşçü böyük zəfərə gedən yolun qısalmasını səbirsizliklə gözləyirdi. O əmin idi ki, bir gün torpaqların geri qaytarılması üçün Azərbaycan oğulları yumruq kimi birləşəcək, düşməni məhv edərək yurdu yağılardan təmizləyəcəkdir.
Elməddin hərbi xidmətini başa vurub evə dönür, tikiş fabriklərinin birində Azərbaycan əsgərini küləkdən, günəşdən qoruyan geyimlər tikir, arxa cəbhədə də vətənə, xalqa xidmət etməyə başlayır.
Descripción no disponible.
2020-ci il sentyabrın 27-də Azərbaycan tarixində yeni şanlı səhifə açıldı. Artıq otuzillik ayrılıq sona yetəcəkdi. Azərbaycan oğulları vətən torpaqlarının müdafiəsi üçün döyüşə getməyə can atırdılar. Onlar hərbi komissarlığa gedərək qeydiyyatdan keçməklə könüllü olaraq cəbhəyə getmək istədiklərini bildirirdilər.
Elməddin də qeydiyyatdan keçənlərin arasında idi. O, elə ilk günlərdən müharibədə iştirak etmək, düşməni torpaqlarımızdan qovmaq istəyirdi.
2020-ci il oktyabrın 1-də Elməddinin ərizəsinə müsbət cavab gəlir və o, döyüş bölgəsinə yollanır.
İlk döyüşə Ağdamdan başlayan Elməddin Füzuli, Xocavənd rayonları ətrafında gedən döyüşlərdə igidliklə vuruşur.
Son döyüşü noyabrın 8-də Şuşa ətrafında olur.
Şuşa döyüşləri digərlərindən çətinliyi ilə fərqlənirdi. Döyüşçülər Şuşaya qayalıqlara dırmaşaraq daxil olurdular. Çünki düşmən bütün qüvvəsini Şuşa qalasının qarşısına toplayıb qalanın qapısını kəsmişdi.
Elməddin də həmin gün aldığı döyüş tapşırığını yerinə yetirmək üçün Şuşaya doğru irəliləyirdi. Sərt qayalıqlar, soyuq iqlim bu cəsur döyüşçünün yolunda əngəl ola bilmirdi. İgid əsgər qəlbində bəsləyib böyütdüyü vətən sevgisi ilə doğma diyarın azadlığı üçün irəli addımlayırdı. Amma qəfil açılan düşmən gülləsi ona tapşırığı yerinə yetirməyə imkan vermədi. Elməddin Sübhi oğlu Əlizadə Şuşa qalası ətrafında gedən döyüşlərdə şəhadətə yüksəldi. Müharibəyə gedərkən evdə: “Gedirəm, dönəndə zəfərlə gələcəyəm” deyib getmişdi Elməddin. Atası Sübhi dayı oğlunun adına bəslədiyi toğlunu kəsəcək, anası Mehrac xala qələbədən sonra oğluna toy edəcək, gəlin gətirəcəkdi. Amma…
Elməddin vətən torpaqlarının azadlığını görməsə də, xalqa qələbə ərməğan etdi. İndi onun ruhu açıq Şuşa səmasında dolaşır, azad yurdun təntənəsini sevinclə seyr edir.
Elməddin Sübhi oğlu Əlizadə şəhadətindən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ruhu şad olsun…
 
Sevil Gül Nur
Müstəqil.Az
Share: