Sən hər bir ürəkdəsən!

Sən hər bir ürəkdəsən!

Bəsti Cəfərzadə 1967-ci il dekabrın 20-də Ağdamın Qiyaslı kəndində dünyaya gəlib. Əvvəlcə Qiyaslı kənd 8 illik, sonra isə Söyüdlüqol tam orta məktəbini bitirib. Bəstinin böyük arzuları olsa da, anası ali təhsil almasna imkan verməyib. O, ailə quraraq uzun illər  Saratov şəhərində yaşayıb.

Amma ürəyi həmişə doğma Vətənlə, doğulduğu kəndlə döyünüb. Uşaqlıqdan şeir yazan Bəsti özünü qərib sananda yenə qələminə sarılıb. On ilə yaxındır ki, o, öz ailəsi ilə Vətənə qayıdıb. Amma nə atasını, nə də anasını görmək bu dəfə ona nəsib olmayıb. Atası 1992-ci ildə düşmənin Ağdama atdığı mərmilərdən açılan qəlpə yarasından şəhid olub. Anası isə doğmalarının sığındığı dəmir vaqon şəhərciyində dünyasını dəyişib. Bundan sonra da, Bəsti bütün həsrətini, dərdini qələmi ilə bölüşür. O, bir neçə kitabın müəllifidir,  şeirləri tədris müəssisələrində keçirilən tədbirlərdə istifadə edilir. Elə öz nəvələri Rəsul, Elnur və Sabir də nənələrinin şeirlərini qürurla söyləyirlər.

 

Bəsti Cəfərzadə torpaqlarımızın, o cümlədən, doğma Ağdamın  işğaldan azad olunmasına çox sevinir və Müzəffər Ali Baş Komandanımız, Ordumuzla qürur duyur. Bəsti xanıma uğurlar arzulayır, onun Vətən qoxulu şeirlərindən oxucularımıza təqdim edirik.

 

QARABAĞ FƏDAİSİ

 

Şəhid mayor Fərid Ələkbərova həsr olunur

 

Dayaq oldun Vətənə,

Qorudun torpağını.

Qaldırdın başın üstə

Üçrəngli bayrağını.

 

Sevirdin Vətənini

Hər vaxt candan, ürəkdən.

Qisas almağa getdin

Sən o nankor düşməndən.

 

Qəhrəmanlar savaşda

Düşməni qırdı, əzdi.

Sənin kimi oğullar

Qanıyla tarix yazdı.

 

Azad edib yurdunu

Verdin Vətən borcunu.

Ana Vətən unutmaz

Sənin kimi oğlunu.

 

Qarabağ fədaisi,

Fatehisən sən, Fərid!

Bu Vətənin yolunda

Oldun qəhrəman, igid.

 

Səninlə fəxr edirik

Ey qəhrəman qardaşım.

Sənin şücaətinlə

Ucadır mənim başım.

 

Şəhidim, bilirəm ki,

İndi çox yüksəkdəsən.

Səni unutmarıq biz,

Sən hər bir ürəkdəsən!

 

 

20 YANVAR ŞƏHİDLƏRİNƏ

 

20 Yanvar günü

Yer-göy lərzəyə gəldi.

Başımızın üstünə

Güllə-boran ələndi.

 

Hamı qaçaqaçdaydı

Gecə qaranlığında.

Səs-küy göyə qalxmışdı

Qışın oğlan çağında.

 

Bu dəhşət, bu faciə

Baş verdi Bakımızda.

Tanklar qovurdu bizi

Xəzər də, qarşımızda…

 

Ağır zirehli tanklar

Od püskürür hər yana.

Qaçışırdı insanlar

Küçədə yana-yana.

 

Tanklar əzib keçirdi

Balaca maşınları.

Vurub yerə sərirdi,

Günahsız insanları.

 

Qızıl qana boyandı

Bakının küçələri.

Həlak oldu bu xalqın

Gör neçə ərənləri.

 

Dəhşətli bir xatirə

Hər il tarix canlanır.

Şəhid soydaşlarımız

Həmişə xatırlanır.

 

Azadlıq, haqq uğrunda

Onlar Şəhid oldular.

Hər il 20 Yanvarda

Yenidən doğuldular!

Təqdim etdi: Mina RƏŞİD

 

Share: