Əmək və əhalinin sosial müdafiə nazirliyi yanında dövlət tibbi ekspertiza və reabilitasiya xidmətinin “Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatı”nda xəstələr fəryad edir. Buna səbəb pansionatdakı şəraitsizlikdir.
Moderator.az -ın əməkdaşı dünən adı çəkilən pansionatda olub və xəstələrlə görüşüb.
Pansionatda ən böyük problem bu müalicə mərkəzinin uzun müddətdir ki, təmirsiz olmasıdır. Nəmişlik və üfunət iyindən bura gələn sağlam adam xəstəlik tutar. Qalmışdı ki, əlilliyi olan şəxslər gəlib burda müalicə alsınlar. Xəstəxananın koridorunda döşəmə və divarlar dağılmış vəziyyətdədir. Döşəmənin eybini örtəm üçün yerə köhnə xalçalar sərilib. Hələ xəstələr müalicə otaqlarının daha da bərbad vəziyyətdə olduğunu bildiriblər. Bundan başqa xəstələrin qaldığı otaqlarda da eyni vəziyyətdi. Bir sözlə pansionatda natəmizlik hökm sürür.
Əməkdaşımıza xəstələr tərəfindən verilən məlumata görə pansionata sabiq nazir Səlim Müslümovun vaxtında hökümət tərəfindən təmir üçün vəsait ayırlsa da, çox təəssüflər olsun ki, heç bir təmir işi aparılmayıb. Pansionatın bircə yenilənən liftləridir. Ümid edirik ki, yeni nazir Sahil Babayev tezliklə bu problemləri aradan qaldıracaq. S.Babayev bu yaxında nazirliyin Respublika Əlillər Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəka Müalicə Pansionatında xəstələrlə görüşərək, burdakı şəraitin yaxşılaşdırılacağını bildirib.
Moderator.az-ın əməkdaşının Şağan pansionatından görüntüləri sübut edən fotolarını təqdim edirik.