ÖLÜMÜNÜN ÜSTÜNƏ GÜLƏ-GÜLƏ GEDƏN ŞƏHİD – Rəsul Süleymanlı
Övladını itirmiş atanın,ananın yanında dərdim var deməyin.Çünki bu dünyada övlad itkisindən ağır itki,ağır dərd yoxdur.Bütün dərdlər unudulur ,bütün ağrılar səngiyir,amma övlad itkisinin ağrısı sızıltısı ürəkdə səngimir.Hər dəfə şəhidlərimiz haqqında məqalə hazırlayanda şəhid analarının ürək ağrısı gəlir çökür ürəyimə,nəfəsim daralır.Ancaq Allaha olan sonsuz inancım məni isyan etməkdən yayındırır. Axı onlar sorğusuz –sualsız cənnəti qazanan Allahın ən sevimli qullarıdır.Düzdür hər halda ayrılıq acıdır.Ancaq övladının cənnətdə olması ataya,anaya az da olsa təsəlli verir.
Bu gün haqqında məqalə hazrladığım şəhidimiz Rəsul Süleymanlının ailəsini illər öncədən tanıyırdım.Onun xalası oğlu 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Sərxan Bayramov haqqında məqaləni də mən hazırlamışdım.Şəhidimiz Sərxanın anası Həlimət ana danışarkən onun Allaha olan inancına,vətənə olan məhəbbətinə heyran qalmışdım.Ancaq bu cür böyük ürəyə malik analar qəhrəman oğullar dünyaya gətirə bilərdi.Xala ana yarısıdı deyiblər.
Bizə Qələbə sevinci yaşadan oğulların sırasında Həlimət xanımın bacısı oğlu,bu gün adını qanıyla QƏLƏBƏ TARİXİNƏ yazan, ÖLÜMƏ GÜLƏ-GÜLƏ gedən qəhrəman şəhidimiz Rəsul Süleymanlı da var idi.
Rəsul Kamil oğlu Süleymanlı 2002-ci il yanvarın 19-u Zaqatala şəhərində anadan olub.2008-2017-ci illərdə Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. O 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.Qarabağ müharibəsində snayperçi kimi iştirak edib.Üzündən təbəssüm əksik olmayan Rəsulun o gün simasından ancaq düşmənə qarşı nifrət oxunduğunu deyir yoldaşları.Qorxmadan bir an geri çəkilmədən ilk öndə döyüşən əsgərlərimizdən olan Rəsul Süleymanlı sentyabrın 27-si ağır yaralanaraq şəhadət zirvəsinə ucalır.Oktyabrın 25-i Zaqatala şəhərində xalası oğlu Sərxan Bayramovun məzarının yanında dəfn olunur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev tərəfindən 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edildi.
Həmçinin Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif olunur.
Şəhidimiz Rəsul Süleymanlının anası Günel xanımın oğlu haqqında dediyi fikirləri olduğu kimi qeyd etmək istədim
“Oğlum Rəsul həyat dolu bir uşaq idi .Rəsul hər zaman pozitiv fikirli, gülər üz ,şən ,zarafatçıl biri idi.O hər zaman bizə bacılarına, kiçik qardaşına dayaq durardı.Oğlum Rəsulun həmişə arzusu idiki tanınsın, hər zaman adı dillərdə hallansın ,qısacası unudalmasın .Həqiqətən də o öz arzusunu fərqli bir şəkildə yerinə yetirdi indi onu hamı tanıyır ,adı hallanır , və həmişədə hallanacaq .Rəsulum idmanıda çox sevərdi. Hər bir idman növü ilə məşğul olub .Güclü görünməyi sevərdi.Rəsulum öz gücünü ll Qarabağ müharibəsində də göstərdi və adını öz canını vətən uğrunda fəda edərək qızıl hərflərlə tarixə yazdırdı və ən ali məqama Şəhadətə ucaldı.Oğlumun adı indi bütün qəzetlərdə və hər yerdədir.
ÖLÜMÜNÜN ÜSTÜNƏ GÜLƏ-GÜLƏ GEDƏN RƏSULUM”
Aysel Nəsirzadə
Müstəqil.Az