Şəhid oğlunun sinifdə işlətdiyi cümlə… — Videoreportaj

Şəhid oğlunun sinifdə işlətdiyi cümlə… — Videoreportaj

Adətən, şəhid ailəsində çəkilişə başlayanda, ilk növbədə onun valideynlərinə söz veririk. Bu dəfə durum həm fərqli idi, həm də kədərli.

Çünki Şamaxının Həmyəli kəndindən olan Vətən müharibəsi şəhidi mayor Asif Azayev hər iki valideynini gənc yaşlarında itirmişdi.

Asif Azayevin yadigar qalan üç oğul övladı da atasının şəhidliyindən xəbərsizdir. Sadəcə, böyük oğlu Rəhim bir qədər atasının yoxluğunu dərk edir. Məktəbdən gəlib evə deyir ki, “Sinifdə mənim kimi bir uşaq da var, sadəcə olaraq, onun atası Şuşa qəhrəmanıdır…”

“Qafqazinfo” xəbər verir ki, “3-cü taborun atası” adlandırılan Asif Azayev isə Vətən müharibəsi zamanı tabor komandiri olaraq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzulinin Ələsgərli kəndində döyüşlər zamanı şəxsi heyətlə birlikdə mühasirəyə düşüb. 

Mayor Azayevin döyüş yoldaşları deyir ki, o, sonuncu döyüş tapışırığını yerinə yetirməyə gedərkən qaça-qaça döngədən keçməli imiş. Həmin anda “bircə tez çatsaydıq, bir siqaret çəkib özümüzə gələrdik” deyib, amma çata bilməyib. 12 nəfərdən ibarət zabit və əsgər heyətinin həyatını xilas etsə də, özü düşmən snayperinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Emin Səfərov

Video, foto: Müzəffər İsmayılov


Share: