Səmərqənd Bayramov kimdir 

Səmərqənd Bayramov kimdir 

Heç göyüzü boyda bulud kimi hiss etdinizmi özünüzü? Sonra da ağlagəlməz bir səadətin yağışı oldunuzmu? İkinci savaşda qazanılan qələbənin sevinc yağışı kimi. Göy üzünün hər yerindən yağdı üstümüzə. Bu sevincdə ağrı da az deyildi. Ürəyin, beynin çəkə bilməyəcəyi ağrını yaşadınızmı?

Şəhidlər verdk. Amma torpaq azadlığı uğruna savaşırsansa, qurban verəcəksən. Nə yazıq ki, yer üzünü müharibələrdən xilas etməyi bacarmırıq. Müharibənin də öz yağışı var: qan rəngli güllə yağışı. Kim deyir ki, yağış rəngsizdi?

Mən elə bilirdim ki, yağışın rəngi olmur,

Demə hər bir yağışın özünün rəngi olur…

Sevinəndə rəngi bir başqadı yağışın, dərdli olanda bir başqa. Mən Səmərqənd Hənif oğlu Bayramovla tanış olanda bir daha bunu hiss etdim.

Səmərqənd haqqında İkinci savaşın qəhrəmanlarından olan kapitan Şahnur Hüseynov haqqında yazarkən tanış olduğum, vətən sevgisinə heyran qaldığım Füzuli rayon Mahmudlu 2 kənd məktəbinin direktor müavini, riyaziyyat müəlliməsi Narınc Məmmədovanın söhbətlərində eşitdim. Nə hisslər keçirdiyimi təsəvvür edə bilməzsiz. Çox ağır oldu…Onu tanımaq və tanıtmaq istəyirdim. Bir müddət bacarmadım, cəsarətim, iradəm yetmirdi elə bil…

Onun yaşadıqlarını hansı sözlərlə ifadə edə bilərdim ki?…

Kimdi Səmərqənd Hənif oğlu Bayramov?

Füzuli rayonu Mahmudlu2 kəndinin sadə bir sakini, yurdunun vətəndaşıdı.
Atası Hənif kişi sovet dönəmində Nəriman Nərimanov adına kolxozda baş mühəndis işləyərkən dövlət xətti ilə Səmərqəndə taxıl biçiminə göndərilib. Səmərqəndi çox sevən Hənif Bayramov 1958-ci ildə dünyaya gələn oğluna Səmərqənd adı verib.
Səmərqənd Bayramov Mahmudlu 2 kənd məktəbini bitirdikdən sonra Bakı Sənaye Pedaqoji texnikumunun Mülki tikinti fakültəsində təhsil alır. 1979- cu il məzunudur.

Təhsilini başa vurandan sonra öz doğma kəndində dülgərlik edir Səmərqənd.

“Zəhmətkeş ailədə böyüyüb. Həmişə öz zəhmətiylə dolanıb. Çox mərd kişidi”-deyir kənd camaatı.
Birinci savaşda ermənilərdən bu namərdliyi, bu vəhşiliyi gözləməyib. “Belə dəhşəti gözləmirdim. Ermənilərin ərazi iddiaları, namərdlikləri haqda eşitmişdim, məlumatım vardı. Amma bir var kitablardan oxuyursan, eşidirsən, bir də var yaşayırsan. İki savaşın da canlı şahidiyəm. Çox ağırdı bütün bunları yaşamaq…Birinci savaşda döyüşlərdə az iştirak etmişəm. Çünki heç imkan olmurdu. Yaralıları daşıyırdıq, xəstəxanalarda olurduq, döyüşçülərə yardım edirdik bütün günü. Dəhşətli günlər yaşadıq. İllərdi güllə səsində böyüyür bizim uşaqlar”.

Səmərqənd kimi bütün kənd sakinləri bu dəhşəti illərdi yaşayır. İllərdi o yerlərdə güllə səsi ara vermir.
Nə qədər şəhid gördü bu torpaq, ilahi…

Xatirələri çox ağırdı. Vətən yanğısı ilə yaşayanların xatirəsi çox ağırdı. İkinci savaşda yaşadıqlarını da danışa bilmir Səmərqənd. Heç mən də danışa bilmirəm, yaza bilmirəm. Amma istəyirəm kənd sakinlərinin, yaxın ətrafının tanıdığı bu adamı siz də tanıyasız. Hamı savaşda “bunu eləmişəm, onu eləmişəm” deyə hay-küy sala bilmir. Müharibənin ağrılarını içdən yaşayanlar qaraqışqırıq salmır əslində. “Elə oğullar itirdik ki! Amma torpağımızı azad etmək üçün canımızdan keçməyə hazır idik. Biz medal, ya ev üçün döyüşə getməmişdik” deyən onlarla döyüşçü, qazi ilə söhbətləşmişəm.

“Müharibədə ancaq qələbə haqqında düşünürsən. İkinci savaşda döyüşə də gedərdim. Döyüşmək, yaşadığımız acıların qisasını almaq istəmişəm həmişə. Döyüşçü yaşım keçib. Amma əlimdən gələni etməyə hazır idim. Qismət bu imiş: Şəhidləri yola salmaq…” Araya qəribə – bütün sözlərdən, bütün təsəllilərdən ağır bir sükut çökür. Nə o danışa bilir, nə mən sual verə bilirəm…

– Sentyabrın 27-də kənd məscidinə getdim. Şəhidlər gəlirdi artıq. Onları layiqincə yola salmaq lazım idi. Tabut gərək idi…Çatmırdı… Məscidin həyətində şərait yaxşı deyildi. Məscidi də o aralar təmir etdilər. Öz iş yerimdə oğlanlarım Məharət və Mərhəmətlə işə başladım. Bacım, qardaşım uşaqları, kənd camaatı köməyə gəldi… Hər gün onlarla tabut düzəltməli olurduq. Heç bir təmənnadan söhbət gedə bilməzdi. Sadəcə vəsait lazım idi. Polkovnik-leytenant Seymur Həmdullayev, jurnalist Sevda Zülfüqarlı çox kömək etdi. Dövlətdən yardım aldıq. Beyləqan İnşaat mağazası, Asfalt zavodu, Müdafiə Nazirliyi tərəfindən vəsaitlə təmin olunurduq.
Bacımın 12 yaşlı oğlu Elməddin Rəhimli də işləyirdi. Hətta fəxri-fərmanla da təltif olunub. Həyat yoldaşım Nargilə xanım da gecə-gündüz bilmədi. İşləyənlərin çayını, yeməyini hazırladı. Bir sözlə bütün kənd səfərbər oldu.

2000-dən artıq tabut hazırladıq…- bu sözləri deyən səs qırılacaq, bu səsdən yaş damacaq. Eşidənin ürəyi dözməyəcək…

Bir-neçə gün susduq…

Və Səmərqənd bəydən mesaj gəldi: Elə igid oğlanlarımız vardı, tabuta sığmırdı…

Sonra fasilələrlə yazdı:

– Ən çox kimsəsi olmayanlara ağlayırdım. Bir oğlan da vardı gəncəli balası…Uşaq evindən…

Bildim ki, Əmrahı deyir. Gəncə şəhəri uşaq evində böyüyən Əmrah Rəcəbovu. Narınc müəllimənin Mahmudlu 2 kənd məktəbinin şagirdləri, kənd camaatı ilə yola saldığı, gəncəlilərin izdihamla yola saldığı Əmrah.

– Onları görmək çox ağır idi.

Səmərqəndin sakit, qəmli simasını, saflıq yağan baxışlarını xatırlayıram. Bir də zəhmətkeş əllərini. Gözündəki yağışda islanan, amma gecə-gündüz işləyən, şəhidlərimizin bu dünyadakı son yatağını hazırlayan əllərini…

Yeni bir mesaj gəlir:

– Bir məzar da var məktəbin həyətində. Birinci Qarabağ savaşının naməlum əsgəridi. Kimin gözü yolda qaldı bilinmədi. İllərdi ona baxıram.

 

Söhbətləşirəm…İndi daha rahatdı. Deyirəm rahat ol, qələbə çaldıq. Qalib olduq. İndi o yerlərə yollar salınır. İndi sənin yanından zəfər yolu keçir.

Qalib olduq. Necə gözəl səslənir. Qalib olmaq möhtəşəmdi. “Qalib olduq” deyə haray salmaq keçir ürəyimdən. Elə bilirəm ikinci savaşın şəhidləri birinci savaşın şəhidləri ilə bizim heç vaxt çata bilməyəcəyimiz, əlimiz, ruhumuz çatmayacaq o ucalıqda görüşürlər. “Biz qalibik” deyib sevinclə hay salırlar. Elə bil eşidirəm onları. “Biz qalibik” sədası gəlir hər yerdən…

 

P.S. Səmərqənd Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, 212 nömrəli h/h-nin komandiri general-mayor Mayis Barxudarov tərəfindən fəxri-fərmanla təltif olunub. Kənd məscidinin Dini icma sədrindən təşəkkürnamə alıb.

KAMALƏ ABİYEVA

qadinkimi.az

Share: