Sən demə zəhərmiş ömür, Bircə qırıq şirin ola…

Fərqanə MEHDİYEVA

Bilirsən söz adamıyam

Ay sinəmə dağ çəkənim
Gəl məni düzlə aldatma
Yoxsa sənə üz vermişəm
Üzümü üzlə aldatma

Donmuşam yumşaq deyiləm
Əyilmişəm şax deyiləm
Mən daha uşaq deyiləm
Deyib də “gözlə” aldatma

Dünyanın düz adamıyam
Tanrının öz adamıyam
Bilirsən Söz adamıyam
Sən məni sözlə aldatma

Böyümədim uşaq qaldım

Nə barışdım bu dünyayla
Nə də bir yol küsdüm anam
Verdiyin ömrü varağa
Misra-misra düzdüm anam

Qaldım necə, öldüm necə
Axırı gördüm heç-heçə
Baxdım güzgüyə bir gecə
Öz-özümü süzdüm anam

Gün kimi qara-ağ qaldım
Dərdin üzünə şax qaldım
Böyümədim uşaq qaldım
O ki var uduzdum anam

Bircə qırıq şirin ola

Yan ötəsən doğmalardan
Aran bir az sərin ola
Kaş qayıda gedənlərin
Nə ola üzü bərin ola…

Nə gördü görmüş bu ömür
Alnımda tərmiş bu ömür
Sən demə zəhərmiş ömür
Bircə qırıq şirin ola…

Söz gələ udub gedəsən
Əl ola tutub gedəsən
Bir yolluq itib gedəsən
Sığınmağa yerin ola

Divardan

Bu dərdi çəkməyə tərəzi yoxdu
Çəkir ürəyimi izin divardan
Belə darıxmağın əvəzi yoxdu
Yazım sətirləri düzüm divardan

Bu geniş həsrəti dar eləmədi
Açdı gözlərimi kor eləmədi
Şəklini asmağa yer eləmədi
Qoy bir az inciyim küsüm divardan

Bu qəm də yetişdi, dərən tapılmır
Uçuq evimizə girən tapılmır
Səni məndən başqa görən tapılmır
Niyə boylanırsan bizim divardan

SUAL

Hələ nəyimi gördün
Bu dünyada nəyimi?
Hansı sözümlə çalıb
Oxudun ürəyimi?

Qəlbində yatdı yoxsa
Yorğun düşən hər varaq
Ötən günümə baxdın?
Biri qara biri ağ

Bir söz soruşacaqdım
Soruşammadım amma
Şəklimə baxıb dedin
Belə qəmli dayanma

Hansı misra süzüldü
Ürəyindən canından
Qoydunmu nidaları
Ayrılığın yanından

Qorudunmu bəndləri
Qapısından çöləcən
Nəcə oxudun məni
Nöqtədən vergüləcən

Bəlkə bu da bir işdi
Görüşmədik bir daha
Necə dözüb dayandın
Suallar çəkən aha

Hələ nəyimi gördün
Bu dünyada nəyimi?
Hansı sözümlə çalıb
Oxudun ürəyimi?

İNDİDƏN

O nakam nə yatdı nə yuxu görə
Bir yuxu görmüşdü yozun indidən
Ağlağan şeirimin sətirlərindən
Gülümsər şəklini asım indidən

Deyin biri yoxdu biri var idi
Yolunda boranı qarı var idi
Deyın cərgəmizdə yeri var idi
Tutun qəlbinizdə yasın indidən

Bir yığım istəyi solar heç olar
Nə boyda arzusu gedər köç olar
Ona nə desəniz sonra gec olar
Ona nə yazırsız yazın indidən

MƏNİ YAĞIŞDA SAXLA

Çıxaq enişə doğru
Dur gəl yoxuşda saxla
Aç könlünün qapısın
Məni çıxışda saxla

Qışı bizə düşmədi
Xoşu bizə düşmədi
Yaşı bizə düşmədi
Quru baxışda saxla

O qədər xatirə var
Gözlərimdi suvarar
Yaz adımı divara
Torpaqda daşda saxla

Ocaq haqqı od haqqı
Çəmən haqqı ot haqqı
Ayır haqdan nahaqqı
Ömürdə yaşda saxla

Üşüdüki bu ocaq
Damlalar saçaq-saçaq
İslanmışın yağışdan
Nə qorxusu olacaq
Məni yağışda saxla

MƏKTUB

Dəyişə bilmədi bu illər məni
Elə həmənkiyəm sadəlövh fağır
Xəbərin oldumu başına dönüm
Bir dərdə düşmüşəm özümdən ağır

Sən getdin dünyada nələri gördüm
Bir qiz da doğmadın deyəm bacım var
Nə pula, nə vara, nə də şöhrətə
Bircə can sözünə ehtiyacım var

Kimsə yox qapımı özüm tək açan
Sənsiz yaralarım bitişmir Ana
Bu kasıb komamda nəyim yoxdu ki
Başımın sığalı çatışmır Ana

Boylandım gülümsər şəkillərimdən
Üşüdüm, darıxdım, sıxıldım Ana
Hər kəsin dünyada bir düşməni var
Mən özüm-özümdən yıxıldım Ana

Bu xəbər ox kimi bağrını dələr
Çatlayar torpağı bürünər qəmə
Bir dəfə ölmüşdü min dəfə ölər
Xəstə olduğumu atama demə

Mən də misra-misra qovrulum odda
Həsrətdən ağaran saçını hörüm
Ay Ana yıxılım ayağın altda
Qoy məndə cənnəti gözümlə görüm

Dəyişə bilmədi bu illər məni
Elə həmənkiyəm sadəlövh fağır
Xəbərin oldumu başına dönüm
Bir dərdə düşmüşəm özümdən ağır

19 FEVRALIN ŞEİRİ

Hansı gün doğuldum elə
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən
Anam hanı, Atam hanı?

Hanı mənim o xoş çağım
Hanı qırmızı yaylığım
Hanı sınıq oyuncağım
Hanı kövrək uşaqlığım

Quş qanadlı ötdü günlər
Şirin hanı, acı hanı?
Yarpağına söz yazdığım
Hanı tut ağacı hanı

Ürəyimdə bir sirr qalıb
Qoy çağırım yarım gəlsin
Çiling-ağac oynadığım
Uşaqlıq dostlarım gəlsin

Gəlsin gözlərim önünə
Coşub qaynadığım günlər
Bilməyib dünya beş gündü
Beş daş oynadığım günlər

Hansı gün doğuldum elə
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən
Anam hanı, Atam hanı?

Bircə qırıq şirin ola

Yan ötəsən doğmalardan
Aran bir az sərin ola
Kaş qayıda gedənlərin
Nə ola üzübərin ola…

Nə gördü görmüş bu ömür
Alnımda tərmiş bu ömür
Sən demə zəhərmiş ömür
Bircə qırıq şirin ola

Söz gələ udub gedəsən
Əl ola tutub gedəsən
Bir yolluq itib gedəsən
Sığınmağa yerin ola

NİZAMİYƏ HƏYAN GEDİR
           (Mərhum şair Bahadur Fərmanın xatirəsinə)

Söz üstündə qərara tutub
Söz qədrin bilən şairlər
İçindən yanib qovrulub
Çölündə gülən şairlər

Yaxşı duyub sonrasını
Acısını, ağrısını
Misra boyda daxmasının
Küncündə qalan şairlər

Çıx dağına daşına çıx
Lap dünyanın başına çıx
Söz ucundan başı açıq
Ayağıyalın şairlər

Qoydu ümidi ac qoydu
Sevdasın yalavac qoydu
Kim başınıza tac qoydu
Divanə,dəli şairlər?

Əymədi qəddi dünyada
Göz yumdu itdi dünyadan
Kişi tək getdi dünyadan
Kişi tək gələn şairlər

Bu dünyada oyun gedir
Min dərdə qol-boyun gedir
Nizamiyə həyan gedir
Gəncədə ölən şairlər

 

Share: