ŞƏHİDİM – Rəsmiyyə SABİRİN şeiri

Bundan sonra
səsindən
nur yağmayacaq yer üzünə.
Günəşin çöhrəsi
əvvəlki kimi işıqlanmayacaq, Şəhidim…

Bundan sonra
gülüşlərinin hərarəti
isitməyəcək kainatı, Şəhidim…

Bundan sonra
Anan
qurban ola bilməyəcək boyuna.
bacıların
oynaya bilməyəcəklər
sədası gələməyən toyuna, Şəhidim…

Bundan sonra
göz yaşları yuva salacaq
Atanın üzünün qırışlarında…

Bundan sonra
bir qızın
arzusu yox,
yuxusu çin olacaq.
Məzarın üstündə
salxım söyüdlər
saçını yolacaq, Şəhidim…

Bundan sonra
məğrur addımların
sevindirməyəcək torpağı, Şəhidim…

Bundan sonra
“Dözüm” səbrini yoracaq
yolunu gözləyənlərin, Şəhidim…

Bundan əvvəli var…
Bundan sonrası yoxdur, Şəhidim…
Bundan sonrası yoxdur, Şəhidim…

Share: