Səngər adamının şeirləri – Zemfira Məhərrəmli yazır VƏ YA MÜHARİBƏNİN İÇİNDƏN YAZANDA

Səngər adamının şeirləri – Zemfira Məhərrəmli yazır VƏ YA MÜHARİBƏNİN İÇİNDƏN YAZANDA

Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist

Çağdaş günümüzdə savaş ədəbiyyatından söz düşərkən müharibə mövzusunda silsilə şeirləri, qələmə aldığı cəbhə xatirələri ilə gündəmdə olan şair-publisist Emin Pirinin obrazı göz önünə gəlir. Onun hasilə gətirdiyi bədii nümunələr səmimiliyi, ən başlıcası isə inandığı həqiqətləri əks etdirməsi ilə seçilir.

Hələ 2008-ci ildə Ağdam istiqamətində, düşmənlə təmas xəttində həqiqi hərbi xidmətdə olan, daha sonra kursant kimi hərbi təhsil alan, iki il ərzində burada zabittək qulluq edən Emin səngər həyatı yaşamışdı. Atəşkəs dövrü olsa da, yırtıcı düşmənin təxribatlarının, sərhədyanı kəndlərimizi tez-tez atəşə tutmasının, dinc sakinləri gülləbaran etməsinin şahidi olmuşdu.

Bədii ədəbiyyata, yazıb-yaratmağa olan həvəsi güclü idi. Bəlkə elə bu kədər dolu yaşantıları, itkilərimizdən dolayı keçirdiyi dərin təəssüf hissi bir şair kimi, onun yaradıcılığına müharibə mövzusunu gətirmişdi. Sevgi şeirləri ilə ədəbiyyata gələn şairin ilk bədii nümunələri həm də Birinci Qarabağ savaşında və sonrakı dönəmdə hər an qarşılaşdığımız ah-zarın, inilti və nisgilin tərcümanı idi. Məğlubiyyətimizdən doğan qüssəni içində yaşadan, bu üzdən heç nə ilə ovunmayan, darıxan şairin bu qəbildən olan şeirlərində təsirli məqamlarla, fərqli poetik düşüncələrlə, bəzən rişxənd dolu sərt intonasiya ilə qarşılaşırıq. Gənc şairin Vətən mövzusunda qələmə aldığı “Başdaşları utandırdı məni” şeirində Qarabağ ağrı-acımızın illərin ətəyindən yapışıb yaman çox uzandığını, şəhid məzarlarının qalib gələcəyimiz günün intizarı ilə “gözlərini yola dikməsini” təəssüf qarışıq kədər hissi ilə çatdırır. Birinci Qarabağ savaşında şəhadətə yüksəlmiş, sükut məkanı Şəhidlər Xiyabanında uyuyan, indi yaşca ondan çox kiçik, on səkkiz yaşlı oğulların başdaşları üzərindəki doğum tarixlərini gözdən keçirən şairin yaşadığı duyğulardan bu şeir doğulub:

Məndən kiçikdi hələ
məndən öncə doğulanlar,
“əmi” deyib
üstümə qaçır başdaşları.
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş…

Müəllifin “Dünyanın ən təmiz yalanı” adlı şeirində axar-baxarlı, dağ havalı elindən-obasından köçmək məcburiyyətində qalmış ailələrin, didərgin balalarının ən ülvi arzularından məhrum olması bədii sözün gücü ilə, bənzərsiz poetik lövhə yaratmaqla təsvir edilmişdir. Qarla oynamağı sevən uşaqların hətta bu istəklərinə də çata bilmədiyini, sevincləri kədərə çevirən amansız müharibənin, dinc yaşayışın, əmin-amanlığın üstündən xətt çəkdiyini vurğulayır Emin Piri. Saflıq, təmizlik rəmzi olan bəmbəyaz qara müraciətlə yazılmış şeirdə oxuyuruq:

Qar vardı,
uşaqlar yoxdu.
müharibə qovmuşdu
yavruları torpaqlarından.
onların yerində
tanklar “oynayırdı”.
qar istəyir uşaqlar –
tanksız,
yalansız…
yağırsansa, belə yağ, qar!

Uzun illərdən bəri davam etmiş atəşkəs dövründə düşmən mərmiləri ilə hədəfə alınan neçə-neçə əsgərimizin, sərhədyanı kəndlərin dinc sakinlərinin güdaza getməsi, həyatını itirməsi, anaların göz yaşı, fəryadı hamımıza bəllidir. Eşitdiyimiz, qulaqlarımızı yağır edən, “adı var, özü yox” atəşkəsdən, əslində, “nə müharibə, nə də sülh” rejimindən bezən müəllif yazırdı:

atəşkəs pozulub…
düşmən susduruldu
mərmilərə
atılan
Ana fəryadıyla.

Sülhə, müharibə kabusundan azad həyata təşnə olan, can atan soydaşlarımız kimi, müəllifin də ən böyük istəyi otuz ildən bəri qapılarını aça bilmədiyimiz yurd yerlərinin tezliklə düşməndən təmizlənməsi, ölkəmizin ərazi bütövlüyünün bərqərar edilməsi idi. “Can borcu” şeirindəki sətiraltı mənalar bu baxımdan fikrimizə sübutdur:

Qız qalası,
tək tənha yalqız qalası…
Ancaq
Şuşa qalasına
qonaq getmək də
keçir könlündən
bizim Qız qalasının.

“Mələklərə atılan mərmilər” şeiri də dərin bir yanğı, hüzn və kədər hissi yaradır qəlbimizdə. Bütün canlılara, hətta göydə uçan quşa, qarmaqarışıq vaxtda, elatı köç edən kəndlərdə aralıqda sahibsiz qalmış heyvanlara, yamyaşıl ağaclara, bütün təbiət gözəlliklərinə güllə atan erməni qaniçənlər, təbii ki, düşmən hesab etdikləri soydaşlarımıza, əliyalın, silahsiz insanlara, qadınlara, qız-gəlinə, körpə uşaqlara belə rəhm etmirdi:

Analar saxlaya bilmirdi
bombaları,
uşaqlar qaça bilmirdi
bombalardan…
şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
axtarırdı yavrusunu…
daş qaldırmaqdan
daşa dönmüşdü təklənmiş əli.

Bundan daha təsirli fəlakət, faciə ola bilərmi? Müharibənin sərt üzü, dəhşət, ölüm saçan cəbhə lövhələri bu şeirlərin canına, ruhuna hopub.

Savaş ədəbiyyatı gerçəyi o zaman əks etdirə bilir ki, bu qəbildən ədəbi əsər yazan şəxs qanlı cəbhələrin barıt qoxusunu duymuş, hərb qovğasının isti-soyuğunu dadmış olsun. Hərbi qulluqdan uzaqlaşsa da, gərək olan anda daim Vətənin yanında olacağını düşünürdü Emin Piri. Birinci Qarabağ savaşındakı məğlubiyyətimizin qaysaq bağlamayan yaraları ilə barışmayan şair 44 günlük Vətən müharibəmizin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanır. Zabit Emin Piri artıq qanlı savaşın içində idi, təkcə eşitdiklərini deyil, həm də gördüklərini yazırdı. Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa ətrafında gedən döyüşlərdə iştirak etmişdi. “Allah, mən ölümü barmağında oynadan bəndənəm” deyən hərbçi-şair savaş meydanında yaşadıqlarını, komandirtək rəhbərlik etdiyi tağımın əsgərləri ilə birgə qatıldığı uğurlu döyüş əməliyyatlarını, fərarilik edən, böyük itkilər verən düşmənin aciz durumunu öz cəbhə gündəliklərində sözün gücü ilə təsvir edirdi. Gözüylə odlar-alovlar görən müharibə adamı şahid idi ki, yandırıb-yaxan savaşlar həm də ağır döyüş əməliyyatlarına qatılan oğulların əlilliyə düçar olması, fiziki imkanlarını itirməsi, ailələrinə, balalarının, sevdiklərinin yanına əlsiz-ayaqsız, əlil arabasında dönməsi deməkdir. Şairin “İtirilmiş əllər” şeirində bəhs edildiyi kimi:

Görüşəndə
sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
gül ləçəklərində axtarır
sevgilisinin cəbhədə itirdiyi əlləri.

Müəllif “əsgərlərin ayaqları torpağa basdırılan minalara toxunanda ölüm saçan partlayışın dərin yaralar açdığını, qara xəbər alan anaların yuxusunun qaçdığını”, kövrək, lirik təsvirlərlə dilə gətirir:

…O da cəbhədəydi,
mərmilər qucaqlamışdı
sağ ayağının addımını…
addım səsinə qayıdıb
itmiş ayağını aldı əlinə.

Müharibənin qanlı səhnələrini təsirli, poetik lövhələrlə canlandıran “Sağ qalan varmı?” şeirini həyəcansız oxumaq olmur. “Hər əsgər tabutu bir ağ gəlinliklə köçər, hər atılan güllə bir sevən qızın arzularını götürüb gedər” – deyən şair şeirin sonuncu misralarını mərdliklə vuruşub şəhid olan igidlərimizin şəninə elegiyatək bitirir, komandirin həyəcan dolu sualı və döyüşdə yaranan lal sükut yaddaşımıza həkk olunur:

Gecə yarısı bir qız
məktub yazır səngərə…
Daha məktub yazmağa,
ehtiyac yoxdu…
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?! 

Əvvəldə söylədiyimiz kimi, Emin Piri onu daha çox tanıdan savaş şeirləri ilə kifayətlənməyib, cəbhə həyatının müxtəlif anlarını aydın, anlaşıqlı təhkiyə ilə qeyd dəftərçəsinə köçürüb. Bu cəbhə gündəlikləri onun ərsəyə gətirdiyi dəyərli publisistika nümunələridir. Müəllifin fikrincə, müharibə faciədir, insanların ölümü, şəhərlərin, kəndlərin viran olması, nadir mədəniyyət nümunələrinin dağıdılmasıdır. Tərəqqipərvər insanlar, dünya şöhrətli söz adamları tarixən haqlı mübarizə və müharibələrin tərəfdarı olublar. Hərbçi-şair müsahibələrinin birində deyir ki, “müharibəyə qarşı olmaq lazımdır. Mən özüm də savaşa qarşıyam və həmişə də belə olacaq… Biz müharibə eləməmişik. Biz işğalçılığa qarşı çıxmışıq, haqqımızı istəmişik”.

Yaşadığı səngər həyatı yuxularına girən Emin Piri cəbhə gündəliklərində yazır ki, “Vətən müharibəsi məni bu əzabdan qurtardı. Daha o yuxuları görmürəm… Səngər həyatımız davam edir. Burada başını səngərdən qaldırmaq ya hansısa snayperin sinəsinə medal taxmaqdır, səngərdən qırağa çıxmaqsa, ayaqlarını minalar üstündə unutmaqdır”. Barıt qoxulu bu qeydlərdə daha sonra oxuyuruq: “Keçmişdə etdiyim qaralamalarım Vətən müharibəsi zəfərindən sonra məndə maraq oyatdı. Çünki məğlub bir ölkənin səngər həyatından bəhs etməyi ya özümə yaraşdırmır, ya da bundan utanırdım. Axı, kimə nəyi sübut edəcəkdim? Utanırdım… Məğlub bir ölkənin zabiti kimi xatirələr dərc etdirməkdən. Eləcə səngər şeirlərimlə ovunurdum”.

“Yaşasın sülh naminə müharibə!” deyən müəllifə görə, müharibə sonrası həmişə savaşlardan daha dəhşətli və ağrılı olur. Emin Pirinin ürək ağrısı ilə hasilə gətirdiyi cəbhə gündəlikləri savaşdan yeni çıxmış bir xalqın yaşadıqlarını, övladlarını şəhid vermiş anaların göz yaşlarını, körpə cəsədlərini, ataların donub buz bağlamış sığallarını, məzarlıqlardakı başdaşlarından boylanan sevgiləri, daha nələri-nələri bir daha canlandırır, yada salır. Müəllifin “Müharibədən müharibəyə ədəbiyyat”, “Koronadan daha qorxulu xəstəlik – soyqırımı”, “Yaşasın müharibə” və digər cəbhə gündəlikləri də maraqla oxunur.

“Uşaqlardan-uşaqlara – Xocalı” adlandırdığı müharibə gündəliyi ordumuzun Xocalının kəndlərində – o müqəddəs, cənnətməkan torpaqlarda apardığı döyüş əməliyyatı günlərində hərbçi-yazarın yaşantılarından bəhs edir. Erməni canilərin bu yurd yerimizdə törətdikləri soyqırımını yaddaşında çözələyən Emin Piri qeydlərində “Bu cür cənnət torpaqda uşaq qətliamı niyə yaşansın, axı?! Cənnət torpağı uşaq qanıyla gübrələmək hansı düşüncənin məhsulu ola bilər? Vandalizmin!” fikirlərini önə çəkir.

Hücum əməliyyatlarımız zamanı qorxuya düşüb evlərini tərk edən erməni ailələrinin yaşadığı evlərin birində uşaq fotoşəkilləri albomunu vərəqləyən zabit Emin Pirinin keçirdiyi hisslər olduqca düşündürücüdür. Cəbhə gündəliyinin müəllifi bu evdə vaxtilə yaşamış azərbaycanlı uşağın – “yaşı bizdən böyük, bizdən əvvəl doğulan, amma heç zaman böyüməyən bir uşağın” iztirablarını, qar üstünə qan yağan gecədə qətlə yetirilən, torpağa qarışan günahsız, məsum yavrunu göz önünə gətirir. Qətliamın yaşandığı yerdə erməni uşaqlarının şəkillərinə baxan müəllif yazısını bu ovqatla bitirir: “Uşaqlıq xatirəsinin nə olduğunu yaxşı bilirəm. Bizimkilər yaşamasalar da, o qaçaqaçda uşaqlıq xatirələrini salıb itirsələr də. Bəlkə də bəziləri xatirələrlə birgə torpağa qarışıb torpaq olsalar da. Azərbaycanın torpaq uşaqları…”

Cəbhələrdə qarşılaşdığı hadisələri bitkin, dolğun şəkildə, obrazlı dillə çatdıran gündəliklərin bir qismi hekayə təsiri bağışlayır. Düşünürəm ki, gənc həmkarım, istedadlı qələm adamı haqsıza suçunu başa salan, tarixi ədalətsizliyi bərpa etmiş Vətən müharibəmizin odlu, həyəcanlı günlərinin ayrılmaz parçası olan cəbhə gündəliklərini bir toplu, kitab kimi dərc etdirəcək. Bu əsər Zəfər savaşımızdan bəhs edən etibarlı mənbə, mükəmməl qaynaq kimi hərb tariximizə düşəcək.

Share: