“Çətin oyun oldu. Buna baxmayaraq qələbə qazandıq”. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının 2-ci turunda “Şəki”ni 84:71 hesabı ilə məğlub edən “Sərhədçi”nin baş məşqçisi Vladimir Boşnyak deyib.
O, mövsümdə ilk qələbələrini şərh edib. Serbiyalı mütəxəssis bildirib ki, çatışmayan cəhətləri aradan qaldırmaq üzrərində işləməlidirlər: “Cəbrayıl Əkbərov, Ben Stivens, Dmitro Juravlov haqqında xoş sözlər demək olar. Cekson Rid 30 xal qazandı və bu mükəmməldir. Lakin bəzi səhvlərimiz var və onların üzərində işləməliyik. Çatışmayan cəhətləri aradan qaldırmalıyıq. Əgər bütün şanslarımızdan istifadə etsəydik, 20 xal fərqlə qalib gələrdik”.
Boşnyakın sözlərinə görə, komanda inkişaf mərhələsindədir: “Daha yaxşı oynamağa çalışmalıyıq. Hələ ki, öyrənməyə davam edirik. Oyunlarımızdan dərs götürməliyik. Meydanda daha da yaxşı olmalıyıq. “Şəki” ilə matçda isə yaxşı idik”.
Qeyd edək ki, 2 turdan sonra 3 xalı olan “Sərhədçi” 4-cü pillədə yer alıb. “Şəki” isə 2 xalla sonuncudur.