Sən böyüyüb əjdaha olacaqsan… – Gülər Natiq İsaq

Sən böyüyüb əjdaha olacaqsan…
Evə yüngül bazarlıq edib marketdən çıxırdım… Təxminən 8 yaşlarında bir qızıın anasının çantasından tutub içəri dartdığını gördüm. Bir az da yolu kəsmişdilər.)) Gülümsündüm və qızcığazın üzünü görəndə, qeyri-ixtiyari olaraq, aaa, Aylinka, sənsənmi?” -deyə təbəssüm qarışıq həyəcanla onu yavaşca kənara çəkdim. Diqqətlə mənə baxdı, tez də tanıdı:
– Gülər xala, sənsən? Necə də xanım kimi qız olmusan? ))) Onun sözlərinə anası da, mən də xeyli güldük. Aylin məni ilk tanışlığımızda sport geyimdə görmüşdü deyə, indiki görünüşüm ona maraqıı gəlmişdi.
Şirin, şəkər olmuşdu. Saçları da, boyu da bir az uzanmışdı. Sosial məsafə şərt idi deyə, maskamı düzəldib, uşaqdan bir az kənarda dayandım. Çox sevincək idi. Dayanmadan gülümsünürdü. Anası təəccüb içində gah Aylinə, gah da mənə baxırdı. Tanışlıq verəndən sonra, bildim ki, Aylin evdə anasına məndən, bizim məsumca məcaramızdan xeyli danışıbmış… Ayaqüstü xeyli söhbət etdik. Pandemiyaya görə, evdən sms icazəsi ilə çıxmışdım deyə, vaxtın bitməsinə təxminən 40 dəqiqə qalırdı. Aylinim telefon nömrəmi də aldı.
“Anamın nömrəsindən sənə tez-tez yazacağam, heç səni unutmayacağam”, dedi. Bir az da kövrəltdi məni…. Çox sevinmişdim onu gördüyüm üçün…
Avqust ayı idi… Rəfiqəm Əsli ilə danışdıq ki, çərşənbə günü idman zalında görüşək. Mən məkana tez gəlib çatmışdım. Baxdım ki, qapı bağlıdır. Pəncərədən boylanıb içəri baxdım. Hər yer dağınıq halda idi. Divarlar sökülüb yerə tökülmüşdü. Mühafizəçidən öyrəndim ki, oynadığımız zal təmirə bağlanıb. “Bəs , niyə xəbərimiz olmayıb” deyə yavaş səslə özümə verdiyim sualın cavabını elə özümə verdim:
– Bu qədər müddət gəlməyəndə, heç nədən xəbərin olmaz da?….
… Ağır addımlarla pilləkənləri düşdüm. Səkidə ayaq saxladım. Əsliyə zəng etdim. Telefonu açan kimi “10 dəqiqəyə çatıram, taksidəyəm” dedi.
– Əsi, zalı təmirə bağlayıblar. Harda oynayacağıq? Bilsəydin, evdən çıxmazdın – deyə qıza könülsüzcə cavab verdim. Əsli telefonun o başından “Canın sağ olsun, Zabitlər bağına nə gəlib? Gedək ora” – demişdi ki, necə sevindimsə, az qaldı ki, küçədə sürüşüb yıxılam. Zabitlər bağı ən sevimli yerimiz idi. Əsli ilə tez-tez gedirdik o bağa. Uşaqların oyunlarına tamaşa edirdik. Sevimli skamyamız da var idi…
… Həmin skamyaya yaxınlaşdım. Balaca bir qız da əyləşmişdi.
-Əyləşmək olar? – dedim.
İncə gülüşlə, “hə, onsuz da Könül bacıgil oynayır hələ”. Yaxınlıqdakı çəmənlikdə topla oynayan iki gəncə işarə etdi. Xeyli adam var idi. Əsli ilə oynayacağımız yeri gözaltı etmişdim artıq. Krasovkamın boşalmış bağlarını əyilib, yenidən bağladım. Əyləşdiyimiz yer kölgəli idi deyə, kepkamı çıxarıb yanıma qoydum. Badmintonu, valanları əlimdə möhkəmcə tutdum, səbirsizlikə Əslimi gözləyirdim. Hiss edirdm ki, şirin qız gözlərinin altından arada dönüb mənə baxır. Əsli gələnə kimi bu balaca gözəl bala ilə bir az söhbətləşdik. Öyrəndim ki, adı Aylindir. Badmintonu göstərib dedi:
– Bununla necə oynayacaqsınız?
– İndi bir xala gələcək, oynayanda diqqətlə baxarsan – dedim. Bir az da oyun haqqında məlumat verdim. Aylin birdən yerindən qalxıb, “olar, o xala gələnə kimi Könül bacıyla, Samir əmiylə oynayasınız, mən Sizə baxım”? – dedi. Cavab gözləmədən qaçaraq gənclərin yanına getdi…
… Aylin arabir ayağını yerə vurur, ya da tullana- tullana onlara nəsə deyirdi. Gənclər mənə tərəf baxıb gülümsündülər. Üzümü yana çevirdim, ürəyimdə “bu Əsli harda qaldı deyə, şikayətlənirdim ki, gözlərimi arxadan bir cüt əl bağladı. Qucaqlaşıb, görüşdük. Rayonlarına istirahətə getmişdi ki, çoxdandı, görüşə bilmirdik… Əsli bir bir az dincələndən sonra çəmənliyə qaçdıq. Oyunumuz başladı. Heç bir sahədə yerə düşməyən valanın havada uçuşmasına Aylin heyrətlə baxırdı. Bir az da Aylinin qohumları ilə oynadıq. Az bacarırdılar deyə, dəfələrlə valanı öz sahələrində düşürdülər. Əsli ilə oyuna davam etdik. Əsli mənim oyunda ən gözəl portnyorumdur. Çox çevik və cəlddir… Tez yorulmaz. Uduzmağı heç sevməz. Amma bu dəfə iki üç dəfə valanı o da düşürdü öz sahəsində. Aylin əlini qoynuna qoyub dodağını büzmüşdü. Mən Əsliyə onu göstərdim. Badmintonları gənclərə ötürüb, Aylinin yanında əyləşdik.
Onun üzünə dağılmış saçlarını yanağından kənara çəkib soruşdum:
– Oyun xoşuna gəldi?
– Hə.
-Bəs, niyə alqışlamadın?
– Mən səni alqışlamıram. Sən Samir əmini də, Könül bacını da, bu xalanı da uddun. Bizə heç yer saxlamadın…
– “aaaa, Aylin, ayıb deyil, adam özündən böyüklə” – deyən Könül bacısının sözünü, əlimi dodağıma apararaq, “suuusss” işarəsi ilə kəsdim. Aylinə tərəf döndüm:
– Harda Aylin, harda yer saxlamadım? – deyə saçlarını sığalladım.
Onun əslində demək istədiyi bu idi ki, “niyə tək sən hamıya qalib gəldin” ? Fikrini də öz bildiyi tərzdə ifadə etdi. Təklif etdim ki, gəl bir az oynayaq. Özüm qəsdən məğlub olub tez-tez onu alqışlayırdım. Yoruldu, mənə tərəf gəldi, əlindəki badmintonu uzadıb:
– Yaxşı oynamaq üçün çox əziyyət çəkməlisən. Mən inanıram ki, sən böyüyüb əjdaha olacaqsan – dedi. Əsli və gənclərlə onun sözlərinə gülüşdük. Onun böyük adamlara məxsus danışığına, davranışına heyrət etdim. Əyilib saçlarından öpdüm. Bərk qucaqladım. Tanıdığım üçün də məmnunluğumu bildirdim. Yorğunluğumuzu çıxarıb, evə gəlməyə hazırlaşırdıq. Aylin həyəcanla soruşdu:
– Sən indi hara gedəcəksən, xala?
– Mən? Böyüyüb əjdaha olmağa…. – dedim. Yenə də böyüklərə məxsus tərzdə “Sənə inanıram” söylədi
Guler Natiq İsaq
Share: