Rəhmət Babacan – 1998-ci ildə Özbəkistanın Xarəzm vilayətində dünyaya göz açıb. “Kitab dünyası” qəzetində çalışır. Gənc olmasına baxmayaraq, artıq şeirləri təkcə Özbəkistanda deyil, Azərbacanda da oxucuların marağına səbəb olub. Rəhmət Babacanın yaradıcılığından bir neçə şeiri Rəsmiyyə Sabirin təqdimatında yayınlayırıq.
***
Məni unutmusan şəfəq doğanda,
Qovuşmaq qadağan edilib bizə.
Səhvlər ömrümüzün qisməti imiş,
Əzəldən yazılıb taleyimizə.
Məni unutmusan alatoranda,
Ruhuma əziyyət edirəm indi.
Fikirlər qəlbimi titrədir yaman,
Bu qəmli şeirlər əsərlərindi.
Məni unutmusan sən gecələrdə,
Qəlbinə bilmədən şübhə salmışam.
Nə taleyindəyəm, nə də qəlbində.
İndi mən keçmişə dönüb qalmışam.
***
Hansı hiss doğmadır – təəccüb, ya əzab?
Ruhuma söylədi göylər sözlərin.
Mələklər dərdimə şərik oldular,
Ən böyük mükafat – sənin gözlərin.
Bir göy sevincimdir, o biri qəmim,
Biri gülümsəyir, biri ah çəkir.
Bizi birləşdirən səmanın altda,
Qəmli gözlər hərdən sevinc də tökür.
Səni düşünmədən qala bilmirəm,
Sınaqlar önündə olacam mətin.
Göydən yerə qədər qıl körpüsündən,
Getmək necə asan, qayıtmaq çətin…
Sənin xatirəni yaddaşa yazdım,
Ruhum təmizləndi sevildiyim an.
Sən hansı səmanın yağışı olub,
Hansı torpaqlara, de, yağacaqsan?
Aramızdakı məsafə
Məndən Sənə qədər
aramızdakı
məsafəni görürsənmi?
Mən görürəm.
Heç olmazsa zərrə qədər
Sən də
duya bilirsənmi?
Bir gör,
bir-birimizdən necə uzağıq.
Hətta insanlar belə
narahatdırlar.
Sənə çatana kimi
nə olacağını hiss edirəm.
Bu məsafə sevginin həsrətidir…
İngilis dilindən çevirdi: Rəsmiyyə Sabir