Azər TURAN
Kamal Abdullanın zamanı həm miflə gerçəklik arasındakı, həm də Berqsonun qavramındakı zamandır… Elə buna görə də onun yaradıcılığında bütöv və parçalanmaz bir zaman var və bu bütöv zaman Dansökülən, Günortac və Qürubun bir təfəkkürdə, bir düşüncədə inikası, kosmoloji dövrdən ilkin antik dövrə və həm də bugünümüzə qədər bir büllurda sayrışması və cərəyanıdır.
Kamal Abdulla öz ədəbiyyatını özünün qurduğu ədəbiyyat nəzəriyyəsi əsaslarında yaradan tək yazıçımızdır. Dəşti-Müstəqimiyyə ilə Dəşti-Məcaziyyə arasındakı ziqzaqlı zaman yolu, tarixə qədərki və tarixi dövrün arasındakı yol, bu yolun vəhdəti – Dolğun An onun həm elmi, həm bədii, həm də poetik yaradıcılığına sirayət edib. Qiyaslandırma üçün uzağa gedə bilməsəm də, yaradıcı şəxsiyyətin bu tipinin analojisinə təkcə Tanpınarda rast gəldiyimi də etiraf etmək istəyirəm… İstər Zaman amilinə yanaşma, istər modern Avropa estetikalarına sirayət, istər mifolojinin, özü də türk və yunan mifolojisinin eyni bədii mətnə tətbiqi baxımından yalnız onların ikisini qiyaslandıra və fərqləndirə bilirəm. Nəsrlərində, şeirlərində, elmi yazılarında, sanki bir əqrabalıq və ruhibirlik var…
Onunla söhbət etməyin özü bir yaradıcılıq hadisəsidir. Mövzunu xatırlatmadan səni apardığı bir televiziya verilişinə çağıra bilər. Söz Caviddən düşər. Sən səma şairindən danışarsan. O isə sənin fikirlərini Albatrosa pərvazlandırar. Görərsən ki, yalnız ənginlərdə qanad gərmək üçün doğulmuş Albatrosu XIX yüzilin fransızları elə məhz qanadından zədələyib bir gəminin göyərtəsinə salıblar… Albatros məluldur, gəmidəkilər məsuddur… Əslində, sən demə, məsud olmaq üçün yerə enməmək, göydə, səmada qalmaq, ənginliklərdə qanad çalmaq lazım imiş. İnanarsan ki, Bodlerlə Cavid görünməyən ruhi tellərlə bir-birinə bağlıdır, ruhubirlərdir… Həm də çevrə – gəmidəkilərlə 1937-ci ildəkilər bir-birinə bənzəyir… Heç nə dəyişməyib… “Sən ey qanadlı yolcu, bir zaman nə gözəldin!” … Yenidən “yüksəl! Ərşi-lahutə doğru aç şəhpər”. Yoxsa “sıx-sıx, əylənmək üçün, acımasız tayfalar / Yaxalar qanadından…”.
Bir dəfə, lap çoxdan, 2002-ci ilin dekabrında axşam Turan Cavidin evində üçümüz – Turan xanım, Kamal Abdulla və mən bir yerdəydik. Kamal Abdulla çay süfrəsinin arxasında Cavidin özəlliyindən danışdı. “Cavid olmasaydı Azərbaycan ədəbiyyatı intəhasız ənginliklərdən xali qalacaqdı” – dedi. Sonra elə həmin ərəfələrdə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında nəşr etdiyi üçcildlik Cavid əsərlərinin ön sözündə yazdı ki, “Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır”. Həmin üçcildliyin Mahnı Teatrında keçirilən təqdimat mərasimindəki çıxışında isə “Cavid Azərbaycan ədəbiyyatının semiotik bütövlüyünü qorudu” – dedi. Üstündən 15 il keçəndən sonra “Ədəbiyyat qəzeti” üçün söhbətimizdə Coysdan, harmoniyadan, Böyük Partlayışdan, Etrusk mədəniyyətindən, Füzulidən… danışırdıq, söz-sözü çəkdi, yenə Cavidi xatırladıq, dedi ki, Yerlə əlləşənlər vardı, Cavid yuxarını, göyü qurdu. Semiotika üçün yuxarı, aşağı, sağ, sol – bu istiqamətlərin, dixatomiyaların böyük əhəmiyyəti var. Cavidin yaradıcılığını ən azı bu istiqamətdən dəyərləndirmək lazımdır”…
Xatırlatdığım söhbətdə Kamal Abdulla dedi ki, “Bizim ədəbiyyatın Coysa aparan heç bir yolu yoxdur”. O zaman müsahibəni də bu gözlənilməz fikri söhbətimizin başlığına çıxarmaqla çap etdik. Amma buna rəğmən, inanıram ki, o yol ədəbiyyatımızda həm də elə Kamal Abdullanın yaradıcılığı ilə açılır… Simurq quşu, xitonun üzərində alov dilimlərinin fonunda həkk olunmuş İ.X.S. hərfləri, Feniks parkı, Babil sintezi – Borxes, hətta Bəkir Çobanzadə. Çobanzadənin Leninqrad Əlyazmalar İnstitutundan tapdığı və Azərbaycanın dövlətçilik tarixini öyrənmək baxımından müstəsna olan Dədə Qorqudun on üçüncü boyu ilə bağlı 1936-cı ildə “Bakinski raboçiy” qəzetinə verdiyi müsahibə… Sonra Xətai ilə bağlı Çobanzadənin sərrast düşüncələri: “XVI əsrdəki Azərbaycan türk ədəbiyyatının bədii yüksəkliyi, vertikalı Füzuli ilə ölçülürsə, dil və yaradıcılıq ünsürləri vasitəsilə və içərisinə də aldığı bədii və lisani komponentlərin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur”. Sonra şübhəsiz ki, qətlə yetirilmiş Çobanzadə və əbədilik itirilmiş on üçüncü boyun əlyazması, o əlyazma barədə Çobanzadənin yoxa çıxarılan məqaləsi… Və nəhayət, “Yarımçıq əlyazma”. Mətn içində mətn, sirr içində sirr… Dədə Qorqud və Xətai… Kamal Abdulla fəhminin kəşfi…
Milli yaddaş mağarasının divarında və bətnində çiçəkli yazıdakı sönmüş duyğuların, nəhayət, şöleyi-irfan kimi parlaması ya Əshabi-Kəhfdəki, ya Platonun mağarasındakı sirləri yansıdır… Bizim ədəbiyyatmızda beş min illik sivilizasiyalararası Zamanın bir gündə izhar olunduğu o mağaranın “Siyasəti-fürusət” modeli də var… Orda Əbülbəşər Kəyumərs, yəni Adəm peyğəmbər Nəriman Nərimanovun “Nadir Şah” tamaşasına baxır… Orda ədəbiyyatımızda ilk dəfəydi ki, bir mağaranın (və bir mətnin içində) yunan, İran və türk mifoloji küləkləri əsir, intermediallıq – Sen Sansın fleytalarla çalınan “Dans Makaber” havasına rəqs edən fosforlu skeletlər, avtomobil kimi hərəkət edən skelet piramidasının üstündəki qlobusa zincirlənmiş Teymur, Teymurun apofeozunu çəkən rus rəssamı Vereşşaginlə Babildə öldürülmüş Ərjəng yaradıcısı nəqqaş Mani, İsgəndərin cahanı göstərən “ayineyi-aləm-nüma”sı, Zöhhakın başında odla, küllə dolu manqal şəklindəki əklil, Cəmşidin Cami-Cəmi… ümumi intellektual məkanın estetikasını yaradır. Əli bəy Hüseynzadənin qələmi ilə ədəbiyyatımızda modernizmə doğru ilk sıçrayış baş verir… Bu sıçrayışın, bu prosesin bədii inikası Kamal Abdullanın təbiriycə desəm, universal mənəvi vətəndə –Mağarada şəkillənir.
… Kamal Abdullada isə Mağaranın ruhu Qarağacın yeddi hərfi ilə sanki mətndən elm tarixinə – Tomsenə, daha doğrusu, Kültiginin sirrini açan Tengri, Türk koduna göndərmə edir… Qarağacla sirr açılır… Əsas olan da budur. Mətn Orxon-Yenisey üslubunda oxunur: “Qarağac səni unutdu. / Sən Qarağacı unutmadın… / Xatırlamağa kimsə yox. / Unutmağa da kimsə yox… / Qarağac səni unutdu…”.
Kamal Abdullanın 70 yaşına həsr etdiyimiz özəl sayımız dekabrın 5-də çap olunur. Dekabrın 5-i həm də Hüseyn Cavidin dünyasını dəyişdiyi gündür. Kamal Abdulla Cavidin yaxın qohumudur. Təkcə genetik əqrabalıq mənasında deyil, onlar həm də söz və fikir zadəganı olmaq baxımından qan və ruh qohumudurlar. Elə bu mənada onun Cavid barədə yazdıqlarını özünə aid etmək olar. Mən Cavidin bütün şəcərəsini tədqiq etmişəm. Nəslin bütün qaynaqlarına baş vurmuşam. Amma nəsil şəcərəsini yazmaq istəyəndə qohumlar kənara çəkilib və düşüncə şəcərəsi önə keçib: Höte, Nitsşe, Dostoyevski, Andreyev… Cavid qardaşlarından daha çox bu insanlara bənzəyib. Məsələn, onun İxtiyar Şeyxi laübalı Şeyx Məhəmməddən daha çox Nitsşenin Zərdüştünə bənzəyir… Cavid naxçıvanlı Şeyx Məhəmməd kimi düşünmür, amma böyüyən səhrada İxtiyar Şeyx mağaradan çıxan Zərdüşt kimi hərəkət edir. Kamal Abdullanın düşüncə şəcərəsində Dədə Qorqudla yanaşı, Füzuli, Berqson, Tanpınar, Umberto Eko var… Ən başlıcası, Kamal Abdulla yaradıcılığının məhvərində cərəyan edən “uzun və müdhiş sükutun” əks-sədası Cavidanədir… Çiçəkli yazının mətnindəki səsli sükutun əks-sədası kimi.