Payızın xəzəlli günlərindən biridir. Lənkəranın yuxarı məhəllələrindən biri olan çay qırağındayıq.Lənkəran çayından əsən külək ağacları soyub- soyundurmaqla məşğuldur.Yarpaqlar da himə bənd imiş kimi küləyin küyünə gedib ağacdan qopur, xəzəl olub yerə sərilirlər…
Yadıma nənəmin söylədiyi bir bayatı düşür:
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi
Xəzəl oldum töküldüm
Viranə bağlar kimi…
Bəlkə yüz dəfə eşitdiyim, amma bir dəfə də olsun dilimə almadığım bu bayatı niyə indi , burda yadıma düşdü, deyə bilmərəm. Amma bu gün haqqında sizə danışmaq istədiyim şəhid Elşadın qısa həyat hekayəsi ilə tanış olduqdan sonra anladım ki, nənəm sağ olsaydı, bu cavan üçün məhz bu ağını deyib ağlardı… Gənc ömrü xəzəl olub torpağa qarışan şəhid Elşad…
Zeynallı Elşad Elman oğlu 22 .10.1996-cı ildə Lənkəran şəhəri,Cavanşir küçəsi 14 saylı evdə anadan olub.2014-cü ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbini bitirib.Bir neçə ay mebel fabrikində fəhlə işləyib. 2014 -ci ilin oktyabrından 2016-cı ilin may ayına qədər hərbi xidmətdə olub. Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində mühafizəçi kimi xidmət edib. Hərbi xidmətdən sonra da mebel ustası kimi çalışıb. Vətən müharibəsi başlanandan iki gün sonra-30 sentyabrda t şəhər səfərbərlik şöbəsinə gedərək könüllü olaraq cəbhəyə getmək istədiyini bildirib.Həmin gün müharibəyə yola düşüb. Birbaşa Fizuli cəbhəsinə aparılıb. Kəşfiyyatçı kimi xidmətə başlayıb.30 sentyabr tarixdən 9 oktyabr tarixinə kimi həmin ərazidə döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Fizulinin Alxanlı kəndi uğrunda döyüş zamanı şəhid olub.15 oktyabrda Lənkəranın Sütəmurdov qəbristanlığında dəfn olunub.Subay idi.
Darvazadan içəri daxil olduqda gözümüzə ilk dəyən həyətin yuxarı başındakı söhbətgahın arxa divarına vurulmuş Azərbaycan bayrağı olur.Hüzn qarışıq qürur hissi doldurur ürəyimi… Bizi Elman kişi qarşılayır-butun digər şəhid ataları kimi dərddən beli bükülmüş, çallaşmiş sac-saqqali bir-birinə qarışmış… Ətrafa göz gəzdirirəm –başdan- başa çınqıl döşənmiş geniş, bag-bagatli həyətdi. Ev quşları ayağımızın altında gəzib dolaşır.Onların arasında gözumə tək-tənha gəzən bir ördək sataşır, ha göz gəzidrirəm, tayını tapa bilmirəm.Böyüklərdən eşitdiyimə görə, ördəklər tayı olmasa qalmır, ölür…Elman kişi marağımı hiss edib:
– Tayını tülkü apardı, o da qaldı belə, nə kəsməyə əlim gəlir, nə də gedib ona bir tay almağa həvəsim var,-deyə cavab verdi…
-Bəs belə necə qalar, tək yaşaya bilməz ki…
-Mən yaşayan kimi,-dedi şəhid atası…
Evin tək oğlu imiş Elşad, həm də anasız…
Sakit təbiətli, tərbiyəli, başıaşağı bir uşaq olub Elşad. Amma bütün bunlarla yanaşı içində sanki üsyankar bir ruh gəzdirirmiş.Uşaqlıqdan idmanla məşğul olan Elşad qaydasız döyüş üzrə dəfələrlə rayon və ölkə çemionatlarında yer tutmuş, mükafatlar almışdı.2011-ci ildə 8-ci sinifdə oxuyarkən H.Əliyevin 88-ci ildönümünə həsr olunmuş mini futbol turnirində 1-ci yeri götürüb. 2012-ci ildə qarışıq döyüş növləri üzrə respublikada 1-ci yeri tutub.Qızıl medalı və digər mükafatları var. Atası Elman kişi indi təqaüddə olan şərhədcidir.Ukraynada sərhədçi məktəbində təhsil alan Elman kişi sonradan Moskvada Ali Hərbi məktəbə daxil olur.Amma sovetlər ittifaqının dağılması səbəbindən oranı bitirmək Elmana nəsib olmur.Digər keçmiş SSRİ nümayındələri kimi onu da məktəbdən xaric edirlər. Elman ölkəyə qayıdır, lakin burda da onu müxtəlif bəhanələrlə sərhəd xidmətinə işə götürmürlər. Bütün bu və burda sadalamaq istəmədiyimiz başqa haqsızlıqlara baxmayaraq Elman kişi yenə də yeganə oğlunu vətənpərvər ruhda tərbiyə edir…Orta məktəbi bitirdikdən sonra bir neçə ay mebel sexində fəhləlik edən Elşad elə həmin ilin payızında hərbi xidmətə yollanır.2016-cı ildə hərbi xidmətini başa vurub evinə qayıdır, yenə də əvvəlki işi ilə- mebel təmiri, quraşdırılması ilə məşğul olur. Atası səhhətinə görə işləməyib. Elşad isə səhərdən gecəyarıya kimi müxtəlif işlərdə çalışıb ki, evinə kömək etsin.Ailənin bütün yükü onun çiyinlərində olub.
2017-ci ildə bircə bacısı Elnarə ailə qurub ata evindən köçdükdən , anası Kəmalə xanım xəstəlik üzündən dünyasını dəyişdikdən sonra ata və oğul bu damın altında tək qalırlar. Elşad mebel ustası kimi səhərdən axşama kimi çalışar, alın təri ilə, halal zəhməti ilə çörək qazanırdı.Elman kişinin söylədiklərindən:
-Kaş onun dostları burda olaydı, onlar danışaydı, siz onda bilərdiz ki, necə bir uşaq olub Elşad…Ona bir çırtma da vurmamışam, atamın, qardaşımın vəsiyyəti idi.Evdə ikimiz idik, arada gec gəlirdi, zəng edirdim ki, Eliş, hardasan, gecə yarıdan keçib.Deyirdi ki, ata, sabah toydu, mebel quraşdırıram. O gələnə kimi yatmazdım…Daha gözüm yollardan yığışdı… Zəhmətkeş uşaq idi mənim balam, əlinin işi, sənəti, evi-eşiyi.Vətən sevgisi hamısından ağır gəldi…
Kim bilir neçə cavanın qurduğu ev-eşikdə əlinin izi qalır Elşadın, neçə toy sahibinin sevincinə qatılıb səhərə kimi mebel yığıb Elşad- öz toyu, öz bəzəkli otağı qiyamətə qalan bu şəhid bala…
Bacısı göz yaşları içində dərdini bizimlə paylaşır:
-Onunla qürur duyurdum- ağlı, yaraşığı, zəhmətkeşliyi mənim fəxr yerim idi.Bu evin, bu həyətin anam, Elşad sağ olan vaxtları vardı- mənim o əlçatmaz uşaqlıq çağlarım.İndi elə arzulayıram ki, kaş heç böyüməyədim, elə o vaxtlardakı kimi uşaq qalaydım, amma əzizlərimin dalbadal və vaxtsız itkilərini görməyəydim…Anam rəhmətə gedəndən sonra bu evdə ikisi qaldılar- atam və qardaşım.Atama dayaq idi Elşad…Zəng edib hal- əhval tuturdum, arxayın idim ki, bir- birinə həyandılar, bir-birinin yanındadırlar, darıxmazlar.İndi bilmirəm nə deyəcəm…İndi ikisinin də dərdini ayrı- ayrı çəkirəm, ikisi üçün də ayrı darıxıram, ən çox Elşad üçün…Amma ümid yerim odur ki, oğluma dayısı haqqında fəxrlə danışacam, oğlum da böyüyəndə şəhid dayısı ilə qürur duyacaq…Amma yenə də şükür edirəm ki, əli-qolu, hər əzası üstündə qoyuldu torpağa…
Bu 21 yaşlı şəhid bacısının sonuncu sözləri içimi göynədir.Az öncə uşaq qalmağı arzu edirdi, amma doğmalarının vaxtsız iksinin onu vaxtından qabaq böyütdüyündən xəbəri də yoxdu.Gənc yaşda cavan ana , qardaş itirən biri istəsə də uşaq qala bilməz, o dərdin ağırlığı onu qoymaz uşaq qalmağa…
Oturduğumuz geniş salonun yuxarı başında Elşadın şəkli vurulub- məsum təbəssümlü, gözlərindən gülən bir cavan bizə baxır.Mən də ona baxıram, baxıram…Ürəyimdənsə bunlar keçir: ,,Bu evdə sənə çox ehtiyac var, Şəhidim.Tənha yaşlanmaqda olan atan, dərd üstünə dərd gələn bacın səninçün çox darıxır.Bəlkə də bilirsən, amma bilsən də gəlmirsən, gəlməyəcəksən…Gəlməmək üçün getdin…Getdin ki, Vətən gəlsin, getdin ki,30 ildi əsir düşən yurd qayıtsın, getdin ki, ürəyimizə köçəsən…Rahat yat, Şəhidim, Vətənin duasına, ananın laylasına bürünüb uyu…Səni unutmayacağıq…”
Xatirə Xatun,
yazar –publisist
Bakı, 28.01.2021
Müstəqil.Az