Ucalan bayrağa baxan var.
Bayrağı öpüb and içən var.
Bayrağı yüksəkliklərə qaldıran var.
Bayrağı bağrında daşıyan var.
Bir də bayrağa bürünən var.
Heç bir bayraq sənin büründüyün bayraq qədər öpülmədi, əzizlənmədi, sevilmədi, Şəhidim!
And içilən də. Ucalan da. Qorunan da.
Sən bayrağı şərəfləndirdin. Bayraq səni.
Səni əzizləyib böyüdən, vətən üçün yola salan ”Balam Vətənə qurbandı!” dedi. Başqa vaxt illərlə göz yaşı axıdası anan səni bayrağa bükülən görəndə ağlamadı.
Vətən borcunu şərəflə yerinə yetirdiyin üçün səninlə qürur duydu. Başını dik tutdu. Çünki sən ölmədin, sən yaşadın.
Yaşayanlar ölümündən sonra yaşayanlardır.
Sən Vətən üçün şəhadətə qovuşdun.
Ucaltmaq istədiyin bayraq qədər ucaldın.
Bu sevginin ən yüksək məqamıdı.
Şəhidlər ölümüylə ucalır.
Torpaq qanla suvarıldıqca Vətən olur. Müqəddəsləşir.
Bayrağın yüksəldiyi yerdi Vətən zirvəsi.
Sən şəhidliyinlə insanlığın, vətəndaşlığın ucala biləcəyi zirvəsən.
Sən tarix yazdın. Tarix səninlə yazılacaq.
Sən millətin, xalqın rahatlığını qanıyla qazananlardansan.
“Qanım sənə halal olsun, Vətən!” deyənlərdənsən.
Vətəni canından çox sevənlərdənsən, Şəhidim!
Sən üzündəki nurla, məğrurluğunla Tanrının seçilmişisən.
Sən Qələbə üçün doğulmusan.
Sinəndə Qələbə üçün gəzdirdiyin Azərbaycan Bayrağı öncə ürək döyüntülərinlə dalğalandı. Sonra yurd havasıyla.
O qüruru yaşamaq nə gözəl!
Sənə bir ömür borcluyuq.
Sən bizi məğlub vətəndaş adından xilas etdin.
Sən torpaqlarımızı geri qaytardın.
Sən bizi biz etdin. Var etdin. Yaşatdın.
Sən bizim qürurumuz, şərəfimizsən!
Sən Vətən sərhəddisən!
Sənin kimi övladı olan Vətən basılmaz.
Alınan yerlərə bayraq sancanlar da qarşında baş əyir, diz çökür. Hamı kimi.
Bundan böyük səadət olarmı?
Şəhidin milləti olmur. Şəhidin Vətəni olur. Vətənin şəhidi olur.
Xalqın çiynində getmək əbədiyyət qazanmaqdır.
Əbədiyyətin mübarək, ŞƏHİDİM!