Təbəssümü adamın əvhalını dəyişərdi. Özündən asılı olmayaraq sən də o əhvala köklənərdin. Könlün açılardı.
Səfərlərdə də eləydi. Gedilən yolun uzaqlığı adamı yormazdı. Duzlu-məzəli söhbət zamanın nə vaxt keçdiyini unutdurardı. Qarşılayanların hamısıyla onunla birlikdə doğmalaşardın.
İnsan səmimi, özü olanda hər şey gözəl olur. Yol da, məclis də.
İlk dəfə olduğu, tanımadığı məclisdə də hamının sevimlisinə çevrilərdi. Çox saf idi. Onunçün hamı doğmaydı. İnsanda yaxşılıq axtarışındaydı. Pisliyi, riyakarlığı sanki görmürdü. Üzə vurmurdu, bildirmirdi. Yəqin bizə baxıb yaxşılaşar düşüncəsindəydi. Tanıdığımızdan yanaşmasına təəccüblənməzdik.
O olan yerdə ancaq deyib-gülmək idi, oxumaq idi. Şənlik adamıydı. Şirin, məlahətli – Ağdam səsi vardı. Hər oxumağının sonu “Ay ana, mən qəribəm, qərib”lə bitirdi. Bəlkə də bu dünyada pislik bilmədiyindən, başqalarına baxıb özünü qərib sayırdı. Təkliyini duyub şənlənirdi. Gizlətdiyi gəribliyi oxumağı ilə çıxarırdı.
Tədbirlərdən, çağrılan yerlərdən qalmazdı. Eşitdiyi yas yerinin harda olması onun üçün əhəmiyyət kəsb etməzdi. Getməliydi. Özünü çatdırmalıydı. Ona görə də tanıyanlar onu ən doğması bilirdi.
Xüsusi əzizləməsi vardı. Təsadüf olunan iradın, tənbehin içində gizli bir sevgi olduğundan kimsə inciməzdi.
60 ildən çox Bakıda yaşasa da necə vardısa, eləcə də qaldı, dəyişmədi. Hər yerdə özü oldu. Davranışında da, danışığında da.
Xəstəlik görməyən bu pozitiv adam birdən-birə özündə o əhvalı görməyəndə “daha o deyiləm” deyib danışmaq istəmədi. Yəqin yaddaşlarda başqa cür qalmaq istəmədiyindən susdu, ancaq dinlədi. Bu susmaq onu əbədi susmağa apardı.
İtkisinə doğmaları, əzizləri qədər dostlar, tanışlar heyfsləndi. Artıq nə məclislərin o məclis, nə evin o ev olacağını bildiklərindən…
Daha qonşular da, “qoyun Nizami müəllim gəlsin” deməyəcəklər.
Vətənə, elə, yurda çox bağlıydı. Son günündə də vətəni seçdi. “Ağdam, kəndimiz yoxdu, məni Tərtərə aparın. Ora kəndimizə daha yaxındı” dedi.
Yəqin daha “… mən qəribəm, qərib” demir. “Bura Vətəndi!”, “Burda hamı eynidi” söyləyir.
Sənsiz bu bir ildə nələr olmadı… İllərin həsrəti 44 günün Qələbəsiylə sonuclandı. Rahat uyu.
Vətəni, yurdu bizdən qabaq dolaşan ruhun şad olsun, Müəllim!
Rəfail Tağızadə
09.05.2021
Müstəqil.Az