Səkkizinci sinif şagirdi niyə intihar etdi?

Kulis.az İlkin Füzulinin “Yeniyetmələr niyə intihar edir?” adlı yazısını təqdim edir.

XXI əsr intihar və depressiya əsridir!

Ümumdünya Psixatiriya Təşkilatı

Müasir dövrdə o qədər anormal situasiyalarla rastlaşırıq ki, bilmirsən, hansının dərdini çəkəsən. Kimi dindirirsən öz həyatından şikayətlənir, kimə salam verirsən dərdi açılır. Qınamalı da deyil camaatı. Dolanışıq sıxıntısı, ailədaxili münaqişələr, şəxsi münasibətlərdə yaranan müəyyən çətinliklər adamı, həqiqətən, bezdirir.

Amma indi bizim daha böyük bir gileyimiz var. Yəqin ki, son vaxtlar ölkədə intiharların artması hər kəsi narahat edir. İşin acınacaqlı tərəfi isə bu xoşagəlməz halların yeniyetmələrdən də yan keçməməyidir.


Sözü çox uzatmadan keçək əsas məsələyə:


Salyan şəhərində 8-ci sinif şagirdi intihar edib.


Doğrudan, çox dəhşətli bir hadisədir. Faciədir… 8-ci sinif şagirdi niyə özünü öldürsün ki?! Onu belə bir işə nə təhrik edə bilər?! Heç o, bəlkə də, intiharın mahiyyətini belə tam dərk edə bilmirdi.

Düşünürəm ki, insanın özünə qəsd etməsi üçün də həyatı düzgün qavraya bilməsi vacib nüansdır. Biz o yaşlarda olarkən ən böyük dərdimiz dostlarımızla birlikdə bir az daha artıq vaxt keçirmək arzusu idi.

İnsanlar nə vaxt intihara təşəbbüs göstərirlər? Gəlin, bu sual ətrafında fikirlərimizi aydınlaşdırmağa çalışaq.

Bu məsələ ilə əlaqədar yaxın dostum, psixoloq Səid Əli ilə söhbətim zamanı intiharların baş vermə səbəbləri ilə bağlı maraqlı fikirləri diqqətimi cəlb etdi. İstəyirəm, gəldiyim qənaətlərli sizinlə də bölüşəm.

Deməli, Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, dünyada hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il 800 min insan həyatını itirir. Bəs insanlar niyə intihar edirlər?

Araşdırmalar göstərir ki, psixi xəstəliklər, sosial‐psixoloji, bioloji səbəblər, genetik yaxınlıq, fiziki xəstəliklər intiharın əsas səbəbləridir. Depressiya, şizofreniya (intihar edənlərin 10%-də şizofreniya halları müşahidə olunur), spirtli içkilərdən istifadə, narkotik maddələrdən asılılıq, şəxsiyyət pozuntusu, yüksək həyəcanlılıq, sosial səbəblər intihara səbəb olan psixi problemler sırasındadır.

İntihar hallarının artmasını daha çox sosial problemlərlərlə əlaqələndirmək də düzgün deyil. Çünki bu gün dünyanın “ən xoşbəxt ölkələri” sırasına daxil olan dövlətlərdə intihar halları pik səviyyədədir. İsveçrə də belə ölkələrdən sayılır, amma intihar hallarına görə dünyada birinci yeri tutur.


Ölkəmizdə baş verən intiharların kökündə isə müəyyən məsələlər dayanır: maddi problemlər, ətrafdakı insanlardan mənəvi təzyiq görmək, ailə üzvlərinin vəfatından sonra yarana biləcək tənhalıq duyğusu, özünəqapanma, depressiya halları, ali məktəbə qəbul ola bilməyən abituriyentlərə qarşı göstərilən psixoloji təzyiqlər, yaş dövrü ilə əlaqədar valideynlərin övladlarının saç düzümünə, geyiminə həddindən artıq qarışması, sevgilisindən ayrılan yeniyetmələrin düşdüyü affekt halından xilas olmaq istəyi.


Əlqərəz, biz baş vermiş hadisəyə xeyli səbəblər göstərə bilərik. Amma el arasında deyirlər: “olmuşla ölmüşə çarə yoxdur”. Hadisə baş verdikdən sonra səbəblər axtarmaq, hansısa arqumentlər gətirmək, şübhəsiz, gedəni geri qaytarmır, lakin gələcəkdə belə situasiyaların baş verməsinin müəyyən mənada qarşısını almaq mümkündür. Elə bizi də düşünməyə sövq edən məhz bu sualdır? “Necə edək ki, kütləvi intiharların qarşısı alınsın?” Düzü, bu, çox taleyüklü bir sualdır.

Mənim fikrimcə, intiharların – xüsusilə, yeniyetmələr arasında baş verə biləcək özünə qəsd hallarının qarşısını almaqda ən böyük vəzifə yenə valideynlərin üzərinə düşür. Əvvəla, onlar çalışıb övladları ilə dost olmağı bacarmalıdırlar. Uşağın, bəlkə, bir dərdi var? Bəlkə, bir sıxıntısı, problemi var? Bəzi valideynlər tanıyıram ki, ailədə elə diktatura rejmi qurublar ki, uşaq nəinki öz dərdini bölüşmək istəmir, hətta ağzını açıb bir kəlmə belə deməyə çəkinir. Onlardan soruşmaq lazımdır ki, nədir sizin məqsədiniz!? Hansı missiyanı yerinə yetirməyə çalışırsınız axı!? O da yüz faiz deyəcək ki, “uşağa üz göstərəndə başına çıxar, uşaq kimdənsə qorxmalıdır, çəkinməlidir…”. nə bilim nə.

Bunlar boş şeylərdir. Xüsusən də, bəzi orta əsr təfəkkürlü insanlar hələ də uşağı döyməklə tərbiyə etməyi düşünürlər. Ya da orta məktəblərdə şagirdi cəzalandırıb qapaz altı etməklə hansısa müəllim onu tərbiyə edəcəyini, yeni nəsə öyrədəcəyini düşünürsə, məncə, yanılır! Təəssüf ki, belə hallara bölgələrdə daha çox rast gəlinir. Hələ ağlayan uşağı sakitləşdirmək üçün onu təzədən it balası kimi döymək, yəqin ki, başqa mentalitetlərdə yoxdur. Belə “tərbiyə metodu”ndan yalnız bizdə istifadə olunur.


Açığı, mən də bəlli bir yaş dövrünə kimi müəyyən təzyiqlər altında böyümüşəm. Lakin bunun heç də mənim gələcəyim üçün uğurlu olduğunu söyləyə bilmərəm. Hətta indi 22 yaşım var və hərdən fikirlərimi açıq ifadə etməkdə çətinlik çəkir, özümə qapanır, depressiyaya düşürəm və s.

Sizi çox yormadan sözümü yekunlaşdırım. Sonda yenə qeyd edirəm ki, uşaqları, yeniyetmələri və gəncləri düzgün tərbiyə etmək, onları həyatdan soyutmamaq, intihar və digər xoşagəlməz əməllərdən çəkindirmək üçün müəllimlər, valideyinlər və digərləri onlarla dost olmağı, həyatı sevdirməyi, dərdlərini, fikir və düşüncələrini dinləməyi, onları bir şəxsiyyət kimi qəbul etməyi və formalaşdırmağı bacarmalıdırlar. Yalnız bu üsullarla onların arasında sözügedən arzuolunmaz hadisələrin qarşısını almaq mümkün ola bilər.

Share: