Yerevanda tez-tez arxa şüşəsinə hərbi formada gəncin iri ağ-qara fotosunun yapışdırıldığı avtomobillərə rast gəlirsən. Bu, kiminsə Dağlıq Qarabağa görə Azərbaycanla aparılmış 44 günlük müharibədə həlak olmuş oğlu, atası və qardaşıdır. Rəsmi məlumata görə ölənlərin sayı 4 mindən çoxdur, amma qeyri-rəsmi məlumata görə 7 mindir. Əhalisi 3 milyon nəfərə də çatmayan ölkə üçün bu, dəhşətli itkidir.
Müstəqil.Az xəbər verir ki, bu sətirlər “Arqumenti i Faktı” nəşrnin şərhçisi Georgi Zotovun Yerevandan hazırladığı reportajdan götürülüb.
“Başdan ayağa bəla hökm sürürdü. Mən heç döyüşməyə imkan tapmadım. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşduq, konyak içirdik, birdən yüngül vıyıltı və-paart! Bir də hospitalda ayıldım, Türkiyə pilotsuz təyyarəsi zərbə endirmişdi. Mənim dostlarımdan ikisi parça-parça olmuşdu, mən isə möcüzə sayəsində sağ qaldım. Budur, əlim zədələnib”,-könüllü kimi Qarabağda olmuş Armen Mnatsakanyan iki barmağı qopmuş əlini göstərir.
Müəllif yazır ki, Qarabağ müharibəsi bunu əla nümayiş etdirdi: silahlı münaqişədə qalib gəlmək üçün təkcə cəsarət bəs eləmir. Rəqibin imkanlarını ayıq qiymətləndirmək, ciddi intizam və müasir texniki təchizat da lazımdır. Döyüş meydanına yüzlərlə tank və gənc əsgərlər çıxarıb “Ura!” deyə irəli getmək daha işləmir.
“Azərbaycan 1994-cü ildən ardıcıl şəkildə silahlanırdı”,-erməni ordusunun keçmiş kapitanı Suren Ter-Gukasyan köks ötürüb deyir. Əlavə edir ki, təkcə son 9 ildə Azərbaycan silahlanmaya 24 milyard dollar sərf edib. Ermənistanın isə belə imkanı yox idi və cəmi 4 milyard dollar xərcləyə bilmişdi.
“Biz sərsəmləmişdik. Erməni cəmiyyətində eyforiya hökm sürürdü. Belə səslər eşidilirdi: “Axı bu azərbaycanlılar döyüşə bilir? Qoy bir yerlərindən tərpənsinlər, düz Bakıya qədər gedəcəyik!. Bax belə getdik, qısaca desək”,-Suren deyir.
Məqalədə deyilir ki, əslində təmas xətttində atışmalar 26 ildir davam edirdi. Yəni arxayınlaşmaq üçün əsas yox idi. Lakin məlum oldu ki, ermənilər azərbaycanlıların irimiqyaslı hücumuna qətiyyən hazır deyil. Onlar keçmişdəki uğurların təsiri altında yaşayırdılar və hesab edirdilər ki, rəqiblə asanlıqla haqq-hesab çəkəcəklər. Azərbaycanda isə Qarabağın qaytarılması milli ideya idi.
“Mən Bakıda olanda buna özüm əmin oldum. Azərbaycanlılar uşaqlıqdan yeni döyüşə can atırdılar və mənəvi olaraq qurbanlar verməyə hazır idilər. Ermənilər uzun illərdir Azərbaycanın müasir silahlar almasına baxırdılar və hesab edirdilər ki, bütün bunlar onları qorxutmaq üçündür, başqa heç nə. Rəqibi əvvəlcədən aşağılayırdılar və ona açıq-aşkar gülürdülər: “Onlar qorxaqdır, cəsarət etməzlər”. Amma Livanda, Beyrutun erməni məhəlləsində doğulmuş Levon Mnatsakanyan deyir ki, azərbaycanlılar elə ilk günlərdən havada hökmranlıq eləməyə başladılar. Tanklar və zirehli maşınlar işə yaramırdı, pilotsuz təyyarələr texnikanı az qala onlarlasını birdən məhv edirdi. Raketlər blindajları və komanda məntəqələrini dağıdırdı. Ön xəttə sursat aparmaq mümkün deyildi: pilotsuz təyyarələr yük maşınlarını ovlayırdı. “Mən sərhəddə bir aya yaxın toplanış məntəqəsində oturdum, bizi heç yerə göndərmədilər: istənilən maşını yolda havadan vururdular”,-Levon deyir”.
Yerevanda deyirlər ki, ermənilər on minlərlə könüllü toplayıb, amma onları daha sonra necə etməyi bilməyib. Çünki cəbhəyə qüvvə göndərmək məqamı əldən verilmişdi. Digər məqam isə döyüş zonasında hərbi intizamdır.
“Söhbətləşdiyim könüllü gizlətmir ki, onlar səngərdə oturub konyak içirdilər. Aydındır ki, müharibədə alkaqolsuz keçinmək çətindir. Amma “cəsurluq” üçün müntəzəm içdinsə cəld reaksiyadan və soyuq başla mühakimədən danışmaq yersizdir. “Bizdə səngərlərdə zabitlərdə də babat vururdular. Axı qorxulu idi. Mən özüm səhər açılandan içirdim, əks halda adamın əsəbləri pilotsuz aparatların partlayışına dözmür”,-Qarabağdan qayıtmış əsgər Araik Xaçikyan deyir. Bildirir ki, komandirlər tez-tez rəhbərliyin əmrlərinə məhəl qoymurdu, necə lazım bilsələr elə hərəkət edirdi. Ümumən, büsbütün “bardak” hökm sürürdü.
Sonda rusiyalı şərhçi bu qənaətə gəlir ki, Qarabağda baş verənlərdən Rusiya özü də dərs çıxarmalıdır. Çünki ən yeni Türkiyə pilotsuz təyyarələrinin tətbiqi göstərdi ki, indiki dövrdə meharibə metodları sürətlə dəyişir. “Ümid edirəm ki, Rusiyada tezliklə pilotsuz təyyarələrin istehsalına başlayacaqlar. Arxayınlaşmaq olmaz. Ermənistana bu kömək eləmədi”,-o yazır.
Müstəqil.Az