Şərə, böhtana son qoyulsun – Məhbəsdən məktub

Müstəqil.Az-ın elektron poçtuna hazırda 15 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsindən cəza çəkən  məhbus Rafət Nərimanovdan məktub daxil olub. Məktubda R. Nərimanov haqsız olunaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə saxlanılaraq həbs olunduğu cinayət hadisəsindən bəhs edir. Məktubu olduğu kimi yayınlayırıq:

Mən, Rafət Alış oğlu Nərimanov, 18 yanvar 1969-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olmuşam. Həmin kənddə orta məktəbi bitirib hərbi xidmətə getmişəm. Hərbi xidmətimi Əfqanıstan Demokratik Respublikasında Sovet qoşunları tərkibində etmişəm. Hərbi xidmət dövründə orden və medallarla təltif  olunmuşam.                                                                                                                                                                                                      Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşam. 1996-cı ildə həmin fakültəni bitirmişəm. 2008-ci ilin may ayından Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat idarəsində mütəxəssis vəzifəsində işləmişəm, dəfələrlə fəxri fərman və medallarla təltif olunmuşam.

8 iyun 2018-ci ildə cinayət törətmişəm.

Nizami Qasımov adli şəxs mənim həyat yoldaşıma qarşı ağır ifadələr işlətdiyinə görə mənə məxsus ov tüfəngimlə Nizami Qasımovu qorxutmaq məqsədilə onun avtomobilinə 3 (üç) dəfə atəş açdım. Atəş açdığım zaman Nizami Qasımov avtomobilin 5-10 metrliyində dayanmışdı. Buna görə güllələrin birindən ayrılan qəlpə onun çiyin nayihəsinə yüngül xəsarət yetirdi.

Mən hadisəni törədən kimi, könüllü olaraq, silahımıla polisə təslim olmuşam. Polisdə olarkən Nizami Qasımov Yasamal rayon Prokurorluğunun müstəntiqi İsmət İsmiyevə verdiyi izahatlarda guya mənə 100.000 (yüz min!) ABŞ dolları saxlamaq məqsədi ilə verdiyini, daha sonra geri almaq istədikdə mənim ona atəş açdığımı  qeyd etmişdir. Bundan sonra Yasamal rayon Prokurorluğunun bir neçə əməkdaşı yaşadığım evə gedərək, həyat yoldaşıma və iki azyaşlı (2 yaş, 5 yaş) uşağıma hədə-qorxu gələrək “Pullar haradadır? Pulları gətirin!” deyə qışqıraraq, həyat yoldaşımın və uşaqlarımın göz yaşlarına baxmayaraq, kobud şəkildə rəftar etmişlər. Həyat yoldaşım isə evdə olan 800 (səkkiz yüz) manat pulu və öz şəxsi qızıllarını gətirərək, onlara təqdim edib və evdə bunlardan başqa pul, qızıl olmadığını bildirib.

Cinayət törətdiyim silahı könüllü olaraq polisə təqdim etdiyim halda, N.Qasımovun yalan ifadəsi əsasında heç bir qanuni əsas olmadan, tutduqları vəzifədən sui-istifadə edərək, kobud şəkildə evimə soxularaq, hədə-qorxu gəlmələri nəticəsində həyat yoldaşim hal-hazırda ürək xəstəsidir. 5 yaşlı oğlumun psixoloji durumu zədələnmişdir.

Bildirmək istəyirəm ki, N.Qasımov Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin xalası oğludur. O, Cahangir Hacıyevin adından istifadə edərək, yaşadığımız binanın həyətində loru dildə desək “at oynadırdı”. O, öz qapı qonşusunun ailəsini dağıtdı. Bu hadisədən sonra N.Qasımovun həyat yoldaşı ondan ayrılaraq, onu evdən qovdu. Dəfələrlə həyətimizdə uşaqların və yaşlıların çox olduğu vaxtlarda N.Qasımov hərəkətinə, danışığına nəzarət etmədiyindən binada yaşayanlarla mübahisələr  edirdi. Onun xarakterik xüsusiyyətinə çevrilmiş, belə hərəkətləri məni bu cinayəti törətməyimə öz təsirini göstərmişdir.

Hazırda N.Qasımov iddia edir ki, guya, konfliktimizə səbəb, mənə saxlamaq üçün 100 min ABŞ dolları verməsi ilə bağlıdır. Bir daha bildirmək istəyirəm ki, bu iddia tam əsassızdır. Çünki, mənim onunla heç bir qohumluq və dostluq əlaqəm olmamışdır və təbiiki pulu mənə verməsi ilə bağlı heç bir sübut və şahid yoxdur. Buna baxmayaraq, Yasamal rayon prokurorluğunun müstəntiqi İ.İsmiyev və N.Qasımovun şəxsi əlaqələrinin yaxın olmasına görə mənə Azərbayca Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.2, 179.3.2, 29.120.2.4, 29.120.2.5, 29.120.2.6-cı maddələri ilə cinayət işi açılmış və Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir.

Qeyd etmək istəyirəm ki, Tibbi Ekspertiza İidarəsi N.Qasımovun səhhəti ilə bağlı vəziyyəti yüngül xəsarət kimi qiymətləndirmişdir. Bildiyiniz kimi törətdiyim cinayət Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan istifadə etməklə əmlaka ziyan vurmaq və bədənə yüngül xəsarət yetirmək) maddəsinə aiddir.

Hal-hazırda N.Qasımov prokurorluq və məhkəmə orqanlarında qohumlarının çox olmasından istifadə edərək, mənə yuxarıda sadaladığım cinayət maddəlirinin tətbiq edilməsinə nail olmuş və mənə törətdiyim bu əmələ görə 18 (on səkkiz!) il həbs hökmü oxunmuşdur.

Mənə haqq etdiyim cəza verilərdisə, bu məni qətiyyən incitməzdi, lakin haqsız cəza və azyaşlı uşaqlarımın, ailəmin-doğmalarımın durumu məni ciddi şəkildə narahat edir; bu narahtçılığımı sizinlə bölüşmək, əlaqədar orqanlara özümün və doğmalarımın yazdığı çoxsaylı məktublara nəhayət reaksiya verilməsini arzu-təmənna edirəm. Özəlliklə, respublikaya yeni Baş prokuror təyin edilməsinə, cənab Prezidentin qanunçuluğa, hüququn aliliyinə dair çağırışlarına, imzaladığı sənədlərə, bu mövzuda tapşırıqlarına çox ümidliyəm. Qoy, haqsızılıq son bulsun, qanun gücün, güclünün yox, haqqın, haqlının yanında olsun!

15 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsindən:  R.Nərimanov

Share: