Jelko Sekuloviç
1971-ci il mayın 25-də Monteneqronun paytaxtında, Podqoritsada anadan olub. Monteneqro Dövlət Universitetini bitirib. Uzun müddət vəkillik fəaliyyəti və ictimai işlə məşğur olub. Görkəmli şahmatçıdır. Şeir yaradıcılığına yeniyetməlik illərindən başlayıb.
“Mənə söz gərəkdir” (2019), “Küçənin tanqosu” (2020) şeir kitablarının müəllifidir.
ÜRƏK YAVAŞIYANDA
Ürək yavaşıyanda
qəlb dinməyə başlayır.
Beləliklə,
ölümün olmadığı bir döyüşdə
hər ikisi hiddətlənir…
Amma döyüşün harada başlayacağını
onlardan heç biri bilmir.
İstər çəmənlik olsun,
istər dəniz kənarı,
istərsə də bir təpədə-
döyüş davam edəcək
və beləcə son ana qədər
həyat
xəyallar qurmaqla
yaşanacaq.
Həyatın yuxularına girməyəcəyi
o son anadək
Günahsız şahid yoxdur.
Biz yalnız,
çoxdan and içdiyimiz
şeyləri icra edirik.
Köməksiz başımızın üstündə
kiminsə xoşbəxtliyi hayqırır,
o hayqırtıya tərəf gedirik.
Gözəllik hər yerdədirsə də puçdur.
İnsanlar masqalanıb,
qorunmağa çalışırlar,
belədir qayda…
TƏNHALIQ
Sıx, qəzəbli izdihamin içində
olduğumuz zaman,
və çoxaldıqca həyəcan,
qulaqlarımızı batıran hay-küyün
zəhlətökən səsini eşidə bilirik.
Və özümüzdən soruşuruq:
-Yuxuya gedəcəyimizi gözləməyə dəyərmi?
küçələrdə ruhumuza hopmamışdan əvvəl,
şəhər öz yuxusundan oyanana qədər haradan gəldiyi bilinməyən duman kimi
tənhalıq üstümüzə çökür.
Dəniz köpüyü eqoistəcəsinə parçalanır.
Nə olur olsun, yazdığımız quş lələyinin ucu
Itilənmiş daş kimidir.
Həmdərdsənsə tənhalıq həyəcanlandırır,
yaratmağa sövq edir, arxa durur.
Şəhər
Görünməz qüvvələrin əliylə
tökülən göz yaşları
İnsanlıqdan kənar hərəkətlərə yumulan gözlər.
Kobudluq bazarına bənzər meydanlar.
Şəhərin səkiləri, sanki onu dikdabanların məngənəsindən, yerə vurulmuş zəncirlərdən
və sabahın açılmasını vəd edən nifrinlərdən azad etmək üçün yalvarırdı.
O, yuxusunda özgələrin borcunu ödəyirdi, –
sorğu-sualsız, hiyləsiz.
Dinlən, zavallı şəhər!
Yolundan sapan çayların dövründəki bu aqoniya çox uzun olurmuş.
Sənin kədərlərini alıb aparacaq o çay yoxdur.
Tərcümələr Faiq Balabəylinindir.