Səndən sonra torpağa, bayrağa vurulmuşam, Mənəm, sevgi şairin, vətən gəlin, bu mənəm

Səndən sonra torpağa, bayrağa vurulmuşam, Mənəm, sevgi şairin, vətən gəlin, bu mənəm
Faiq HÜSEYNBƏYLİ 
BU MƏNƏM!
Qaysaq bağlamayıb ki, sinəmdəki yaralar,
Nə biləydim payızda sevgilər də saralar?
Barıt qoxusu gəlir sözümdən bu aralar,
Məni sevgi şairi edən gəlin, bu mənəm,
Deyəsən tanımadın, gedən gəlin, bu mənəm.
Faciədən çıxmışam, hər tərəf qan qoxusu,
Ərşə çıxıb şairin ilan vuran yuxusu.
İçimdə müharibə, ölüm-itim qorxusu,
Mənim dəli halıma gülən gəlin, bu mənəm,
Bir zamanlar dərdimdən ölən gəlin, bu mənəm.
Ölmüşəm, dirilmişəm, dirilmişəm, ölmüşəm,
Son gülüşüm səndədir, sonda sənlə gülmüşəm.
Görüşünə qərənfil dəstəsiylə gəlmişəm,
Ünvanı səhv salmışam, mənəm, gəlin, bu mənəm,
Dərdəm başdan-ayağa, qəməm, gəlin, bu mənəm.
Ağlamaq istəyəndə çəkilirəm xəlvətə,
Bürünmüşəm həsrətə, ayrılığa, dəhşətə.
Diri-diri kim gedər mənim kimi rəhmətə?-
Həyatımda ən şirin yalan gəlin, bu mənəm,
Eşqin sonuna lövbər salan gəlin, bu mənəm.
Bələnmişəm bu axşam yenə şəhid ətrinə,
Bağışla, dəyəmmirəm daha sənin xətrinə.
Səndən ötrü nə edim, edim səndən ötrü nə? –
Yağış gəlin, qar gəlin, tufan gəlin, bu mənəm,
İçimdən haray kimi qopan gəlin, bu mənəm.
Bu mənəm, məzlum Faiq, qəlpə-qəlpə olmuşam,
Şimşək kimi çaxmışam, bulud kimi dolmuşam.
Səndən sonra torpağa, bayrağa vurulmuşam,
Mənəm, sevgi şairin, vətən gəlin, bu mənəm,
Günəş batan qürubda itən gəlin, bu mənəm.
Share: