Şeirimi səsləndirib göndərmişdi. İfasını çox bəyənmişdim. Elə dinləyənlərin hamısı bəyənmişdi. Qətiyyətli səsi kimi də möhkəm iradəsi, yenilməz əqidəsi var. Dedi, “Gedəcəyəm” və getdi.
Biz onu şair, aktyor, qiraətçi kimi tanımışdıq. 44 günlük vətən müharibəsi onu bizə həm də cəsur döyüşçü kimi tanıtdı. O, qələmi silahla, səhnəni səngərlə əvəz edən, mərmi tüstüsüylə yazılanları güllələrin müşayiəti ilə qiraət edən, düşmənə vurduğu zərbələrlə zəfər salnaməmizə öz adını yazan Oğuz Alparslandır.
O, 1986-cı il may ayının 11-də Cəlilabad rayonunda anadan olmuşdur. Orta məktəbi rayon məktəbində oxumuş, oranı bitirdikdən sonra Atatürk Universitetinə daxil olmuş, “Halkla ilişkiler ve tanıtım” fakültəsində təhsil almışdır.
Oğuz Alparslan həm də fərdi evlərdə usta kimi çalışır. Elə müharibə başlayanda da bir zabit dostunun evinin təmiri ilə məşğul idi. Amma işini bitirə bilmədi, vətənin ona daha çox ehtiyacı olduğunu düşünüb dostunun evdən çıxmağını gözlədi, işini yarımçıq saxlayıb oradan hərbi komissarlığa yollandı. Hərbi komissarlıq binasının önündə dediyi şeirlə sanki düşmənə meydan oxuyurdu:
“Mən Türkəm! Əyilməz önümə başım,
Odlar diyarının balasıyam mən.
Qılıncdır, qalxandır mənim yoldaşım,
Mərdliyin yenilməz qalasıyam mən,
Türkəm mən!
Elim Oğuz eli, milliyətim Türk!
Yurdum Azərbaycan! Köküm, soyum Türk !
Anam Türk, babam Türk,
Türk oğluyam, Türk!
Türkəm mən!
Al qana boyanan al bayrağım var,
Sinəmdə döyünən qurd ürəyim var,
Mənim bükülməyən türk biləyim var,
Türkəm mən!
Bozqurdam, sözümün ağasıyam mən,
Şimşəktək gurlayıb çaxasıyam mən,
Dönüb Qarabağın yanan köksünə,
Yurdum Xocalıya yağasıyam mən!”
Döyüşə Füzuli istiqamətindən başlayan əsgər artıq iki gün sonra Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edirdi. Gərgin döyüşlərin getdiyi “Cəhənnəm dərəsi” adlanan yerdə döyüşçülər üç gün mühasirədə qalırlar. Düşmən onları ağır artilleriya silahlarından atəşə tutur, oradan çıxmağa imkan vermirdi. Lakin buna baxmayaraq onlar yenə də hücum edir və mühasirədən çıxmağa çalışırdılar. Nəticədə həmin dərədən çıxır və böyük bir zirvəni azad edirlər.
Hücuma hazırlaşdıqları vaxt düşmən yenə də onları mərmi atəşinə tutur. Bu vaxt beynində güclü uğultu duyan Alparslan yaralandığını zənn edir. Düşünür ki, ayaqlarını itirib və artıq şəhadətə yüksəlməyin vaxtıdır. Ayağını tərpətməyə cəhd edir və alınır. Xoşbəxtlikdən qəlpə ondan yan ötmüşdü. Təzyiq onu qaldırıb qayaya çırpmış, belini zədələmişdi. Amma buna baxmayaraq o, hospitala getməkdən imtina etmiş və yoldaşları ilə döyüşə davam etmişdi.
Hər saat, hər gün irəliləyən döyüşçülər artıq düşməni qovaraq Cəbrayıldan çıxarmağa nail olmuşdular. Cəbrayılın bütün zirvələrində ayaq izi olan igidlər Qubadlı şəhərini də düşməndən azad edirlər. İgid əsgərlərin şücaəti sayəsində hər gün yeni zirvələr azad olunur. Amma qarşıda hələ də azad olunmamış ərazilər var idi. Ona görə də dayanmadan irəli getmək lazım idi. Qubadlının Ermənistanla sərhəddində olan yüksək bir zirvəyə qalxmaq üçün təxminən 6-7 saat lazım oldu. Gecə düşmən xəlvət hücuma keçdi. Döyüşçülər taktiki geri çəkilmə əmri aldılar. Səhərə yaxın ermənilərin aldıqlarını hesab etdikləri həmin əraziyə hücum olundu və onların xeyli sayda hərbi və canlı qüvvəsi məhv edildi.
Həmin zirvədə atəş səngimirdi. Düşmən heç vəchlə bu yüksəkliyi əldən vermək istəmirdi. Lakin onun bütün cəhdi boşa çıxdı və ağır məğlubiyyətə uğrayaraq geri çəkildi.
Bu gərgin döyüşlərdə verilən itkilər döyüşçüləri məyus etsə də, azad olunan torpaqların sevinci onları daim qələbəyə ruhlandırırdı. Nəhayət, elə həmin yüksəklikdə də qələbə xəbərini eşidirlər.
Qələbədən sonra bir neçə gün Hadrutun mühafizə və müdafiəsində dayanan əsgərlər sonra Şuşaya doğru yol alırlar.
Daşaltı, Tuğ, Qırmızı bazarın mühafizə – müdafiəsindən sonra Taqavardda dayanırlar. Xocavənddə təxminən 20 gün olan Oğuz Alparslan ordudan tərxis olunma xəbərini eşidir. Dekabr ayının 28-də Tuğa, oradan da Beyləqanda yerləşən N saylı hərbi hissəyə göndərilən qalib əsgər zəfər sevinci ilə sevdiklərinin yanına yollanır.
Ondan qələbə təəssüratını bizimlə bölüşməyini istəyəndə bu hissi heç cür izah edə bilməyəcəyini söylədi Oğuz Alparslan. Lakin bu zəfər sevincini bir ömür fəxarət hissi ilə duyacağını qürurla qeyd etdi: “Mən sözün əsl mənasında xoşbəxt adamam ki, vətən borcumu yerinə yetirdim, Qarabağın azadlığı uğrunda mən də mübarizə apardım və bu zəfərdə mənim də payım oldu. 44 günlük zəfər tarixinin səhifələrində adımın olması bir ayrı qürurdur.
Şəhid olan döyüş yoldaşlarımın xatirəsi əbədi olaraq qəlbimdə yaşayacaq. Onların cismi torpağa dəfn oluna bilər, lakin xatirələri bizim qəlbimizdədir!
Ən önəmlisi isə biz gələcək nəsillərə azad Qarabağı miras qoyacağıq. Bunun fərəhi isə tam başqadır”.
Dəyərli qələm dostum, şeirlərində vətən sevgisini aşıladığın kimi əməlində də bunu nümayiş etdirdin. Sizin azad etdiyiniz torpaqlarda vətən övladları sevinclə gəzib dolaşacaq, sənə və silahdaşlarına ürəkdolusu təşəkkür edəcəkdir. Otuz il həsrətində olduğumuz, qovuşmağa can atdığımız torpaqlarda yenidən yaşaya bilmək imkanını bizə verənləri daim hörmət və sevgiylə xatırlayacaq, onların adını hər zaman qürurla çəkəcəyik.
Oğuz Alparslan “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.
Sevil Gül Nur
Müstəqil.Az