Şəkidən Bakıya gətirilən və xəstəxanada ölən uşaqla bağlı — Araşdırma aparılır

Şəkidən ağır vəziyyətdə Bakıya gətirilən və bir neçə gündür Kliniki Tibbi Mərkəzdə müalicə olunan 4 aylıq Ayla Mövlamlı ötən gün vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə uşağın yaxını, jurnalist Almaz Qasımova sosial şəbəkə hesabında yazıb.

A.Qasımovanın sözlərinə görə, körpəni əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, xəstəxanadan növbətçi həkimin olmadığı bildirilib: “Körpə xəstələnib, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Axşam növbətçi həkimi axtarıblar, deyilib ki, həkim yoxdur, xəstəxanada həkim çatışmazlığımız var. Bir neçə gün ərzində həmin xəstəxanada bir neçə uşaq vəfat edib. İlkin müdaxilə yox, edilən müalicələr də yanlış…”

O qeyd edib ki, sonra uşağı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, vəziyyəti ağır olan körpə xəstəxanada vəfat edib.

Problemlə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 11 iyun 2023-cü il təvəllüdlü Ayla Mövlam qızı Mövlamlı oktyabrın 22-si saat 20:22 radələrində ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: “Kəskin respirator virus infeksiyasının ağırlaşması diaqnozu” qoyulan xəstəyə ilkin zəruri tibbi yardım göstərilib. Xəstə daxil olarkən vəziyyəti çox ağır, bədən hərarəti 38-38,5 dərəcə, febril qıcolma tutmaları müşahidə olunub. Xəstənin vəziyyətinin ağırlıq dərəcəsi nəzərə alınaraq oktyabrın 23-də səhər saat 09:00 radələrində İntensiv terapiya və reanimasiya şöbəsinə köçürülüb, zəruri tibbi müdaxilələr aparılıb və rentgen müayinəsində hər iki ağciyərdə pnevmoniya aşkarlanıb. Eyni zamanda pnevmoniyanın ağırlaşması kimi “toksik ensefalopatiya” diaqnozu qoyulub.

Xəstəni yaxınları Bakıya təxliyə etmək istəsələr də, qıcolmaların intensivliyinin çoxluğu səbəbindən 23 oktyabrda təxliyəni həyata keçirmək mümkün olmayıb”.

TƏBİB-dən bildirilib ki, ölüm faktı ilə əlaqədar komissiya araşdırmalara başlayıb: “A. Mövlamlı oktyabrın 24-ü saat 17:45 radələrində vəziyyəti nisbətən stabilləşəndən sonra uşaq Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının İntensiv terapiya şöbəsinə təxliyə edilib. Aparılan müayinələrdən sonra azyaşlıda yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyaları, ikitərəfli bronxopnevmoniya, septiki şok, ağciyər ödemi və baş-beyin ödemi, ikincili koaqulopatiya diaqnozu qoyularaq müvafiq müalicə təyin olunub. Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilmədiyi üçün bir gün sonra süni tənəffüs aparatına qoşularaq müvafiq intensiv-reanimotoloji tədbirlər görülüb. Lakin həkimlərin səyinə baxmayaraq, Ayla Mövlamlı oktyabrın 27-si saat 09:25-də Reanimasiya şöbəsində vəfat edib.

Əlavə olaraq bildiririk ki, ölüm faktı ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Tibb müəssisələrində uşaqlar arasında baş vermiş ölüm hallarının təhlili və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə” Komissiyada araşdırma aparılır”.


Share: