Şəhidə məktub – Xatirə Rəhimbəyli yazdı

Şəhidə məktub – Xatirə Rəhimbəyli yazdı
(Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə)

Gülüşü gözəlim,mahnı oxumuşdun,qulaq asdım,çox bəyəndim.”Belə şirin gülüş görmüsünüzmü?”başlıqlı bir yazı başladım.İşim oldu,qalxdım,yazı yarım qaldı.Adını da oxumamışdım.Yazı eləcə beynimdə fırlanırdı “gülüşü gözəl əsgərim” deyə-deyə…

Və qəfil bir xəbır oxudum…Yalan olaydı…Olmadı yalan…Sən o gözəl səsi,o gözəl gülüşü də götürüb ən uça bir zirvəyə yüksəlmişdin–şəhidlik zirvəsinə…
…Haqqında yazdığım yazılara baxıram…Heç biri mən deyən deyil.O şirin və məsum gülüşün,o sehrkar səsin yaratdığı duyğular heç bir ifadəyə gəlmir,heç bir sözə sığmır…Olmur,olmur,olmur…
Sözlərin suyu süzülür o möhtəşəmlik qarşısında ,sözlər gözümdən gəlir…Sənin o ölçüyəgəlməz pozitivliyin belə könlünü ala bilmir sözlərin…
İnsan gülüşü ilə yaşadır,sən gülüşünlə ağrıdırsan,ucaldığın o uca zirvədən belə
“Bir ayrılıq ,bir ölüm,
Heç biri olmayaydı” nisgili səpələnir üstümüzə.Bu gözəlliyə,məsumluğa,şirinliyə,pozitivliyə və o nadir gülüşə qıyanlar ALLAHın lənətinə gəldilərmi görən?Gəldilər ,əlbəttə…Amma…Ah,sən olsaydın,qələbə marşını oxusaydın üzündəki o qeyri-adi gülüşünlə…
“Vahid,sorma ,VƏTƏN nədən yaxşıdır?”-deyib oxuyurdun,gözəl gülüşlüm.. Bəli VƏTƏNin yaxşılıq səbəbi sorğuya gəlməz.Vətən nur üzlülərin,gülüşügözəllərin,ürəyi VƏTƏN eşqiylə alışıb-yananların qanıyla yoğrulub.O qandan çiçəklər göyərəcək,uca-uca çinarlar,palıdlar,dəmirağaclar boy verəcək.Nə qədər o meşələr yaşayır,dağlar dikəlir,sular axır o möcüzələr yaşayacaq.Və ətrafına sevinc,səadət,gülüş səpəcək sənin kimi Xudayar bala,sənin gülüşünə bənzəmək istəyəcək çiçəklər,gülüşü gözəl şəhidim.
Hə,bir də azad VƏTƏNİ miras qoyduğun körpə balalar soruşacaqlar bir-birindən:
–Ən gözəl gülən şəhid kimdir?
–Xudayar Yusifzadə!-deyəcəklər bir ağızdan..
Bir də..onu deyirdim axı…Elə bil bütün gülüşləri sən yığıb aparmısan,gülüşünü görənlərin gözləri yaşarır…
Share: