Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açmışdı. Bakıda böyümüş, Naxçıvanda və Beyləqanda işləmişdi. Vətən müharibəsinin ilk günündə – 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə canını vətənə fəda etdi.
O, ilk təhsilini Xətai rayonunda Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə (1992-2001) almışdı. Sonralar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə (2001-2003) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (2004-2008) hərb elminin sirlərinə yiyələnmişdir. Təhsilini davam etdirmək üçün Təlim Tədris Mərkəzinə Bakı Ali Birləşmiş Komandirlər məktəbində zabit ixtisası kursuna göndərilmişdir.
Orta məktəbdə oxuduğu müddətdə basketbol yarışlarında, fənn olimpiadalarında, müdavim vaxtlarında güləş yarışlarında, sonralar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində qalibiyyətin qürurunu yaşamışdı. Ailəsinin yaxın qohumu, Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti şəhid İlqar Verdiyevin uğurları Ceyhunun hərb sənətini seçməsinə həvəs yaratmışdı. Bununla belə, dayısı Məstan Novruzov və iki yaxın qohumu birinci Qarabağ döyüşlərində şəhidlik zirvəsini fəht etmişdi. Ailə gələnəklərini peşəsi ilə davam etdirən Ceyhun 2018-ci ilin 1 iyulunda ailə qurmuş, 2019-cu ilin 6 avqustunda əkiz oğlanları Cahid və Cavidan dünyaya gəlmişdir.
2008-ci ildə leytenant, 27 iyun 2011-ci ildə baş leytenant, 15 sentyabr 2015-ci ildə kapitan hərbi rütbəsinə yiyələnmişdi. Cəmşid Naxçıvanski adına hərbi litseydə oxuduğu müddətdə tağım komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldığı müddətdə manqa komandiri vəzifəsini icra etmişdir. 2010-cu ilin 2 iyun tarixindən N saylı hərbi hissəyə tağım komandiri, 04 noyabr 2011-ci ildən Əlahiddə Ümumqoşun Ordu komandanının Əmrinə əsasən N saylı hərbi hissəyə bölük komandiri təyin olunmuşdu.
2008-ci ildə AAHM-i “Motoatıcı” itisası üzrə bitirdikdən sonra 2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində, Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur və Sədərəkdə ön xətdə hərbi vəzifəsini yerinə yetirmişdir. 21 oktyabr 2019-cu ildən Beyləqandakı N saylı hərbi hissədə çalışırdı. Vətən müharibəsi başlayan gün Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlə döyüşlərində tarix yazanlardan oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Həsənova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” (09.12.2020) adı, “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları verilmişdir.
Evin tək oğlu olan şəhid kapitanımızın örnək həyat tarixçəsi yaddaşlara həkk olunsun deyə barəsində bir neçə yazı dərc olunmuşdur. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhidlər haqqında silsilə yazılarında Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovdan da söz açıb. “525-ci qəzet”in “Əbədiyyətdəki əziz ünvanlarımız” rubrikasında Şahanə Müşfiq onun da ömür yolundan bəhs edib. Bunlardan başqa “İgid oğulların qələbə əzmi tükənməzdir”, “Zirvəyə ucalan ömür – kapitan Ceyhun Həsənov” və başqa məqalələrdə onun döyüşkən ömür yoluna nəzər salınmışdır. Həmçinin, vikipediyası hazırlanmış, yutubda çoxlu video-görüntüləri yerləşdirilmişdir.
Bütün bunlardan əlavə onun ilk və son savaş gününün təfərrüatlarını döyüş yoldaşlarından biri, çavuş Şahin Mehdiyev belə nəql edir: “Biz bir yerdə üç aya yaxın idi ki, təlim keçirdik. Komanda çox böyük ruh yüksəkliyi ilə çalışırdı. Demək olar ki, üç ay idi gecə-gündüz daim bir yerdə olurduq, komandirə məxsus olan heyətlə birlikdə. Ceyhun Həsənov Beyləqan rayonunda N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışırdı. Ceyhunun şəxsi heyətində 80-ə yaxın canlı qüvvə var idi. Həmçinin Ceyhun Həsənov BMP komandiri də olub.
Nankor düşmənlərimiz, yəni ermənilər atəşkəsi yenidən pozdular. Artıq bunları susdurmaq zamanı çatmışdı, bu erməni vandallarını yerində oturtmalıyıq – deyə Prezidentimiz əmr verdi: “Bu gözüdönmüşləri rədd edin Azərbaycan torpaqlarından”. Ordumuz bu əmri çoxdan gözləyirdi. Hamı bir nəfər kimi böyük ruh yüksəkliyi ilə hərəkətə başladı. Həmin anı gözləyən kapitan Həsənov Ceyhun komandirinin tapşırığı ilə 27 sentyabr 2020-ci ildə döyüşə hazırlaşdı. Ceyhun öz şəxsi heyəti və ona məxsus olan 7 BMP, 4 tank, bir neçə texnika ilə hərəkətə keçdi.
Ceyhun şəxsi heyətini hərtərəfli təlimatlandırdı: “Biz güclü olmalıyıq, hamı bir nəfər kimi ardımca irəli”. Onu da demişdi ki, “ola bilər mənfur düşmən mən oturduğum BMP-ni vurar, amma mənim igidlərim, birdən dayanarsınız ki, mənə kömək göstərəsiniz. Sizə mən əmr verirəm və tapşırıram ki, dayanmadan irəli”. Necə demişdi, elə də oldu. Hücuma keçdik. Komandirin BMP-si öndə. Şiddətli döyüş gedirdi. Hər tərəfdən bizi atəşə tutmuşdular. Bir neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz var idi. Buna baxmayaraq Ceyhun Həsənovun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, üç erməni postunu məhv etdik. Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşdə idik. Uğurlarımızı gördükcə sevincimizin həddi-hüdudu yox idi. Ermənilərin birinci eşalonunu darmadağın etdik. Komandirin hər an bir sözü var idi: “İgidlərim, arxamca irəli”. Döyüş çox şiddətləndi. Mənfur düşmən hər tərəfdən, hər növ silahdan istifadə edirdi. Bizi məğlub etməyə çalışırdı, amma ordumuz elə həvəslə vuruşurdu ki, belə ordunun qabağını kəsmək mümkün deyildi. Ağır artilleriyaların atılmasına məhəl qoymayan komandir – “igidlərim, irəli” – deyə qışqırırdı. Komandir kordinatları bir-bir mənə ötürürdü, mən həmin hədəfləri vururdum.
Mən Şahin Mehdiyev komandir oturduğu BMP-nin tuşlayıcısı idim. BMP-nin sürücüsü isə Qərib Balacayev idi. Komandir tez-tez deyirdi: “Afərin, igidlərim”. Əlbəttə, bu söz bizə böyük ruh yüksəkliyi verirdi. Bizə verilən tapşırığı yerinə yetirdik, istədiyimiz mövqeləri tutduq. Komandir gördü ki, mənfur düşmən sağdan bizim heyəti mühasirəyə almaq üçün hərəkətə keçib, əmr verdi ki, Qərib, BMP-ni çevir sağa. Komandir bilirdi ki, ora girmək çox təhlükəli idi. O, bizə dedi, “yoldaşlar, başqa yolumuz yoxdur. Yoxsa bizim 60-a yaxın heyəti mühasirəyə alacaqlar”. “Qərib, irəli” – deyərək əmr verdi. Komandir Ceyhun Həsənov istədiyinə nail oldu. Düşmənlər tam məğlubiyyətə uğradıldı. Amma çox təəssüf ki, biz geri dönəndə BMP tank əleyhinə minaya düşdü. Kapitan Ceyhun Həsənov qəhrəmancasına şəhid oldu…
O, son nəfəsində belə dedi: “Şahin, sonuncu mövqeni vurduq?” Mən isə cavab verdim, bəli, komandir, vurduq. Gülümsəyərək əlimi sıxdı. Gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəldi. Mən özüm də yaralanmışdım. Sonra bilmədim necə oldu… Ceyhunda o qədər qəhrəmanlıq hissi, qorxmazlıq, mərdlik hissi var idi ki. Ona bu qəhrəmanlıq adı azdır. O, çox böyük hünərli, savadlı, həm də bacarıqlı idi. Ruhun şad olsun, Komandir!
Füzulinin azadlığı uğrunda ilk səddi yaran heyət bizim heyət idi. Düşmənin keçilməz adlandırdığı səddi komandir Ceyhun Həsənovun rəhbərliyi altında darmadağın edib keçdik. Eyni zamanda komandirin BMP-sini idarə edən sürücü Qərib Balacayev də şəhid oldu. Komandirlə Qərib ikisi birlikdə şəhid oldu. Ruhunuz şad olsun. Bütün şəhidlərimizə allah rəhmət eləsin. Kapitan Həsənov Ceyhunun timsalında öz qanları ilə tarix yazanlar, haqqınız ödənməzdir”.
Nurəddin Muğanlının “İki sahil” qəzetində çap olunan “İgid oğulların qələbə əzmi tükənməzdir” yazısından şəhid kapitanımızla vida mərasiminin detallarını öyrənmək mümkünür: “Kapitan Ceyhun Həsənovun üçrəngli bayrağımıza bürünmüş cənazəsini Xətai rayonunun ictimaiyyət nümayəndələri, sadə vətəndaşları böyük bir qələbəliklə qarşıladı. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun gəncləri şəhidin cənazəsini vaxtilə yaşadığı binanın qarşısından fəxri qarovulun və izdihamın müşayiətilə son mənzilə yola saldılar. Azərbaycan Respublikasının Himninin sədaları və fəxri qarovul dəstəsinin yaylım atəşi altında ikinci Fəxri xiyabanda – general-mayor Polad Həşimovun məzarının yaxınlığında torpağa tapşırılandan sonra şəhid zabitimizin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı atası Aydın Həsənova təqdim edildi”.
Bir oğul anası olub, onu da vətən uğrunda şəhid vermiş Həsənova Səmayə xanım balası haqqında qürurla danışır: “Oğlum, azad etdiyin torpaqlarda ruhun gəzəcək. Bir də, onu demək istəyirəm ki, avqustun 6-da əkiz oğul övladlarının ad gününü, ilk yaşlarını qeyd etdin, amma bir daha qeyd edə bilməyəcəksən. Böyüyəndə biləcəklər ki, onların atası kimdir. Balaların səni şəkillərdə, tarixlərdə axtaracaq, səninlə fəxr edəcək məsum körpələrin. Vətənini balalarından, anasından yüksəkdə tutan Komandir. Ruhun şad olsun. Həmişə atalar deyərdi: “Anaların borcunu heç nə ilə qaytarmaq olmaz”. Amma indi mən belə deyirəm ki, oğul, sənin borcunu heç nə ilə qaytara bilmərəm. Həyatda sənə nə əziyyət çəkmişəmsə halal edirəm. Sən də haqqını mənə halal elə!”
Gülnar Səma
Müstəqil.Az