20 may tarixində Qubadlı r. Xocahan kənd məktəbində şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr olunmuş sinif otağının açılışı oldu. Xocahan məktəbi şəhidimizin valideynlərinin təhsil aldığı məktəbdir. Tədbiri məktəbin direktoru Sevinc Məmmədova Azərbaycan Dövlət Himni ilə açıq elan etdikdən sonra şəhidimizin anası və atası Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağına daxil olublar. Könül müəllimənin rəhbərlik etdiyi bu sinifdə şəhidimizin xatirələri yaradılan güşələrlə əbədiləşib və şagirdlərin hər biri qəhrəmanımızı qürurla yad edəcəklər.
Bu tədbirdə illərin qocaman müəllimləri öz yetişdirdikləri şagirdlərin böyütdüyü qəhrəman oğul haqqında qürurla danışıb, valideynlərinə səbr dilədilər. Tədbirdə həmçinin İcra nümayəndələrindən şəhid Əlyar Əliyevin oğlu Emin müəllim, Natiq müəllim və başqaları iştirak edirdi.
İcra Hakimiyyətinin Xocahan nümayəndəliyindən Kənan müəllimin dəvəti ilə tədbirdə iştirak edən şairə Esmira Günəş də çıxışı zamanı şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr etdiyi şeiri səsləndirərək kitabını məktəbin ən fəal şagirdinə hədiyyə etdi. Tədbir bir-birindən maraqlı çıxışlarla davam edərək, sonda şəhidimizin valideynlərinin çıxışı ilə yekunlaşıb. Şəhid Məhəmmədəli Həsənzadənin anası Vüsalə xanım ” belə tədbirlərin sayının çoxalması, bizim təskinliyimizdir.”-deyərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda xatirə şəkilləri çəkilib və qonaqlar böyük sevgi və hörmətlə yola salınıb.