Sənə heç nə demirəm, eşidirsən?

Sənə heç nə demirəm, eşidirsən?

Bu gün Ulucay Akifin doğum günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Bayılda axşamçağı

Adın dodağımda çiçəkləyər hər axşamçağı

hər axşamçağı sən yadıma düşərsən,

günəş qürub edəndə dağların arxasında,

hər axşamçağı sən yadıma düşərsən,

dəniz qoxusu neft qoxusuna qarışanda.

Hər axşamçağı

adamlar ötüb-keçəndə yanımdan,

ağaclar ötüb-keçəndə yanımdan,

dəniz ötüb-keçəndə yanımdan,

sən yadıma düşərsən.

Bibiheybət məscidindən azan səsi

yayılar dağlara,

dalğalara,

yayılar ağaclara,

dənizə,

üzümü tutaram göylərə

“Ya Rəbb, mən də Sizin bəndənizəm”.

Adın dodağımda çiçəkləyər hər axşamçağı

hər axşamçağı sən yadıma düşərsən.

Salam verərəm tanımadığım balıqçılara,

onlar da alar salamını tanımadıqları bu adamın.

Hər axşamçağı

xəbərsiz gələn bir kədər

çökər şəhərin üstünə,

çökər adamların, dağların

ağacların, dənizlərin üstünə.

Və hər axşamçağı

adın çiçəkləyər dodağımda

hardan gəldiyini bilmədiyim

bir ümid cücərər içimdə.

Ya Rəbb, nə yaxşı ki,

bu şəhərin, ağacların,

bu dənizin, dalğaların,

balıqçıların, balıqların

ümidi kədərindən az deyil.

Ömrün xırmanı

Şərtini şumda kəsmədiyimiz

ömrün xırmanındayıq.

Bundan sonra günəş çıxmasa da olar,

yağış yağsa da…

İndi ömrümün iyirmi yeddi

rəfində hamı yerbəyerdi

bundan sonra dost itirməsəm də olar,

düşmən qazansam da…

Küləklər sığal çəkər şəhərin səssizliyinə

daha gündüzlər uzanmasa da olar,

gecələr qısalsa da…

Mən elə bilirdim hamının

Allahı var bu yer üzündə,

daha Allah heç kimin olmasa da olar,

hamının olsa da…

Gizlənqaç

ucuz ətin şorbası ilə bayram keçirən ailələr

şükr etməyi öyrətdi uşaqlara

bizim balaca məhəllənin

kiçik evlərində…

o uşaqları

nə atalar sözləri aldada bildi,

nə də qorxuda bildi kapitalizmin qəddar marşları…

və beləcə

kasıb ailələrin uşaqları da

yavaş-yavaş böyüməyə başladı…

O uşaqlar ki

küçə davalarında

nə döyülənə lağ etdi,

nə döyəni alqışladı

kin saxlamadı ürəyində.

O uşaqlar ki

düzəltdiyi ilk oyuncaq

taxtadan silahlar oldu

müharibənin nəfəsini

hiss etdi kürəyində.

O uşaqlar ki

bacı, qardaş sözlərinin

qan bağı ilə yaranmadığını bildi,

dost dediklərimiz də

ailəmiz qədər bizdəndi.

Və biz

gizlənqaç oynayanda da

dostlarımızın tapa biləcəyi yerdə gizləndik.

***

Mərmər döşəməli zallarda

yüksək səslə,

ya da

yaşıl çəmənliklərdə astaca

özündən danışırmış kimi şeir demək

alqış sədaları altında.

Soyuq əlli, isti ürəkli

qadınlara şeir yazmaq

təsəlli taparcasına,

ya da

sevdiyin mahnını

zümzümə etmək

yoluna çıxan hər daş parçasına.

Küçə lampaları

Küçə lampaları kimi söndü gülüşün

bir-bir, asta-asta, həm də

səhərə yaxın…

İndi sən də

günəşi sadəcə görürsən,

istisini hiss etmirsən…

Bilirəm, bilirsən…

indi sən

yazdığım ən gözəl,

yaşadığım ən sevdalı şeir kimisən,

gülüşünü itirmisən…

Yəni

səni tərk edəndən gedə bilmirsənsə,

deməli, ayaqlarının

istifadə müddətini bitirmisən…

çağırıram, gəlmirsən…

Və bir gün

bədənindəki bütün ağrılar xatirəyə,

qəlbindəki ağrılar isə xəritəyə çevrilir…

Sənə heç nə demirəm, eşidirsən?

Revolver

Səni sevsəydim orta əsrdə

mütləq bir at belində,

cəng meydanında

sıyırıb qılıncımı qınından

şığıyardım düşmən üstünə

sənin uğrunda.

Ya da belimdə Revolver

bir duel meydanında

başıdik atılmış on addımdan sonra

cəld tərpənsəm də düşməndən

çıxarıb silahımı

atəş açardım havaya

son addımdan sonra.

Tarix kitabı

Bir tarix kitabı səhifələdim

üç min il yol getdim bir anda.

Milyonlarla əsgər öldü

qılınc yarasından, ox yarasından.

Milyonlarla əsgər öldü

adını bilmədiyim,

yaşını bilmədiyim.

Üç min il yol getdim bir anda

türklər Konstantinopolu fəth etdilər,

adını İstanbul qoydular.

Milyonlarla adam öldü

qalanın o yanında, bu yanında

adını bilmədiyim,

yaşını bilmədiyim.

Üç min il yol getdim bir anda

İskəndər Hindistana,

Teymurləng Qafqaza,

Napoleon Rusiyaya hücum elədi.

Milyonlarla adam öldü

at belində, fil üstündə

adını bilmədiyim,

yaşını bilmədiyim.

Bir tarix kitabı səhifələdim

üç min il yol getdim bir anda

beş-on ad qaldı yadımda –

hamısı hökmdar, sərkərdə və sultan.

Amma milyonlarla adam öldü kitabda

adını bilmədiyim,

yaşını bilmədiyim.

Darıxmaq adlı diktator

Əllərim yarsa bu gecəni,

yarsa bu dənizləri – Musanın əsasıdır,

bu gecənin ortasında

səni düşünmək – sevginin əsasıdır.

Bu gecənin ortasında

sənə yazmaq –

səhralara düşmüş Məcnuna

bir qurtum sudur.

Bu gecənin ortasında

yazdığım hər söz, hər hərf

darıxmaq adlı diktatorun ordusudur.

Bu gecənin ortasında

əllərim havada

təslim oluram “eşq” adlı quldura

bu qorxu – deyil ölüm qorxusu.

Share: