Şəfiqə ŞƏFANIN yeni şeirləri
Mənə sətir-sətir
söz gətir…
Getdiyin diyarlardan,
oxuduğun kitablardan,
deyə bilmədiyin sözlərdən olsun…
İnci kimi sapa düzüb özüm hörərəm
dilədiyim kimi.
*****
Hava boğmur, əzizim,
Şəhər məngənəsidi
səni boğan, daraldan.
Havanın nə günahı?
Havadan çox hava var
bu havalı şəhərdə…
Dəmir caynaqlarını keçirib boğazına
boğur, boğduğu qədər…
Bitən nəfəsin deyil,
O ruhundur qarsımış dodaqlarından çıxan.
Dözə bilsən, döz hələ,
Bacarırsan təzələ
candan aralı qalan təni özgə məkanda.
Biz ki öyrəncəliyik
yad yurda, yad havaya…
Asılmasın gözlərin saatın əqrəbindən
Zamandı da… özüyçün axır, axdığı qədər.
Sən şeytan yuvasında qablaşdır günlərini,
Dürmələ göy əsgiyə.
Şəhər lap havalanıb
Havasız zənn etdiyin gur küçə, döngələrdə
Dönüb olub baş-ayaq.
Dayanmır nə dəyirman,
Nə küləklər şəhəri.
Əlimizdən nə gəlir?
Sürünüb bir təhəri
Ömrümüzü yaşayaq.
****
Tanrı eyni taleli insanları bir yerə yığar,
Elə heyvanları da.
Qarnı ac it-pişiyi,
Ruhu ac insanları toplayıb dəstə qurar,
Sonra izdiham…
ham-hamlardan,
giley-güzardan bezib
tək-tək qırar,
ya da cüt-cüt.
sonra da hesabı qarışdırıb
kütləvi qırğına keçər,
Günahı bəndənin üstünə atar,
Nə çoxdu canından bezən –
Birini seçib yazar ayağına,
Arada şeytanın adı çıxar.
****
Darıxan könlümə təsəlli üçün
Şəklini oxşayıb güzgüyə sancdım.
Qəlbin hayındaykən gözə nə qədər
əzab verdiyimi çox gec anladım.
Şəklin qoşalaşıb öz əksi ilə
Seyr etdi güzgüdən bu günümüzü,
Zillənib üzümə səssizliyiylə
Bəlkə də qarğıdı hər ikimizi.
Gözlərim şəklinə dikilib qalıb,
Xəyalın su kimi gözümdən axır,
Küskün baxışların qəmdən güc alıb
Güzgünün əksindən üzümə baxır.
Sanki kilidlənib baxışlarınla,
Donub dayanmışam şəkilmiş kimi.
Üzümdə hicranın naxışlarıyla,
Həsrətin boylanır çəkilmiş kimi.
Yaşarkən cansız bir şəkilə dönüb,
Saralıb rəflərdə unudularam,
Bircə təsəllim var: o şəklin kimi,
Mən də əbədiyyət aşılayaram.