Ülfət ZİYAFƏTQIZI
Əlimin çatmadığı yaxın qədər uzaqsan,
Olmadığın gecələr birtəhər baş qatıram.
Zamanın əqrəbiylə qaçdı-tutdu oynayıb,
Vaxtın əlindən tutub saatı cırnadıram, –
Sənə tez çatmaq üçün başımı aldadıram.
Arzuları bağlayıb göyərçin dimdiyinə
Yamyaşıl ümidlərlə bahara yollanıram.
Dünyaya gəlməmişdən doğulanam bu Eşqə…
Şeir-şeir doğulub ömrünə boylanıram, –
Səndən ayrı nə varsa, istəmirəm, danıram…
Bu necə həyəcandir, bu necə titrəyişdir?
Yaşadıqca mən səni qanım, damarım çaşır.
Yuxuların qapısı açıq qalır gecələr,
Sənin ayaq səsinə ruhum bədəndən daşır,-
Səni qucaqlamağa sağım solla yarışır…
Sən inadcıl könlümə necə gözəl yatmısan…
Sənə yaman vuruldum, Adam, ay qəşəng Adam…
Sanki doğmalığınla mənə bir az qohumsan,
Səndən başqa hər kəsə milyon il uzaq, yadam,-
Səni mənçin gətirib bu dünyaya Yaradan…