Səmimi sevgi, yoxsa sadəcə göstəriş?

Bu yaxınlarda Berlində Rumun dostlardan biri gəldi ki, bəs otelimizə yaxın məsafədə maraqlı bir sərgi keçirilir. İlk baxışdan çox da həvəs göstərmədik. Lakin öyrənəndə ki, təşkilatçı Leyla Əliyevadı, atları yəhərləyib yola çıxdıq. Bəli, yanılmadız, prezidentimizin qızı Leyla Əliyevadan gedir söhbət. Balaca bir məkan idi.

Təmtəraqlı bir şey də yox idi. Qapıda müəyyən tanış simalar görüb girdik içəri. Sərgi konkret olaraq nəsli tükənməkdə olan heyvanlara aid idi. Leyla xanımdan başqa müəlliflərin də maraqlı əsərləri var idi. Baxdıq feyziyab olduq. Bura kimi hər şey əladı. Hamınız deyə bilərsiz ki, əla təşəbbüsdür, burda nə varki? Əlbəttəki ikiəlli bu kimi aksiyaları dəstəkləyirəm, amma gəlin baxaq görək ölkəmizdəki heyvanların haqqları necə qorunur, ya qorunurmu ümumiyyətlə? Elə sərgidən çıxandan sonra adəti üzrə facebookda qurtdalanmağa başladım. Qarşıma Meydan tv-də yayımlanan bir video çıxdı. Naməlum şəxslər küçə itlərini günün günorta çağı küçənin ortasında güllələyib zibil qutusuna atırlar. Şübhəsizki bu birinci belə hal deyil. Rutin halını almış adi “təmizləmə” əməliyyatıdı. İstədim kəskin bir tənqidi status yazıb paylaşım, özümü güclə saxladım. Üzərindən 1-2 gün keçəndən sonra qarşıma heyvanların soyqırımı ilə bağlı digər bir xəbər çıxdı. Son vaxtlar ölkəmizi su yoluna döndərən Ərəb ovçuları idi bu dəfə əsərin baş qəhrəmanları. Çox güman ki, siz də eşitmisiz. Adamlar silahları ilə qoruqdan girib yasaqlıqdan çıxırlar. Sayı tükənməkdə olan-olmayan heyvanları öz həzzləri üçün öldürürlər. Bir dəfə mütəfəkkirlərdən biri demişdi ki, Xəzərin digər resursları (heyvanat aləmi, turizmi və s.) Azərbaycana daha çox gəlir gətirərdi, nənki neft-qaz layihələri. Həm də dəniz daha təmiz, daha gözəl qalardı. Dənizdən çıxarılan neft-qazın Xəzərin flora və faunasını məhv etdiyini bilmək üçün alim olmağa da ehtiyac yoxdu. Sizə bir az da Bakı zooparkının vəziyyətindən danışım. Ordakı heyvanların durumunu görəndə o Afrikadakı paylaşılan uşaq şəkilləri yadıma düşür. Görünür ki, saxlanma şəraiti, qidalanma və s. bərbad vəziyyətdədi. Qısası, onlarla, yüzlərlə belə fakt sayaram. Bir Fransada, İtaliyada mənbəyi bəlli olmayan Heydər Əliyev Fondunnun hesabına təmir olunan kilsələrə baxırsan, bir də ölkədəki tarixi abidələrin vəziyyətinə. Məgər bir ölkə üçün prioritet öz ölkəsi olmamalıdırmı? Heç büdcəsi bizimkindən qat-qat çox olan ölkələr o qədər “humanistlik” göstərmir. Tarixi, incəsənəti, ətraf mühiti belə çox sevirsənsə niyə həmin təşəbbüsü öz ölkəndə də etmirsən? Sizi bilmirəm, amma mən burdan ancaq bir nəticə çıxardıram. Bu tədbirlər hamısı sünidi, şou və göstəriş xarakterlidi. Xarici ölkələrə, onların liderlərinə qarşı edilmiş jestlərdi. Tutaq ki, neft-qaz gəlirlərinə görə Xəzərin çirklənməsinə, turizmdən gələn pullara görə ərəb ovuna göz yumursuz. Bəs küçə itlərinin kütləvi qırğınından nə qazanırsız? Məni yanlış anlamayın. Mən də dəhşətli dərəcədə ətraf mühit və incəsənət xəstəsi deyiləm. Amma ən azından sünilik eləmirəm. Necə düşünürəmsə, elə də reaksiya verirəm. Əks arqument kimi deyə bilərsiz ki, başqa ölkənin vətəndaşları da hansısa digər ölkədə bu kimi işlər görür və bu o demək deyil ki, onlarda həmin sahə 100% həllini tapıb. Doğrudur, edirlər. Birincisi bunu edənlər adətənm müstəqil qurumlardı və mailiyyəsi dövlətdən gəlmir. İkincisi isə onlar birini xaricdə edəndə, onunu da ölkə daxilində edirlər. Məgər Almaniya insanı sənin ölkəndəki (Azərbaycandakı) insandan daha az bilir ətraf mühit haqqında? Yoxsa varlıq Qərb dövlətlərinin pulu səndən azdı? Mənə heç kim nağıl danışmasın. İçəri Şəhər Qala divarlarını parçalayıb otel tikdirən adamlar heç vaxt incəsənət, tarix sevdalısı ola bilməz.

Anar Rzalı

Share: