Səlim Babullaoğlu fəaliyyətinin 50 illik xəritəsi

Səlim Babullaoğlu fəaliyyətinin 50 illik xəritəsi

Bu gün şair, tərcüməçi Səlim Babullaoğlunun 50 yaşı tamam olur.

Kulis.az Fərid Hüseynin Səlim Babullaoğluna ithafən yazdığı “Ədəbiyyətdən azalan yarım əsr…” adlı yazını təqdim edir.


Elə insanlar var ki, onların yaşını öyrənəndə, nə qədər ömür etdiyini biləndə dərhal öz yaşının da fərqinə varırsan. Bu məqam ancaq o zaman olur ki, həmin insanın yaşamının böyük bir parçası gərək səninlə birgə keçə, haçansa həmin adamla həyat yolunda bərabər yürüyəsən. Şair Səlim Babullaoğlunun 50 yaşı tamam olur və mən həmin rəqəmin fərqinə varanda sovuşan illərin necə keçdiyini, zamanın hansı yollarla bu günə adlandığını və bu illər ərzindəki öz obrazımı, ömür yolumu da görmüş, bütün bu olub-keçənlərin mahiyyətini istər-istəməz duymuş oluram.

Səlim Babullaoğlu ilə 15 ildir ki, yaxın dostam, onu özümə həqiqi qəlb yoldaşı, böyük qardaş hesab edirəm. Səlim bəyin Azərbaycan ədəbiyyatına etdiyi xidmətlər həddən ziyadə çoxdur və nə yaxşı ki, onun özü təvazökarlıqdan dolayı heç zaman bu bəhrələrinin fərqində olmayıb. Mən ondan bir sıra məqamlarda vacib məsələləri öyrənmişəm, ən əsası da onu əxz eləmişəm ki, o, heç zaman uğurlarının yanında dayanmayıb, həmişə onları dərhal aşıb – bir işi bitirən kimi, başqa bir vacib ədəbi məqsədin ardıyca tələsib.

Nə acı ki, mən Səlim bəyi həmişə “dar köynəkdə”, “kip libasda” görmüşəm: bizim reallığımız, bəzən ədəbiyyat adamlarının xırdaçılığı, məişətimizin amantanımaz zorbalığı Səlimin geniş düşüncəsinə uyğun olmayıb, gerçəkliyimiz zaman-zaman onu boğub, sıxıb. İlk baxışdan bir çox işlərin başında olan, ədəbiyyatın önündə gedən, naz-nemətini hamıdan çox dadan biri kimi görünsə də, əslində, hər zaman aza qane olan, işin qazancından çox cəfasına yiyələnən biridir o.

Səlim bəyin ömrü böyük bir adlar qalereyasıdır, onun tərcümə etdiyi, Azərbaycana tanıtdığı, sevdirdiyi isimləri bir şəhərə toplamaq olsaydı, azı bir xudman kəndin əhalisindən az etməzdi, yaxud gördüyü işlərin coğrafiyasını tərtib etmək mümkün olsaydı, Səlim bəyin fəaliyyətinin xəritəsi heç də kiçik bir mənzərə yaratmazdı. İllər ötdükcə kimlərinsə başqalarına qarşı ayaqaltı qazmalarının, sinədən itələmələr şahidin olduqca, naqis işləklərin sahiblərini gördükcə onların əməlini belə ümumiləşdirirəm: “Azərbaycanı sevmir”. Məsələn, kimsə özünə xeyir, xalqına başıaşağılıq gətirən bir iş gördükdə dərhal könlümün tərəzisi yellənir və bir-birinə dəyən çəki daşlarından bu “sədalar qopur”: “Azərbaycanı sevmir”. Səlim bəy mədəniyyətimizə və ədəbiyyatımıza xidmətləri ilə Azərbaycanı böyük məhəbbətlə sevdiyini ömrünün ifadəsi kimi təsdiqləyir.

Səlim bəyin yaratdığı “Dünya ədəbiyyatı”, “Kitabçı” jurnalları ədəbi mətbuat tariximizin dəyərli səhifələridir. Hərdən o jurnalların ciddiyyətinə, tematik mahiyyətinə baxanda və indiki bir sıra qeyri-ciddi, basmaqəlib jurnalların, qəzətlərin sırasını görəndə, elə bilirəm ki, o dərgilər bizim ədəbi reallığımıza başqa bir aləmdən gətirilib. Haçansa ədəbi mətbuatımızın bu gününü araşdıran cəfakeş tədqiqatçılar, nə zamansa dünəndə qalmış gərəkli işləri ortaya çıxaracaq həqiqətpərəst elm adamları həmin jurnallara diqqətlə nəzər salanda bizəxas təəccübü hökmən onlar da haqlayacaq. Düşünəcəklər ki, zövqsüzlüyün, yerlibazlığın at oynatdığı bu dövrdə Səlim Babullaoğlunun rəhbərlik etdiyi heyət hansı ciddi işlərlə məşğul imişlər və kimlərin əsərlərini

Azərbaycan dilinə qazandırıb, xalqda necə zövq aşılayırmışlar.

Səlim Babullaoğlunun uzun illərdir ki, İosif Brodski, Boris Pasternak, Ceslav Miloş, Radomir Andriç, Jorj Ponti, Gərus Əbdülməlikyan, Luiza Qlük, Şota İatavşili və sair onlarla tərcümə etdiyi, yaxud çapa hazırladığı kitabları gənc yazarlarda yeni zövq aşılayan “inqilab vərəqələri” hesab edirəm. Çünki həmin mətnlər nə qədər gənc yazarın ədəbi menyusuna yeni adlar, dürlü-dürlü zövq tamları əlavə elədi. Çağdaş şeirin dəyişimində o mətnlərin də təbii ki, öz rolu oldu.

Səlim müəllimin əkillərə yazdığı şeirlərdən ibarət “İlyas Göçmənin şəkil dəftəri” kitabı, yaradıcı insanlarla bağlı röyalarından toplanan “Ədəbi yuxular”ı, qrafik esseləri, aylara həsr etdiyi şeirlər – “Poetik təqvim” silsiləsi, “Əlifbaya əlavə” əsəri onun fərqli düşüncə tərzini ortaya qoyan, eksperimentlərə açıq zövqündən xəbər verən nümunələrdir. O mətnlər sonradan bir sıra yaradıcı adamın ədəbi axtarışlarını sürətləndirdi, onları cəsarətləndirdi.

Şair Qismətin, mənim və başqa onlarla şairin şeir zövqünün formalaşmasında, yaradıcı dəsti-xəttinin oturuşmasında Səlim bəyin poeziyasının və ədəbi fəaliyyətinin izləri duyulmaqdadır. Sıralarımızda zaman-zaman bu müsbət impulsları danan, özünü əlahiddə istedad kimi qələmə verənlər tapılsa da, hər halda həqiqət həqiqətliyində qalır.

Səlim bəy bir sıra məqamlarda nəinki özündən sonrakı şairlərə, zamanında onun poeziyasına dodaq büzən şairləri də öz yaradıcılığı ilə təsirləndirə bildi, onlar sonradan Səlim tipli şeirlər qələmə aldılar, amma “həsəd qalasını” aşa bilməyərək bunu etiraf etməyə gücləri çatmadı. Əksinə zaman-zaman Səlim müəllimə tənə oxu yağdırmaqla “bənzəyiş köynəkləri”ni guya özlərini yaraşdırmadılar. Amma yazıya pozu yoxdur: Necə deyərlər, sözlər uçur, yazı qalır.

Səlim Babullaoğlu həm də beynəlxalq miqyaslı tədbirləri həyata keçirən əvəzsiz təşkilatçıdır. Azərbaycanda ilk dəfə beynəlxalq poeziya festivalı, təşəbbüsü onun adı ilə bağlıdır. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən görkəmli ədiblərin ölkəmizə dəvət olunması, onlarla canlı ünsiyyətin təşkili, əsərlərinin imza mərasimlərinin düzənlənməsi və sair kimi yaddaqalan ədəbi işlər hər zaman qədirbilən söz adamlarının və ədəbiyyatsevərlərin xatirəsində yaşayacaq.

Həyatının ən ağır dönəmlərini, təbədüllatlı və nagüman dörd ilində Səlim müəllim mənə dayaq olub. Ağır psixoloji gərginlik yaşadığım anlar olub. Həmişə Səlim müəllim mənim yanımda olub, heç zaman dəstəyini əsirgəməyib, xeyirxahlıqlarını səngitməyib. İllər keçir və mənim bu xeyirxahlıqlara qarşı minnətdarlığım daha da artır, nələrin baş verdiyinin zaman-zaman fərqinə varıram. Mən susanda belə birgə rəsmlərimiz, işlərimiz danışır…

Bir müddət yalnız ümumi söhbətləri bölüşə biləcəyim yaradıcı insanların əhatəsində olandan sonra Səlim müəllimlə görüşlərimizin birində şeirlər oxuduq, yeni tərcümələrimizdən danışdıq və gecə evə qayıdanda anladım ki, sən demə, xeyli vaxt imiş ki, mən özümü görmürəmmiş, ruhumdan uzaq düşmüşəmmiş. Elə insanlar var, ki, biz onlar vasitəsi ilə özümüzü tapmış və dərk etmişik, həmin insanlardan uzaqlaşanda, əslində, ruhumuzdan da aralanırıq. Həmin görüşdən sonra Səlim müəllimə bağlılığımı bir daha dərdindən duydum və həqiqətin aynasında mənəvi varlığımı başdan sona seyr edərək gerçəkliyi anladım.

Səlim bəyin 50 yaşı tamam olur, o, ömrünü dolu-dolu yaşayıb. Dünyada Azərbaycan ədəbiyyatını bacardığı qədər tanıdıb, ədəbiyyatımızı cahanın əksər aparıcı dillərində yaymağa nail olub, bundan savayı özü də dəyərli əsərlər, şeirlər yaradıb və Azərbaycan kitabxanasının böyük bir guşəsində onun yaratdıqları gələcəkdə də sərgilənəcək, oxunacaq.

Mən bir sıra ölkələrdə Səlim bəyin çıxışlarını görmüşəm, dünya tərəfindən danışıqsız qəbul edilən istedadlarla ünsiyyətlərinə şahidlik etmişəm və heç zaman onda zəiflik müşahidə etməmişəm. O, həmişə Azərbaycanı tərəf kimi təmsil etməyi bacarıb. 44 günlük Vətən savaşında da, ondan sonrakı dönəmdə də Vətənimizin gerçəkliklərini dünyaya şərəflə çatdırıb və beynəlxalq nüfuza malik ədibləri ölkəmizə dost etməyi bacarıb. Və bütün sadaladıqlarımın pəncərəsindən onun yaşadığı həyat yoluna baxanda fərəhli ömür və əməl mənzərələri görünməkdədir…

Ömür mənzərələrinizin səfalı yerləri, görünümlü guşələri əbədi olsun, əziz Səlim müəllim.

Share: