Müstəqil.Az Şükür Qafarın yeni şeirlərini təqdim edir:
Gəzdir məni xəyalında…
Tənhalığa məhkum olmuş qəlbimi
Yalqız qoyma qəm halında, nə olar.
Çoxdandır ki, səyahətə çıxmıram
Gəzdir məni xəyalında, nə olar.
Elə gəzdir ilk görüşə bənzəsin
Əllərinin titrəməsi, əsməsi.
Əvvəlkitək piçıltıyla duyulsun
Dodağında iniltili eşq səsi.
Elə gəzdir vicudumu, ruhumu
Bihuş etsin dodağının bal dadı.
Xəyalda ki, mane olmur bir kimsə
Niyə quraq ayrılığa saatı?
Elə gəzdir nəfəsini hiss edib
Damarımda istəyindən qan coşsun.
Gör nə vaxtdır görüşmürük, al məni
Bas bağrına kölgəmiz də qovuşsun.
Gəzdir məni xəyalında, nə olar
Düşüncəndən hisslərinə yol çəkim.
Səfil oldum eşq yolinda, izn ver
Ürəyində yaşamağa qol çəkim.
Tənhalığa məhkum olmuş qəlbimi
Yalqız qoyma qəm halında, nə olar.
Çoxdandır ki, səyahətə çıxmıram
Gəzdir məni xəyalında, nə olar.
“Həmin gecə dünyanın ən gözəl gecəsiydi”
Göy buludllu libasın əynindən soyunurdu,
Ay ulduzlarla birgə Xəzərdə yuyunurdu,
Sevənlərin çiyninə eşq mələyi qonurdu,
Xatırlaya bilmirəm iyulun neçəsiydi,
Həmin gecə dünyanın ən gözəl gecəsiydi.
Gəncliyə boylanırdım, sanki geri dönürdü,
Yanımdakı gözəllə qürurum öyünürdü,
Həyacandan qolumda damarım döyünürdü,
Nəbzimdə tuğyan edən gəncliyimin səsiydi,
Həmin gecə dünyanın ən gözəl gecəsiydi.
Gənclikdə olub eşqim, bunu niyə danım ki,
Hər ötəri bir hissi niyə sevgi sanım ki,
Ətraf gözəl olsa da niyə də boylanım ki,
Şairin yanındakı axtardığı kəsiydi,
Həmin gecə dünyanın ən gözəl gecəsiydi.
Gecə gözəlliyini aləmə göstərirdi,
Göy ulduzlu örpəyin saf sulara sərirdi,
Gəminin səyahəti hər bir şeyə dəyirdi,
Bu səyahət urəkdə tarixə köçəsiydi,
Həmin gecə dünyanın ən gözəl gecəsiydi
Ay-ulduzlu gecədən, xoş səhərdən danışdıq,
Sahilə sığal çəkən göy Xəzərdən danışdıq,
Eşqin uca səddini şirin sözlərlə aşdıq,
Söhbətə şəkər qatan o qızın ləhcəsiydi,
Həmin gecə dünyanın ən gözəl gecəsiydi
Vaxt ötdükcə gecənin ağarırdı örpəyi,
Duyulurdu üfüqdə danın qızarmaq səyi,
O qız sevən şairin döyünən saf ürəyi,
O da qızın qəlbinin biriydi, bircəsiydi,
Həmin gecə dünyanın ən gözəl gecəsiydi
Qarış-qarış dolaşdıq Bakının küçələrin,
Suallar ehtiyatlı, cavabda məna dərin,
Bir küçədə əyləşdik, qısılıb çiyin-çiyin,
O küçə eşqimizin başlanğıc küçəsiydi,
Həmin gecə dünyanın ən gözəl gecəsiydi.
Allahım, qoru məni, mən kimsəsiz biriyəm.
Azlıq, çoxluq içində həmişə tək olmuşam,
Zamanın çarxlarında dövr edib bərk olmuşam,
Bəsdir sınağa çəkdin, görürsən ki, dolmuşam,
Ağlamağa başlasam inanmıram kiriyəm,
Allahım, qoru məni, mən kimsəsiz biriyəm.
Ömür gedir illərdən, mən günləri saysam da,
Xeyir şərlə birgədir nə qədər ayırsam da,
Qibləyə sarı dönüb “haqqın səsi”n yaysam da,
Baxma ayaq üstəyəm ölü kimi diriyəm,
Allahım, qoru məni, mən kimsəsiz biriyəm.
Xeyirlə qardaş oldum, haqq cücərdi əlimdə,
Doğruya doğru oldum, yalan olmaz dilimdə,
Ey Allahım, şahidsən , mən də öz daxilimdə
Ürəyimin alovu, ocağıyam, piriyəm,
Allahım, qoru məni, mən kimsəsiz biriyəm.
Həsrətlə boylanıram sənə sarı Allahım,
Sürətlə kəçən ömür olub yarı Allahım,
Əlimi uzatmışam, yapış barı Allahım,
Dininin Höccətinin qədəminin kiriyəm,
Allahım, qoru məni, mən kimsəsiz biriyəm
Payızın rənginə bürünən qadın
Axır ki, rastlaşdıq biz bu payızda
Doğrusu, payızdan səni seçmədim.
Qəmli baxışların oxşadı məni
Yaxşı ki, yanından ötüb keçmədim.
Dayandım, rənginə vurulub sənin
Payızın rənginə bürünən qadın.
Gözündə ilıq bir yaş qaynadırdı
Qəlbi payız ilə döyünən qadın.
Hər şeyi vaxtında zaman düşünür,
Zaman nizamlayır, zaman da bölür.
Payız bu gün girib bəs niyə sənin
İndidən üstündən xəzəl tökülür?
Payızın rənginə bürünən qadın,
Bu bəxtdən, taledən qaça bilməzsən.
Köç edən quşlar da qanadın versə
Payızdan kənara uça bilməzsən.
Həyat yuxu kimi ötəri hissdir
Yuxuya dalmısan kədər dadından.
Bu qəmdən, kədərdən oyanmaq üçün
Gərək mütləq öpüm dodaqlarından.
Nə olar, bu gecə ilham pərim ol!
Nə olar, bu gecə ilham pərim ol
Çəkim sözlər ilə cizgilərini.
Yaradım fırçasız, rəngsiz, boyasız
Gözündən qəlbinə eşq izlərini.
Huşunu aparsın isti sözlərim
Gənclik illərinə, on beş yaşına.
Gəzib axtardığın o vaxtdan bəri
Sanki sevgi çıxıb indi qarşına.
Nə olar, bu gecə ilham pərim ol
Öpüm, əzizləyim, oxşayım səni.
İnsan surətində göylərdən enən
İlahi bir mələk qoy sayım səni.
Nəfəsim isitsin dodaqlarını
İstisi yayılsın zərif boynuna.
Sevgi hisslərimdən məst ol, duyğulan
Məni möhkəmcə sıx isti qoynuna.
Ətrafda nə varsa düşüncəndən sil
Həyatda təkcə mən varlığın olum.
İncə nəvazişli xoş sözlərinlə
Axım hisslərindən qəlbinə dolum.
Nə olar, bu gecə ilham pərim ol
Ruhumuz qovuşub birəbir olsun.
Elə bir sevgini gəl yaşayaq ki,
Bu gecə bir ömrə bərabər olsun.
Sənin qollarında ölməyə gəldim
Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Açıb bəyan etdim duyğularımı.
Ən azı bildin ki, sevirəm səni
Bildin ki, tapmışam səndə yarımı.
Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Görəsən gəldimmi sənin xoşuna?
Sanki illər boyu gəzdiyim sevgi
Sənin surətində çıxmış qarşıma.
Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Nə edim, başqa bir yol qalmamışdı.
Bu sevgi yolunda bir qol çəkmişdim.
Başqa çəkiləsi qol qalmamışdı.
Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Sevgi hisslərmi bölməyə gəldim.
Heç bir şey düşünmə, qucaqla məni
Sənin qollarında ölməyə gəldim.
Sənin saçlarında sevdim payızı
Sənin saçlarında sevdim payızı
Sevdim yarpaqların sarı rəngini.
Sevdim saman kimi saralıb gedən
Ömrün xəzan olmuş bu ahəngini.
Küləkli havada uçub rəqs edən
Sarı çiçəklərin tozunu sevdim.
Allahın sevdiyi rəngə boyanmış
Sənintək sarışın qızını sevdim.
Dünyaya nur saçan Günəşə, Aya
Görəsən nə üçün sarı geyilib?
Bəlkə də bitkinin sarılığından
Adəm tərəfindən buğda yeyilib.
Bu rəng niyə belə hopub ömrümə?
Sanki həyatımda tək bu rəng qalıb.
Sənə son yazdığım eşq məktubu da
Cibdə qaldığından rəngi saralıb.
Nə qədər saysan da artmayacaqdır,
On barmaq sayılır sayanda sayda.
Əgər qismətində ayrılıq varsa
Saç ucun düysən də bundan nə fayda?
Hardan bilərdik ki, ayrılığın da
Köksündə köklənən sim sarı simdir.
Nə yaxşı gözünün rəngi yaşıldır
Cənnətdə qovuşsaq mənim bəsimdir.
Yaman soyuq keçir eşqin baharı
Ovcumda çəkilən tale yolları
Alnımda yazılan qismətdən keçmir.
Həsrətdən gözümün suyu çəkilib,
Daha bu sevgidən gözüm su içmir.
Yaman soyuq keçir eşqin baharı,
Titrəyən dişlərim dilimi kəsir.
Bu sevgi qəlbimi elən üzüb ki,
Sakit havada da ürəyim əsir.
Bu eşqin yükünü çəkən tərəzi
Oxunu kökləyib kədər-qəm üstə.
Kədərin dadı da çox acı olur,
Süzülüb, qoyulub indi dəm üstə.
Şükür Qafar
Müstəqil.Az