Bu gün şəhid Səbuhi Hüseynlinin şəhadətinin birinci öldönümüdür
SƏBUHİM – SƏHƏR MEHİM
Şəhid məzarlar üstə analar yanar ağlar
Şəhid mövzusu mənim üçün həmişə birinci dərcəli olub. Şəhid və qazilərimiz mənim ən həssas nöqtəm, heç bir zaman sağalmayan, qanamaqda davam edən, ağrıyan yaram olub. Özümdən asılı deyil. Hərb mənim üçün keçilməz sədd, aşılmaz dağ timsalında olub və belə də davam etməkdədir. Yenə də mövzum şəhiddir. Amma bir az fərqli. Yazacağım şəhid mənə qan bağıyla bağlıdır. Çünki kiçik dayımın ərkösüyün nəvəsi, nəslimizin sevimlisi idi. Eyni kənddə doğulmuş, eyni küçəni paylaşmışdıq. Evlərimiz üzbəüz, aramızda bircə dar küçə vardı. Bakıdan ata yurduna gələndə bəzən Səbuhini tay-tuşları ilə oyun oynayan görürdüm. Ayaqyalın, başıaçıq, yüngül geyimdə. Ən çox da dava oyunları oynayardılar. Düşmənləri əsir götürürdülər, həbs edirdilər. Oğlan uşaqlarının ən maraq bəslədikləri müharibə oyunu. Yaddaşımı nə qədər çəkçevir etsəm də, uşaqlıq və yeniyetməlik çağından bir-iki epizoddan başqa heç bir şeyi xatırlamıram. Amma sorağını eşidirdim. Əsgər getməyindən, evlənməyindən, ata olmağından, müddətdən artıq hərbi xidmətə yazıldığından xəbərdardım. Ta 2020-ci ilin 27 sentyabrında başlayan savaşadək. Və alnımızı açıq, üzümüzü ağ, qəddimizi dik, vicdanımızı təmiz edən zəfərlə nəticələnən bu savaş önümüzdə bir qəhrəmanlıq salnaməsi, qəhrəmanlıq səhifəsi açdı. Məhz igid vətən oğullarımızın, əsgər, zabit, qazi və şəhidlərimizin qanları bahasına qazanılmış qələbə və şərəfli zəfər tariximiz… və bu tarixi ölümün üstünə qorxmadan gedərək, ölümün gözünə dik baxaraq yazan gül üzlü oğullarımız…
Səbuhi Hüseynli onlardan biri, şücaəti, qəhrəmanlığı ilə dastan yazmış igid və cəsarətli kəşfiyyatçı… Səbuhi Hüseynli bir ay düşmənlə üz-üzə savaşan, ölüm-dirim mübarizəsi aparan, 2020-ci il oktyabrın 26-da ağır yaralanaraq kəllə-beyin travması alan, 6 ay komada qaldıqdan sonra şəhadətə ucalan nur üzlü şəhidimiz… Babək adlı bir övladını bizə əmanət qoyub gedən, anasını, baçısını, həyat yoldaşını, onu sevənləri, doğmalarını, arxasınca göz yaşı tökən elini ağlar qoyub gedən, əvəzində özü və arzuları boyda vətən torpağını bizə əmanət edən bir cənnət mələyi…
Səbuhi Hüseynli 2 may 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuşdur. 2020-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qusar rayonunda yerləşən 651 saylı hərbi hissənin Quru Qoşunlarında xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan savaşda iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə misilsiz igidlik nümunəsi göstərmişdir. Səbuhi komandanlığın tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmiş, əsgəri borcunu şərəflə ödəmişdir. Komandiri və döyüş yoldaşları onun haqqında fəxr və qürur hissi ilə danışırlar. O, ən çətin döyüş tapşırıqlarının belə öhdəsindən məharətlə və qüsursuz gəlmişdir. İgid və cəsur kəşfiyyatçı heç vaxt gözləmə mövqeyi tutmamış, hərbi tapşırığın yerinə yetirilməsi üçün birincilər sırasında önə çıxmışdır. Qorxunun nə olduğunu bilməzdi. Onu bu kimi müsbət keyfiyyətlərinə görə Xüsusi Təyinatlıların məxfi əməliyyatlarına cəlb edirdilər. Silahdaşlarına qarşı çox diqqətli və qayğıkeş idi. Daim onları qorumağa çalışırdı. Ağır döyüşlər zamanı yaralı əsgərlərin vuruş meydanından çıxarılması, onların hərbi həkim məntəqələrinə çatdırılması, sonrakı vəziyyətləri ilə maraqlanması, onlara təskinlik verməsi, yaşından böyük səbr və təmkin göstərməsi, dinclik bilmədən vətən torpaqları uğrunda mübarizə aparması… sadalanacaq o qədər söz, söylənəcək o qədər hekayə var ki… Yazmaqla bitməz, danışmaqla tükənməz…
Səbuhi Hüseynli 26 oktyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşdə baş-beyin nahiyəsindən ağır yara alır. Əvvəlcə Füzuli rayon xəstəxanasına, daha sonra Yevlax rayon xəstəxanasına yerləşdirilir. Yarasının ağırlıq dərəcəsinə görə təcili Bakıdakı Neyrocərrahiyyə xəstəxanasına göndərilir və 30 oktyabrda əməliyyat olunur. 8 saatlıq əməliyyatdan iki gün sonra onun vəziyyəti pisləşir və komaya düşür. Noyabrın 2-də ikinci dəfə əməliyyat olunsa da, vəziyyətində sağalmağa doğru dəyişiklik hiss olunmur. O, koma vəziyyətində düz 6 ayadək həyatda qalmaqdan ötrü mücadilə verir, təəssüf ki, 15 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada şəhidliyinə qovuşur və ertəsi gün doğulduğu Xaçmaz rayonunun Maqsudkənd kənd qəbristanlığında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra bir neçə medalla təltif edilmişdir:
“Vətən uğrunda”
“Şuşanın azad olunmasına görə”,
“Cəbrayılın azad olunmasına görə”,
“Xocavəndin azad olunmasına görə” medalları (ölümündən sonra)
Hər bir qəhrəmanı bir qəhrəman ana dünyaya gətirir. Bir neçə kəlmə də Səbuhinin anası Samirə Əhmədxanovadan danışmaq istəyirəm. O Samirədən ki, gözlərim önündə böyüdü, məktəbə getdi, gəlin köçdü, ana oldu, içi həyat eşqiylə dolu, şeirə, poeziyaya vurğun biri. Səmimi, hörmətcil, qonaqpərvər və böyük-kiçik yeri bilən. İndi isə o həyatsevər və deyib-gülən Samirədən əsər-əlamət belə qalmayıb. Samirə şəhid balasının şəhidlik paltarına bürünərək qalan ömrünü çiyərparasının bu dünyadakı cənnətini qurmağa həsr edib desəm, – hələ az olar. Samirə Səbuhinin sağalması üçün nələr etmədi? Yaralanma xəbərini eşidən kimi Füzuliyə, ordan da balasının olduğu təcili yardım maşınının arxasıyca Yevlaxa getdi, sabahadək xəstəxananın həyətindəki ağacın altında balasına dualar edərək səhəri dirigözlü açdı. Bakıya da balasının əllərindən tutaraq, daim onun yanında olduğunu hiss etdirərək təsəlli verə-verə, sağalacağına inandıraraq gəldilər. Qırıq səslə, boğula-boğula mənə söylədikləri: yavaşca qulağıma pıçıldayaraq “ana, çantanda yeməyə bir şeylər varsa ver, ürəyim üzülür”,- dedi. Yol kənarındakı mağazanın yanında maşını saxladıb yeyəcək şeylər aldım, balamı əllərimlə yedirtdim. Gülümsər gözləriylə üzümə baxdı. Həmin üz ifadəsini ömrümün sonunadək unutmaram. Gözlərimdə əbədiləşdi o an.
Samirə oğlunun ölümlə mücadilə verdiyi o altı ayda nələr etmədi? Balasının müalicəsinin xaricdə davam etdirilməsi üçün dəfələrlə ölkə başçısından tutmuş yaşat fondu daxil əlaqədar qurumlara müraciət etdi, onun haqqını tələb etdi. Döymədiyi qapı qalmadı. Mən də onunla müdafiə nazirliyinə, xəstəxanaya, tv kanallara və digər qurumlara dəfələrlə getdim, tək qoymamağa çalışdım. Amma bütün bunlar Samirənin təkbaşına apardığı mücadilənin yanında bir heç idi. Hər gün xəstəxanaya təzə çəkilmiş meyvə suyu, vitaminli yeməklər, daha nələr, nələr daşıyırdı… Balasının barmaq tərpənişinə, gözündən axan yaşlara necə sevinir, ümidlənirdi. Əslində biz hamımız onun sağalacağına inanırdıq. Erməni gülləsinə yenməyəcəyini bilirdik. Çox təəssüflər olsun ki, həmişə yaxşıların və ədalətin qalib gələcəyinə inamımız böyük olduğundan olayın o biri tərəfini yaxına buraxmırıq. Nə olur-olsun ağın qara üzərində qələbəsini arzulayıb buna inanırıq. Olmayanda olmayırmış.
Samirə ana nəfəs aldığı hər anını balasını düşünərək yaşadı. Buna yaşamaq demək mümkünsə. Onun yoxluğuyla heç cür barışmadı. Oğluna həm ana, həm ata, həm qardaş, həm bacı oldu. Onsuz da pak və təmiz olan şəhid balasının nəşini əlləriylə yudu, kəfənlədi, nəşi üzərində qan yaş tökərək tabut gələn maşında da onu tək qoymadı. Maqsudkənd qəbristanlığındakı məzarını yer üzündəki cənnətinə çevirdi. Gül-çiçəyə qərq etdi. Səhər-axşam çiçəkləri su ilə, məzar daşını isə göz yaşlarıyla yudu. Məzarını qucaqlayıb yuxuya getdi, saatlarla oğluyla danışdı, ona o qədər sualı vardı ki… Heç birinə cavab ala bilməsə də, əslində bu sualları necə cavablandıracağını bilirdi. Ana, məni bir də dünyaya gətirsəydin, yenə də bu cür olardım. Mən sizə mənə bəslədiyiniz sevgi böyüklüyündə və sonsuzluğunda bir Vətən qoyub getdim. Vətən əmanəti, balam əmanəti…
Anası Samirə, bacısı Səidə, ömür-gün yoldaşı…bütün onu tanıyanlar…sonsuz bir kədər içində şəhidin ruhunu yad edirlər, xatirəsini əziz tutur, əməllərini və qəhrəmanlığını nəsillərə örnək olacaq şəkildə yaşadırlar. Şəhid balalarımıza yaraşan da elə bu cür münasibətdi.
PS: Ömər Ayatov və Osman Rəcəbovdan sonra bu balaca, amma təbiətin cənnət guşəsi olan Maqsudkəndin 3-cü şəhidi sən oldun Səbuhi Hüseynli. Nur içində uyuyun hər üçünüz gül üzlülərim…Cənnətiniz əbədi olsun…Allah bütün şəhidlərimizə rəhmət eləsin…
Əntiqə Qonaq,
əməkdar jurnalist
Müstəqil. az