Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonununun yeni nəşri
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış kitabın titul vərəqində yazılıb: “… Bu antologiyada türk dövlətləri və böyük türk coğrafiyasının tanınmış şairlərinin şeirləri toplanıb. Bu şeirlər 50 mindən artıq insanın ölümünə səbəb olan 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarının əziz xatirəsinə ithaf olunub...”
Kitabda türk şairləri Gülsüm Çingiz, Ömər Məhmətoğlu və Əbdürrəhim Kiçiyin, azərbaycanlı şairlər Səlim Babullaoğlu və Fərid Hüseynin, qazax şairləri Sayat Kamşıger və Kayırbek Şağırın, qırğız şairləri Mark-Abay Aamatov, Dalmira Tilepbergenova və Begican Ahmetovun, özbək şairləri Xurşud Dövran və Xasiyyət Rüstəmin, türkmən şairləriAkmurat Rəcəbov, Gülşirin Xanova və Məhəmmədqurban Orazovun, əfqan şairləri Əbdürrəhim Orazın, iran şairləri Otuz Fərahməndianın, kiprli şairlər Arif Albayraq, Fevzan Korur və Oktay Öksüzoğlunun, qaqauz şairləri Olqa Radova-Karanastas və Güllü Qərənfilin, tatar şairləri Rkail Zeydulla və Ruzal Muxametşinin, başqırd şairləri Gülnaz Kutuyevanın, çuvaş şairləri Mariya Karyaginanın, yakut şairləri Xabırııs Ondoroos və Semen Tumatın, kosovolu şairlər Zeyal Beksaç və Birsən Qotanın, kərküklü şairlər Əli Yağmuroğlu, Kamal Bayatlı və Sadiq Yəhyaoğlunun, krım – tatar şailəri Şeyran Əlinin, uyğur şairləri Abidə Abbas Nəsrin və Məhəmməd Əbdülməcidin şeirləri toplanıb. Antologiyadakı şeirlər zəlzələnin ağrılarını, kədərini ifadə edən fotolara yazılıb.
Kitabın ideya və ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevadır.
Günay Əfəndiyeva ön sözdə yazır: “Biz hər atdığımız addımla “Səninləyik, Türkiyə!” demək istədik. Beləliklə, növbəti layihənin ideyası yarandı və nəticədə əlinizdə tutduğunuz bu poeziya antologiyası ərsəyə gəldi. Türk ölkələri və ümumən böyük türk coğrafiyasından olan şairlərin yazdığı şeirlərdən ibarət bu nəşr xüsusi konsepsiyası ilə seçilir. Belə ki, kitabdakı hər bir şeir zəlzələ zamanı çəkilmiş bir fotoya və konkret hadisəyə, yaxud fakta həsr edilib. Böyük bir coğrafi arealı özündə əks etdirən bu toplunu, bəlkə də, Türk dünyasının “poetik dərdləşməsi” adlandıra bilərik. Bu şeirlərin hər birində həm ağrı və kədər, həm də ümid və gələcəyə inam var. Ən əsası isə, təqdim edilən poetik nümunələrdə tarixin və təbiətin sınaqlarından, imtahanlarından üzüağ çıxan Türkün sarsılmaz, mətin ruhu duyulmaqdadır. Əminəm, həmin sarsılmaz, mətin ruh daim bütün Türk dünyası ilə bərabər olacaq…”
“Mütərcim” nəşriyyatında işıq üzü görən nəşrin tərtibçi, tərcüməçi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, dillər üzrə məsləhətçilər Ömər Məhmətoğlu, Şəmsəddin Kuzəçi, Maya Saparova, Zera Bəkirova və Albina Borisovadır. Dizayn və səhifələmə Cavid Kişiyevə aiddir.
Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bildirib ki, “Səninləyik, Türkiyə!” antologiyası öz alicənab missiyasını uğurla yerinə yetirib, eyni zamanda bir çox şeir nümunələrinin misalında ciddi şeir antologiyasıdır: “Olduqca ciddi poetik mətnlər var şeirlərin arasında. Ürək ağrıdan fotolar kitabı həm də dokument kimi gərəkli edir. Böyük mənmumiyyətlə və eyni zamanda ağrı ilə çevirdim mətnləri. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, ayrıca olaraq isə həmkarlarımın hər birinə təşəkkür edirəm ki, şeir yazmaq təklifimə qardaş həssaslığı və şair peşəkarlığı ilə cavab verdilər…”
Müstəqil.Az