Əslində, hekayənin qəhrəmanı atamdır. Amma atam gözümün qabağında böyüdüyü üçün haqqında pis fikirlər yaradacaq heç nə deyə bilmərəm.
Qəsəbənin ən varlı adamı sayılan Xudayar müəllimin həyat tərzindən söz açmağa gərək yoxdur. Ən varlısıdırsa, demək məsələ aydındır. Allah baba Xudayardan nə var-dövlət, nə gözəllik, nə də hurilərə bənzər həyat yoldaşı əsirgəyib.
Xudayarın aman-zaman bircə qızı var. Sənəm adlı bu qızın gözəlliyindən bütün qəsəbə danışır. Bizim Sənəmi təsvir etməyim, çünki vaxt itkisidir.
Əgər Sənəmin gözəl olduğunu deyiriksə, ya atası Xudayara, ya da anası Svetaya oxşayır.
Lakin Sənəm nə atasına, nə də anasına bənzəyir və buna səbəb kimi də qəsəbə camaatı Sənəmin vaxtilə yetimxanadan gətirildiyini düşünür.
Sənəmin xasiyyətinə, gözəlliyinə vurulan xalalar həm öz oğullarına, həm də qohumlarının oğullarına bu qızı almaq üçün elçi gedər, hər dəfə də əliboş qayıdarlar. Çünki Sənəm hər kəsə öz yarısını tapmadığını deyir.
Bir gün həmin Sənəmi sevdiyimi anama dedim. Anam atama deyəndən sonra bacılarına xəbər göndərdi, bacıları da öz ərlərini götürüb bizə gəldilər.
Kiçik xalamın danışığından belə başa düşdüm ki, ən böyük arzusu məni evləndirmək imiş:
-Ay Murad, başına dönərəm elə.Bə niyə bu vaxtacan xalana deməmisən? Bu saat xalan o qızı səninçün alacaq.
Xalamın əri arvadına əsəbiləşdi:
-Axmağın qızı axmaq! Öz oğlunu 20 ildir, evləndirə bilmir..!
qəzəblə ona baxır.
Mən həyətdəki mərəkəni mətbəxdən izləyirdim. Bir azdan atam da gəldi. Azca səssizlik yarandı. Anam sakit şəkildə nəsə danışırdı. Az keçmiş atam bomba kimi partladı:
– Əgər Murad o qızla evlənmək istəyirsə, mənim ölməyimi gözləməlidir. Qəbrimin üstündən keçib toyunu edər!
Vəssəlam. Söhbət bitdi. Əvvəl heç nə anlamadım.
Söhbəti burada kəsib Sənəmlə tanışlığımdan, bir-birimizi necə sevməyimizdən azca danışım.
Uşaq vaxtı bizim çıxarmadığımız oyun qalmazdı. Beş qardaş, yəni biz, qonşunun uşaqları – hardasa, 20 nəfər sürü şəklində bu həyət mənim, o həyət sənin, veyillənərdik.
Həmin gün Sənəmgilin qapısından əlli dəfə o yan – bu yana keçsəm də, onu görə bilmədim. Dizimi yerə atıb darvazalarının altından da baxdım, yenə alınmadı.
Tətil vaxtı olduğu üçün məktəbə də gedə bilmirdik.
Nə isə… Sentyabr ayında məktəb başladı. Elə ilk dərs günü Sənəmi gördüm.
Sonralar özümdə cəsarət tapıb onu sevdiyimi dedim. Mənə ilk və son dəfə tərs-tərs baxdı. Dəlilərtək sevdik, bağlandıq.
Qayıdaq bu günlərə. Həmin söhbətin səhərisi gün bir xarici maşın qapıda dayandı. Bəh-bəh, təşrif buyuran,sən demə, gələcək qayınatam Xudayar imiş. Atamla Xudayar xeyli mübahisə etdilər. Həmin gün Xudayarı son dəfə gördüm.
Hal-hazırda Xudayar ailəsi ilə birlikdə indiyədək bilmədiyim hansısa şəhərdə yaşayır. Allah bilir, Sənəm də ərə gedib, getməyib. Yəni heç xəbərim yoxdur.
Hadisədən 20 ilə yaxın vaxt keçib. Mən başqa bir qadınla evlənmişəm. Üç oğlum, bir qızım var. Bu gün kiçik oğlum evdəki albomların arasından babasının şəklini tapıb sevinə-sevinə mənə göstərir.
Şəkil 1986-da Latviyada çəkilib. Şəkildə iyirmiyə yaxın qadın, bir neçə kişi var. Atam həmin şəkildə qolunu Svetanın boynuna salıb. Bəli, bəli, düz eşitdiniz bizim Sənəmin anası Svetanın. Kənarda dayanmış Xudayar isə qəzəblə ona baxır.