Sən adicə bir ləçərsən – Anri Abrilin “Ölüm” silsiləsi

Sən adicə bir ləçərsən – Anri Abrilin “Ölüm” silsiləsi

Kulis.az Mahir N. Qarayevin tərcüməsində Anri Abrilin “Ölüm” silsiləsini təqdim edir.


“Ulu nənəm Puerto-Rikolu zənci qadın idi; anarxist babam onun mulat qızını qaçırıb İspaniyaya aparmışdı. Nəslimizdə mavr və yəhudilər də var. Franko vətəndaş müharibəsini udandan sonra valideynlərim İspaniyadan sürgün edildi və mənim qismətimə 1947-ci ildə Paris civarında doğulmaq düşdü…

Poeziyanı mənə sevdirən Lorka və Eluar olub; elə o vaxt səkkiz yaşımdaca ilk şeirimi yazdım. Verlibri Apollinerdən və sevimli üçlüyümdən – Laforqdan, Rembodan və Korbyerdən əxz etdim. 18 yaşımda poetik dünyasına vardığım Valyexonun tilsimindən bir də 1980-ci ildə – ilk kitabımın çapından sonra qurtula bildim. 1983-cü ildə isə Parisdə Lermontova həsr etdiyim “Nərildəyən Pələng” adlı ikinci kitabım nəşr olundu…

Parisdə litseyi, Moskvada filologiya fakültəsini bitirib eyni kursda oxuduğum ukraynalı qızla evləndim və namizədlik dissertasiyası götürüb qədim slavyan dili ilə ciddi məşğul olmağa başladım. Amma tən yarı yolda dissertasiyanı kənara atdım – əski slavyan dilinə aludə durumda qəfildən dərk etdim ki, akademik elm məni zəli kimi sormaqda, içimdəki poeziya odunu söndürməkdədir. Bu atəşi közərtmək üçün tərcüməyə girişdim – 1993-cü ildə çapdan çıxan üçüncü kitab yaradıcılığımda yeni mərhələnin başlanğıcı oldu. Ukrayna və Litva şairlərini, Puşkindən Bloka, Pasternaka, Mandelştama, Svetayevaya, Axmatovaya, Tarkovskiyə qədər xeyli rus şairini və əlbəttə ki, Lermontovu fransızcaya çevirdim. Moskvada çapdan çıxmış “Russkie stixi” kitabındakı yeni şeirlərimi isə, elə adından da göründüyü kimi, rus dilində yazmışam. Çarə nədir? Özümdən asılı olmadan, aralarında çarmıxa çəkilib qaldığım üç vətənim var – İspaniya, Fransa və Rusiya…”

Anri Abril

ÖLÜM

ölüm

hərdən-hərdən ləngiyir nəsə

ömürün

hansı bir döngəsindəsə

***

şair tanıyıırdım

çox ehtirasla

vurulmuşdu ölümünə

bir ölümsüz misra

yazmadan belə

***

ölümün

ilan-qurbağa xətti

göy üzündə süzən

oxu andırır

hərdən də elə bil

göylərdən bezən

yorğun durnadır

***

ölülər də

əlbəttə ki düşünür

dərd edib dərk edərək

həyatın iç üzünü

di gəl bunu heç kəs

heç zaman dillənib dilə gətirməz

***

ölərkən

çiçəyi düşünür kəpənək

dirilmək umuduyla

ölür gün

özüylə aparır öz kölgəsini

insan ölərkən

***

fransız georges peres

iri bir roman yazdı

e hərfli

bir söz də işlətmədən

(roman eləcə də adlanır: itmə)

səd heyf

kitabın üz qabığında

müəllifin adı qaldı yenə də

fəqət sonra ölüm vardı

varıb apardı

artıq olan

axırıncı dörd e ni də

***

ölümə kim deyər: sən

adicə bir ləçərsən –

yoxsul olsun ya varlı

şikəst ya qoluzorlu

ağına-bozuna baxmadan

döşənirsən altına

sözlərsə heç zaman

macal da tapmır ki toxunsun ona

***

ölümünü

qar üstdə

kölgətək çızmışdı o –

bircə yol duymadan ki

hələ körpəliyindən

kətandan ağ qar kimi

ayağının altında xışıldayır ölümü

***

ölümün dənizində

bir sükansız gəmitək

üzəsən asta-asta…

bəs birdən axın səni

azdırıb bir kimsəsiz

qərib sahilə atsa?


***

kimisi gedir

baxışlarında ömür nişanı

həyat qaşqası

gedir bir başqası da

dodaqaltı deyinə-deyinə

ya da

kilsə kandarındakı kimi uzalı əllə

fəqət hər birisinin

rahat uçsun deyə

ruhları göyə

incəlmişdi

nazilmişdi dərisi

***

ölümünü neçə yol

yuxuda görmüşdü o –

ot üstdə cırcırama

axına qarışan daş

simsiz hava sayağı

ölümə qovuşunca

ömrü girdi yuxusuna –

solğun ot

su altda daş

səssiz bir sim sayağı


***

ölüm ərəfəsində

əgər yalan deyilsə

adamın öz uşaqlığına dönməsi

onda mən ola bilsin

donunun altından

tumanı ağaran

qızcığazın dalınca

ağaca dırmaşan yerdə öləcəm

***

var və vardı haqqında

danışıram mən

bir də lifdən

hörülmə kələfdən

dilim

söz açır ölümdən

ölüm

düşmür dilimdən

Share: