Səni sevmək həyata uzaqdan baxmaqdı… Səni sevmək dəli olmaqdı…

Səni sevmək həyata uzaqdan baxmaqdı… Səni sevmək dəli olmaqdı…

Günay ÜMÜD

Diktator ayrılıq

Qadın ayaqqabıları bəzəyən
ev girişləri
Çox xoşbəxtdi deyə düşündü kişi…
Onun azadlığını təsəlli edə bilmədi
Diktator ayrılığı…

Balaca qızının çəkdiyi rəsmlər
Meyvə gətirmişdi…
Nəlbəkidə üfürdüyü şirinçayla
Doyurmaq istəyirdi
anasızlığının gözünü…
Üfürdükcə
Soyutmaq istəyirdi
Atasının yanan ürəyini…
Əvvəlcə
qadınsızlıqdan yoxsullaşmışdı kişi…
Baxışları yanaqlarına dirsəklənib
Qızının üzünə zilləndikcə
Yalançı təbəssümüylə örtdü
Çarəsizliyinin üzünü…

Qızının
Dağılmış hörüklərini tumarladıqca

“Ögey ana” nağıllarına
Başqa sonluq uydurmağa başladı
Kişinin kommunist ilhamı…
04.10.23

Oyun

Kartlar yenidən paylandı…
Biz yarım qalmış talelərin
Stolüstü oyunlarına çırpılan yumruqlarıq…
Gecəni oyaq qoyan üsyanlarıq…

Qismətin oyununa
Yalın ayaq gəlirik…
Dözümü əzbər bilirik…
Qəssab dükanının önündə gözləyən
İt səbridir səbrimiz…
Bu oyun bitən kimi
Uduzacaq
ikimizdən biriniz…

11.09.2023

Olmadı deyilmi?!

Olmadı , deyilmi?!
Olmadı…
Bu dəfə gülümsəyə bilmədin açılarına.
Allaha göndərdiyin dualar
Üsyana donəndən
Son ümidin sönəndən
Səmada çilikləndi…
Bədəninin əziklərinə endi göy…

Olmadı deyilmi?!
Olmadı…
Bu dəfə darağda yox
Siğalına etibar etdiyin
Əllərdə qıvrildi tellərin…
Sənə mavi səma vəd edən adam
Gözlərinin ayağı altına sərdimi Göy qurşağını?
Arzuların urətinin qapısını açıb
Ucub getdimi köksündən?!
Hicqırığının səsini kəsmək üçün
Dişlərin çeynədimi yastığını?!

Olmadı deyilmi?!
Olmadı…
Bütün günahları çiyninə alib
Alin yazını köçürdünmü
İntihar məktubuna?!
Elektrik lampasının asıldığı yerdən
İşiğini sondurumu boğazındakı kəndir?!

20.08.2023

Boşluq

Ən çox da danışmağa söz olanda susarsan.
Ən çox da
İçinin danlağından qulağını sıxarsan…

Əllərin çəpər olar hisslərinin önündə
Külündən doğularsan günlərin bir günündə…

Sonra hər şey adiləşər…
Ruhunun ağrıları…
Dost, tanış yarğıları…
Təsəlli sarğıları…
Hər şey…
Sonra hər şey adiləşər…

Qəhqəhənə boğarsan
Yanağınla sevişib
Dodağınla öpüşən
İnci göz yaşlarını…
Qaldırarsan başını…

Ürəyini dərd,
Gözünü heyrət,
Sevgini nifrət böyüdəndə böyüyərsən…
Elə dəyişərsənki ki…
Güzgülər də tanımaz,
Doğmalarda tanımaz…

Bir də

Çox dəhşətlidi özünə dönük olmaq…
Bir də çox dəhşətlidi böyümək, böyük olmaq…

Dəhşətlidir ilahi
İnamından yıxılmaq…
Şeirlərə sığınmaq…

Dəhşətlidir ilahi
Vərəq altda üşümək…
Gümanı qucaqlayıb
Gəlişini düşünmək.

Addımını toplayıb yolların sinəsindən,
Özünə boylanasan…
Səndən heç nə qalmaya…

Bu bir dünya boşluğu
Heçliyinin içində
Həbs edəsən, tutasan.
Son gücünü toplayıb
yenə var olmaq üçün
Öz ruhundan keçəsən
Şeirlərə köçəsən…
07.03.2023

Bəlkə birdə qayıtdıq

Sonunda ayrılıq var,
bu narahat qismətin.
Götürüb çiynimizə,
bunca qəmi, sevinci
Ya sən ilk gedəcəksən
yadaki mən birinci…

Tərk edib gedəcəksən
bu evi, bu eşiyi…
Arzuyla yellədiyin
qucağı boş beşiyi,
Küçədən gətirdiyim,
bu çəlimsiz pişiyi
Tərk edib gedəcəksən…

Mən də çıxıb gedəcəm
sənsiz qaranlıq çökən
bu narahat yerimdən,
Küçəyə atdığımız
çöldə qalmış evimdən,
sənli şeirlərimdən
Mən də çıxıb gedəcəm…

Arxada qoyduq bəlkə
ürək qırıqlarını,
güvən sınıqlarını….
Sən Allah yığışdırma
getməmiş bu masanı,
çörək qırıqlarını…
Pəncərənin önünə
yem də qoyaq gedəndə,
bu evi tərk edəndə…

Bəlkə bir də qayıtdıq
qarışqa duaları
Allaha yol gedəndə,
pəncərənin önündə
quşlar səcdə edəndə..
Bəlkə bir də qayıtdıq….
25.04.2023

Yuxu

Bir gün
Balıqlar içib bitirsə dənizi,
Yer kürəsindən çəkilsə ayaq izi,
Quşlar
dimdik-dimdik parçalasa göy üzünü
Əzrail yetirsə özünü,
Torpağın bağrı çartlasa ürəyinə əkilən insanlardan,
Mələklər sağsa buludları-
Yer üzü yuyunsa,
Baxışlarım bütün pərdələri soyunsa,
Boşluğa zillənmiş gözlərim
yoldaş olsa inama,
Kiprik-kirpik məktub yazsa Allaha,
Çiyinlərimdən sürüşüb-
arxamca sürünsə yorğunluğum
Onda
suya danışdığım yuxulardan
çıxıb gələrsən taleyimə tərəf…

Günəşi bətnində daşıyan bütün gecələrə and olsun,
Onda bütün rəqəmlər
töküləcək təqvimlərdən,
Onda bütün saatların ürəyi dayanacaq,
Onda gecə ümid doğacaq günəş yerinə…
Dünya nəğmə qoşacaq Allahın bu şerinə!
Onda ah olmayacaq,
Onda hislərə dustaq,
günah da olmayacaq…

Yenidən yaranarsan
Adəmin parçasından
Qadağaları pozub,
Mənə meyvə dərərsən,
Cənnət ağaclarından…
Hə… nə vaxtsa inansan
danışdığım röyaya,
Onda ölüb gələrsən
Yenidən bu dünyaya
30.06.2023

Səni sevmək

Səni sevmək
həyata uzaqdan baxmaqdı…
Səni sevmək dəli olmaqdı…
Param-parça dağılmaqdı otağına, yatağına…
Saçlarını öpmək üçün sarılmaqdı darağına…

Səni sevmək
Ayaqlarını axtarmaqdı özünü tapmağa
Əllərini gəzməkdi özünü qucaqlamağa…

Toplayanda özünü bir parca əksik olmaqdı,
Səni sevmək yarım qalmaqdı…
Hələ yazılmamış şerləri hamıdan gizlətməkdi.
Səni sevmək üçün dözüm gərəkdi…

Səni sevmək
sığınmaqdı gümanın qucağına…
İncir ağacı əkməkdi ocağına…

Səni sevmək
sükutun qulağını batırmaqdı
susaraq danışmaqdı…
Səni sevmək sənsizliyə alışmaqdı…
20.03.2023

Qədir ağacı

Bu yol menim yolum deyil əzizim
Hardan cıxıb bu yol menim qarşıma?!
Yol göstərək bu yol yolun dəyişsin
Yoxsa vallah daş ələyər başıma

Qayığ gözlərimin Kiprin avarı
İllərdi həsrəti, qəmi daşıyar
Biraz yaxın otur son nəfəsimə
Sənsiz bu adamda ölüb yaşayar

Bəlkə də yaşamır…nə deyim axı
Gəl mənə ölümə dözməyi öyrət
Bəlkə boğulmuşam xəbərim yoxdu
Gəl mənə qəmində üzməyi öyrət

Öyrət heç olmasa sevməyi mənə
Özümdən başlayım səndə bitirim…
Öyrət bu gecənin qarasını mən
Günəşin telində sərib itirim…

Dənizə tullayım yaxşılıqları
Xalıq görünəcək balıq bitirsin
Qədir ağacının kölgələrində
Qədərsiz arzular yolun itirsin…

Dilinə şerimi dola nə vaxtsa
İsitsin qəlbini lap uzaqlardan
Getir heç olmasa gözündən öpüm
Beləcə ayrılaq ayrılıqlardan

Dayanacaq

Ömrün tən ortasıydı
Yolumuz kəsişəndə…
Səninlə görüşmüşdük
Küləklər sevişəndə…

Günahların duası
Tutmuşdu bəlkə bizi…
Zülmətdən gələn işıq
Udmuşdu bəlkə bizi…

Bəlkə tanrı payıydin
Şıltaq gülüşlərimin…
Yoxsa sol tərəfiydin
Sənə gəlirlərimin…

Sən mənə tələsmişdin
Mən sənə gecikəndə
Hardaydın taleyimə
Qədər nisgil əkəndə?!

İndi od gətirirəm
O bumbuz ocağına
İndi bir şeir doğur
Fevralın qucağına…

İkimiz də olmuşuq
Taleyin oyuncağı
Bizi gözləyir bəlkə
Ömrün dayanacağı…

İndi bu fevral kimi
Bulud-bulud dolmuşam
İndi mən sənin üçün
Ən yad doğman olmuşam

Bizi bu hala salan
İndi qədər düşünsin.
İki cay söylə bizə
Yerimizə üşüsün…

07.02.2023

Getmək üçün not

Yuxun qaçıbsa əyər
Kədərdə, qəmdən axtar…
Axtar, tapa bilməsən
ünvanı məndə axtar…

Nə yalan deyim axı
Qəm selində axınam…
Məni tapmaq istəsən
Uzaqlara yaxınam

Getmişəmki gəlməyə
Yerim olsun, sən gözlə…
Bir qucaq bəhanəylə
Qayıdacam, min sözlə….

Öhtəsindən gələrik
Bizi üzən bu baxtsa…
Sən zəhmət cekmə vallah
Qayıdacam nə vaxtsa…
25.07.2023

Olmadı deyilmi?!

Olmadı , deyilmi?!
Olmadı…
Bu dəfə gülümsəyə bilmədin açılarına.
Allaha göndərdiyin dualar
Üsyana donəndən
Son ümidin sönəndən
Səmada çilikləndi…
Bədəninin əziklərinə endi göy…

Olmadı deyilmi?!
Olmadı…
Bu dəfə darağda yox
Siğalına etibar etdiyin
Əllərdə qıvrildi tellərin…
Sənə mavi səma vəd edən adam
Gözlərinin ayağı altına sərdimi Göy qurşağını?
Arzuların urətinin qapısını açıb
Ucub getdimi köksündən?!
Hicqırığının səsini kəsmək üçün
Dişlərin çeynədimi yastığını?!

Olmadı deyilmi?!
Olmadı…
Bütün günahları çiyninə alib
Alin yazını köçürdünmü
İntihar məktubuna?!
Elektrik lampasının asıldığı yerdən
İşiğini sondurumu boğazındakı kəndir?!

20.08.2023

Share: