İlham QƏHRƏMAN
TƏBƏSSÜM
Şəkil göndərdin –
dodaqlarında bir topa təbəssüm
bir topa çiçək kimi…
Ovqatım təzələndi,
yoxa çıxdı incikliyim, umu-küsüm.
Dodaqlarında bir topa təbəssüm –
bir topa çiçək əvəzi,
Stola qoyulmaz, meydan istəməz,
Hər yerdə yanımdadı –
su istəməz, güldan istəməz.
Dodaqlarında bir topa təbəssüm –
bir topa çiçək kimi,
Ətri sardı dörd yanımı…
Təbəssüm küsü saxlamaz!
Şəhərin heç bir gül satanı
belə buket bağlamaz.
03.08.2018
HƏSRƏT
Sən elə getdiyin yerdə qal, xallım,
Ləngi o yerlərdə ləngiyə bilsən…
Boy versin arada həsrət yaşasın, –
Oxusun yollarda nəğməmiz olsun.
Aramız gen qalsın yadlar sayağı,
Həsrət yaxın olsun, doğmamız olsun.
Sənin əsərindi bu həsrət belə,
Səndən nə gəlirsə, əzizdi mənə.
Nə olsun dili yox danışa bilmir
Ona qəsdimizi qanar deyirəm, –
Qayıdıb gələrsən görüşsək, xallım,
Vüsaldan bu həsrət sınar deyirəm.
Sən elə getdiyin yerdə qal, xallım,
Sevək, əzizləyək həsrət bəsləyək,
Pis üz göstərməyək – ürəyi gen ol,
Ona üzümüzü turşutmayaq biz.
Həsrətin mayası sevgidi, xallım,
Mayadan ayırıb üşütməyək biz.
Sən elə getdiyin yerdə qal, xallım,
Ləngi o yerlərdə ləngiyə bilsən,
Boy versin arada həsrət yaşasın.
Onun da yaşamaq haqqı olmalı,
Özünü həsrətə öyrət yaşasın.
12.08.2018
BİR QADIN OLA
Birqadın ola, –
Sevib sonra dalaşasan,
Küsdürəsən, küsəsən…
Barışanda hönkürüb ağlayacaq qədər
səni sevdiyinin şahidi olasan.
Həm özünü qınaysan,
Həm də bığ altından güləsən,
Belə bir qadın ola
Özünü xöşbəxt biləsən…
15.08.2018
QARIŞQA QISQANCLIĞI
Sənə zəng gəldi…
Nə bilim hansı qohumdan,
hansı kəmfürsətdən
görüş yarımçıq bitdi,
Çaya da vaxt olmadı…
Süfrə alt altdan qaldı, üst üstdən.
Ayrılanda bağının əncirindən
pay qoydun – üstü qarışqalı.
Mən də yarımçıq görüşün acığına
yolboyu qarışqasıyla yedim payını.
Qarışqalardan biri fürsət tapıb
dilimi dişlədi – verdi “vay”ımı.
Qarışqa ya sənin qisasını alırdı,
ya əncirinizin.
Əncir olmasaydı deyərdim qarışqa acdı,
Qohumlarının adı çıxıb,
Qarışqaların qohumlardan qısqancdı.
20.08.2018
SOLMAZ MÜƏLLİM
Solmaz müəllim,
dikdaban ayaqqabıda,
qıssa saçlarda
Laçının baş küçəsiylə
şax qədəmlə yeriyən
gənc tarix müəllimi yadındamı?!
Bəs sinifdə körpə cücələr kimi
civildəşən o uşaqlar necə?!
Sən içəri girən kimi səs xırp kəsərdi…
Yadındadımı küçə yenişə,
küçə yoxuşa cökə ağaclarıyla
əl tutan, salamlaşan uşaqlar?!
Solmaz müəllim, küçənin o tayında
Bir uşaq səni görəndə
tez başından papağını çıxardardı,
Amma, sən onu görməzdin.
And olsun o uşağa papağı
başdan çıxardan hissin adına
O uşaq paxla çubuğa dolaşan kimi
hələ də dolaşıb qalıb Laçında.
Solmaz müəllim, bax Laçının
küçələrinin yadından o şax yeriş,
o şux baxış çıxmayıb hələ…
O şax yerişin, gözəl baxışın
hələ dadı damağındadı Laçının.
İnan mənə, Solmaz müəllim.
Hələ də 8 illik məktəbdə
O uşaqlar o sinifdə cücə kimi
civildəşirlər.
Hələ də cökə ağacları
o uşaqların salamını gözləyirlər.
Solmaz müəllim,
bu nədi başımıza gəldi,
kim səhv etdi, kim karıxdı?!
Solmaz müəllim, Solmaz müəllim,
bu necə tarixdi?!
24.08.2018
İT ULARTISI
-Həyətdə it saxlayırsız? –
Qonşum soruşur.
-Yox, necə bəyəm? –
Mən soruşuram.
-Gecə siz tərəfdən ulartı gəlir, –
Qonşum deyir.
Laçının həsrəti itə dönübdü…
Nə əlac eyləyim keçə bu həsrət?!
Bu dərd ulamasa, bağrı çatlayar,
İt olub ulayır gecə bu həsrət.
28.08.2018
SƏNƏ GƏLƏN YOL
Sən hələ də füsünkarsan,
Salxım yasəmən çiçəyi kimi…
Mən hələ sənə gələn yoldayam…
Sənsən aşiqin könül məstliyi.
Sənsən aşiqin vəfa sərtliyi.
Mən hələ sənə gələn yoldayam…
Harda görmüsən belə itaət?!
Döyüşsüz təslim olmuş şəhərəm,
Minnət kimi çıxmasın e, canım, –
Birini ye, beşini itə at!
Yuxudan ayılan kimi
Düşürəm yolun ağına, –
çıxıram sənə gələn yola.
Yerinə kim olsa, maya qoyar
məni kimi üzüyola qula.
Səndən ayrılıb gedirəm,
amma baxıram yenə
sənə gələn yolu gedirəm.
Səndən qayıdanda da sənə gəlirəm.
Sən hələ də füsünkarsan,
Sənə gələn yola aşiq düşər.
İstər gecə olsun, istər gündüz,
Sənə gələn yola işıq düşər.
02.09.2018
NABRANDA ŞEİR AXŞAMLARI
Qəndab Bəşirqızına
1
Qarğaşadan çatdırmadım, –
Yaya dedim, payız gəldim.
Mən elə Tək oğlu Təkəm,
Nabrana da yalqız gəldim.
Yaya dedim, payız gəldim,
Yalanım çıxmasın, Qəndab!
Şair niyə bu gündədi?-
Şairsən “niyəsin” sən tap!
Bir gedəcək yerim yoxdu,
Getdiyim ünvan Nabrandı.
Sağ ol, xoş üznən deyirsən –
Buralar sənə qurbandı!
Sən bir az hay-haraylısan,
Xoş sədan ucadan gəlir.
Səsin adama yapışır,
Səsin Qızılcadan gəlir.
2
Axşamlar başına yığışdığımız
fındığa işıq çəkənin əlləri var olsun –
xatirələrə də düşür…
Hər adam şeir istəmir,
şeirli axşam fürsəti
əlimə arada-bərədə düşür…
O xatirələr hələ də mənə
əl yelləyir, gülümsəyir,
Xoşqədəm süfrəyə
qızılgüllü çay süzürdü,
mən ortalığa şeir.
Söz keçənlərdən düşəndə
gözümüz səyriyirdi…
O yanda dəniz ləpələnirdi
Bu yanda sən yaş qoz ləpələyirdin…
Laçını yad edəndə, –
səsimiz alınır, ümid öləziyirdi.
Birdən ağzımız şeirə əyilirdi –
çay buza dönürdü…
Xoşqədəm təzələyirdi.
Başımız nələr çəkmədi,
ömürdən nə qədər nəs il keçdi?!
Ağlımıza gəlməzdi heç –
Meşə də, çay da, dəniz də
şeirə qulaq kəsilmişdi.
Gözəl axşamlar keçirdik, –
baxmadıq soyuğuna, küləyinə.
Tanrı ömrə-günə yazsın, –
Sığala tamarzı yetim kimi
tamarzıyam elə günə.
13.10.2018
AYDINLIQ
Gedirsən uzaqlara,
Heç nə olmamış kimi, –
gedirsən arxayınca.
Üzülmə ağlamıram –
gözlərim vərdiş edib
su səpirlər ardınca.
20.10.2018
VİOLENDƏ SƏN
Violendə hicran çalır Pərviz Yahəqqi,
Bütün hicran nəğmələri səni səsləndirir
Amma, bu zalım səni bir ayrı çalır, –
Hicranın səsindən sən yaranırsan.
Mən indi sevginin musiqi fəslindəyəm,
Qış ilin sərt fəsli olan kimi
Musiqi fəsli ən kədərli çağıdı sevginin…
Violendə hicran dil açan kimi
gəlib durursan gözümün qarşısında
Yaxanın iki düyməsi açıq, saçı dağılmış,
Diz-dizə, göz-gözə, iki əllərim əlində…
Suallarına yalan uydurmalıyam,
Elə yalan ki, şirin olsun, könlünə yatsın, –
Asan deyil…
Bilirəm sən də Allaha yalvarırsan
yalan uyduranda çaşmayım…
Belə məqamda böyrümdən çıxasan –
Gözlərimi görsən inanmarsan,
Sahibsiz it gözündəki kədər muştuluq olar.
Violenin səsi su torpağa hopan kimi
Hopur canıma səninlə bir yerdə –
Sən hopan suda rəng kimisən.
Mən indi sevginin musiqi fəslindəyəm,
Heyf! Sən ona qulaq asmırsan.
29.11.2018
SƏN GÖNDƏRƏN ŞƏRQİ
Sən göndərən şərqi bükdü dizimi,
Mən çətin dikələm qalxam bir daha.
Agah olmaq üçün belə yığvaldan
Gərək vaxt eliyəm çıxam Allaha.
Bu bəxt ilmə-ilmə necə toxundu,
Bu ömür-günü kim qavğardı belə?!
Niyə bu sevgiyə bir yol görünmür,
Niyə dörd yanımız divardı belə?!
Talenin işindən baş açmaq olmur,
Görmədim yetişə dada sevgisi.
Sevgini göndərir divar da çəkir,
Ya divarı qalsın, ya da sevgisi.
Səni gözləyərəm – gözüm yol çəkər,
Amma, mənə gələn qədəmin olmaz.
Gəmiylə doludu çaylar, dənizlər,
Bizi də götürən bir gəmi olmaz.
Bizi də götürsə, göyərtəsinə
Yolboyu həsrəti suya çəkərdik.
Sevginin şəklini gündüz günəşə,
Gecələr boylanan aya çəkərdik.
O gəmi uzağa götürə bizi,
Nakam sevgilərin yeri ağlaya…
Sən göndərən şərqi səslənə birdən
Bir gözümüz gülə, biri ağlaya.
Sən göndərən şərqi şeirə döndü,
Misranın, sətirin budu düzümü.
Sən göndərən şərqi su imiş, zalım,
Sən göndərən şərqi yudu üzümü.
ŞİRİN AĞLA MƏNİ
Vaqif Səmədoğluna
Ölüm xəbərim sənə çatanda
gərdəkdəki gəlin kimi
heç kəsə görünməzsən,
hamıdan uzaq olacaqsan,
Qapının dalını vurub
ən yaxın sirdaşına,
doğma balana da açmayacaqsan…
Axı məni nə deyib,
kim deyib ağlayacaqsan?!
Qorxarsan qızarmış gözlərini,
səyriyən dodaqlarını görən olar…
İnanmazsan – əllərin bir cüt çəkic,
gözlərin bir cüt şırran olar.
Bir uzun xalat geyərsən –
gözünə dəyər ətək ağlarsan…
Söndürərsən telefonu da
hamıdan qaçıb tək ağlarsan…
Üzünü küncə tut, hıçqır için-için,
Eləcə sərin ağla məni.
Mən səni şirin sevirdim,
Səndə şirin ağla məni.
Adım dilinə gəlməz
İlan vuran ala çatıdan qorxan kimi
qorxarsan adımdan.
Qu sudan necə çıxır –
eləcə quru çıxarsan adımdan
Öz əlin öz yaxanda qalar…
bütün dərdlərin
bu dərdinə muştuluq olar.
İNDİ
Bu şirin sevdalar cana duzaqdı,-
Kor-peşman qayıdıb gəlirəm indi.
Göy niyə bu qədər Yerdən uzaqdı,
Barmaq dişləmişəm, bilirəm indi.
Göz gözdən göz olar – gözə nə baxıb?!
Gözə göz qoyanlar özünə baxıb.
İt-pişik umsunur üzümə baxıb,
Ey dil, ürəyimi bölürəm indi.
İlhama bir oda tikirdim dünən,
Bürcündən yıxılıb hönkürdüm dünən
Mən hansı dərdləri çəkirdim dünən,
Gör hansı dərdinən ölürəm indi.
ALLAH LAÇINDA TƏK QALDI
Yurdda nə qalmadı bizdən –
Arısıyla çiçək qaldı.
Biz Allahı qoyub gəldik,
Allah Laçında tək qaldı.
***
Yaxşı ki, sən varsan, bu darıxmaq var,
Darıxıram – gələn budur əlimdən.
Desəm inanmazsan –
sənsiz olanda
Səninçün darıxmaq tuturəlimdən.
KİTAB ÜSTÜ GÖTÜRMƏK
Dostum Ramil Qədirov üçün
Bulaq üstü götürən var
el yolunun qırağında.
Mələklər adını yazar
dəftərinin varağında.
Xoş əməl sahibləri
ruhumuzu silkələr,
Kitab üstü götürmək
kimin ağlına gələr?!
Müşkül iş, çətin suala
Rəbbimiz cavab gətirər,
Bu iş könül qazancıdı,
Həmişə səvab gətirər.
Belə yerdə açılır
şairin qırışığı,
Bu kitaba yoldaşdı
ürəyinin işığı.
Yaxşılıqlar itən deyil,
Qarşına çıxar – and olsun.
Sən kitab üstü götürdün,
Ramil, işin avand olsun!
SƏN MƏNİ GÖZƏL UNUDARSAN
Səndən yaxşı tanıyanım yox,
Məni səndən yaxşı kimsə unutmaz…
Dinmədən, danışmadan,
sakitcə – lal unut, tellim,
Xatirələri dəyməyə qoyma
eləcə kal unut, tellim.
Məni bir ağac hesab eləsən,
Hər budağımda bir xatirəmi –
Bir budağımda o gizlin
görüş yerini unudarsan,
Bir budağımda əlimin sığalını,
Bir budağım da dodağımı,
öpüş yerini unudarsan.
Unut məndə nə gördünsə,
Sənə çəkdirdiyim acıları,
dilimdən çıxan zəhəri unut,
Zəng edib danışa bilmirdim
boğazıma tıxanan qəhər iunut.
Məni səndən gözəl heç kəs unutmaz
Axşamlar balaca eyvanında
tamaşasına durduğumuz
şəhəri, seyri unut,
səni mənə sevdirən sirri-xudanı,
sehri unut,
Heç nəyə rəhm eyləmə –
sənə yazdığm şeiri unut.
Hər görüşdə
yeddi illiyimizi geri salan qorxunu,
Fələyin amansız hərlənən
çarxını unut.
Pünhan gətirdiyim xrizantemi, –
sevdiyin gülünü unut,
Adımı “Dəli” qoymuşdun –
mən adlı dəlin iunut.
DİŞİNİN KİLİDİ, GÖZÜNÜN KİNİ
İslanmış yastığı tərs üzə qoydu,
İçində nəyi var yır-yığış etdi.
Əlinin dalını gözünə çəkdi,
Nə alqış söylədi, nə qarğış etdi,
Götürdü eşqini dəfn eləməyə.
Onun qarasına deyinmədi heç,
Hələ yerindədi soyuq təmkini?!
Yetər bu dünyanı alt-üst etməyə
Dişinin kilidi, gözünün kini…
Aparır eşqini dəfn eləməyə.
Ağlına gəlməzdi belə gün gələr,
Sitayiş edirdi ona büt kimi.
O necə sevibdi, kim anlayacaq,-
Ağzında balası gedən it kimi
Aparır eşqini dəfn eləməyə.
O qədər ağırdı zindan kimidi
Haraya gömülsə, sirr götürəcək…
Dünyada olanı-qalanı gedir
Yanında özünə yer götürəcək.
Aparır eşqini dəfn eləməyə.
DOST, SƏNİ SEVDİYİN QADIN AĞLADIR
Gözünün bulağı islaq görünür,
Dost, səni sevdiyin qadın ağladır.
Qarasevdalarvaryasaqgörünür,
Dost, sənisevdiyinqadınağladır.
Sinəniodlayıbkeçənahınvar,
Bəlkəunutmusanbirgünahınvar,
Əfvüçünmollavar, keşiş, kahinvar…
Dost, səni sevdiyin qadın ağladır?!
Payız hardan çıxır, qış hardan gəlir,
Ayaqharagedir, başhardangəlir,
Gözündənbirbeləyaşhardangəlir
Dost, sənisevdiyinqadınağladır.
Sən tapan dərdidi tapdı Kərəm eyy,
O Kərəm hardadı indi görən eyy?!
Boynuna almırsan – and içərəm eyy,
Dost, səni sevdiyin qadın ağladır.
Nə tale gözləyir geridə səni,
Beləki çəkirsən – əridər səni…
Kimin əlindədi kiridə səni?!
Dost, səni sevdiyin qadın ağladır.