Ucqar bir rayonun əlçatmaz dağ kəndində dünyaya gəlib. Zəhməti, əzmkarlığı ilə elmlər doktoru, professor, millət vəkili səviyyəsinədək yüksəlib. Amma ən əsası odur ki, bütün vəzifə və rütbə səviyyələrində özüylə gətirdiyi dağ əzəmətini, çeşmə saflığını hər zaman qoruya, saxlaya bilib… Bu gün şərəfli ömründə belə bir ruh saflığını qoruyan Fəzail İbrahimlinin doğum günüdür.
İnsanlığın bir zirvəsi var, Fəzail müəllim ruhən, qəlbən, davranışı, əməlləri ilə həmin zirvəyə yüksələ bilib. Dünya yaranandan üzü bəri yaxşı insanlar çox gəlib-gedib və onların bir missiyası olub- yaxşı əməlləri nəsildən nəsilə ötürmək… Bəli, o, ucqar bir dağ kəndində dünyaya gəlib. Sözü, əməlləri ilə bütöv bir ölkənin məhəbbətini qazanıb. İnsanların qəlbinə bir parlaq aydın kimi yol tapa bilib. Və ən başlıcası, Fəzail müəllim Azərbaycan deyiləndə insanları ayağa qaldırmağı bacarıb…
Fəzail İbrahimli Azərbaycan tarixinin çox önəmli bir dövrünü – Cümhuriyyət dövrünü tədqiq edib. Onun araşdırılmamış, 90-cı illərdə bir çoxlarına qaranlıq olan tariximizin bu səhifəsinə işıq tutması həm də bir ziyalılıq missiyası idi. Fəzail İbrahimli uzun müddət çalışdığı Bakı Dövlət Universitetində özünü saf, təmiz, neqativliklərdən uzaq, əsl alim kimi tanıdıb və təsadüfü deyil ki, bu ali təhsil ocağında tələbədən müəllim heyətinə qədər, hər kəs ona böyük hörmət edir. O, siyasətə də Universitetdə qazandığı ədalətli və prinsipial müəllim adı və şöhrəti ilə gəlmişdi. Bu keyfiyyətlər ona həm VHP – də, həm də Milli Məclisdə özəl bir sayqı və nüfuz qazandırmışdır.
Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi Partiyasının yarandığı ilk illərdən partiya işinə qoşulmuş və partiyanın ideoloji mayakı kimi Həmrəylik xəttinin təbliğində əməyini əsirgəməmişdir. O, Vətənimiz üçün vacib olan vətəndaş həmrəyliyi, milli birlik ideallarının daşıyıcısı kimi hər bir vətəndaşımıza dəyər verir, xalqımız və millətimiz üçün əlindən gələni əsirgəmir. Ona görədir ki, VHP-çilər arasında böyük nüfuzu var. Fəzail İbrahimli 22 illik deputat fəaliyyətində də hər zaman həqiqətləri dilə gətirib, seçicilərinin yanında olub; Avropa Şurası Parlament Assambleyasındakı xidmətləri də dövlətimizin, dövlətçiliyimizin düşmənlərinə qarşı yönəlib, ölkəmizin haqlı davasını böyük arenalarda aparanlardan biri olub. Ona görə də onu həm seçiciləri, həm də bütün xalqımız dəyərləndirir və bu dəyərin nəticəsidir ki, seçicilər Fəzail İbrahimlini yenidən millət vəkili görmək istədiklərini ortaya qoydular. Professor Fəzail İbrahimli təkcə alim deyil, xalqın, dövlətçiliyin təəssübünü çəkən, mənəvi dəyərlərimizə sahib çıxmağı bacaran, dövlət atributlarına qarşı çıxanlara məntiqlə cavab verən aydınlarımızdandır…
Onun Milli Məclisdə himnimizə qarşı çıxanlara tutarlı cavabı, buna bariz nümunədir. Bir neçə bənddən ibarət olan himnimizi dörd hissəyə bölüb, elə təhlil etdi ki, necə deyərlər, bunu hər döşünə döyən filoloq ifadə edə bilməzdi. O, milyonlarla insanın etirazını çox yüksək səviyyədə çatdıra bildi…
Ümumiyyətlə, Fəzail müəllim Milli Məclisdə xalqı düşündürən, xalqı narahat edən problemləri tez-tez səsləndirib. Biz həmin çıxışların yalnız bir hissəsini “sehirli qutudan” yayımlanan fraqmenlərdə görürük…
Dəyərli ziyalımızı, millət vəkilini, tarixçi alimi 71 yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, ailə xoşbəxtliyi, fəaliyyətində uğurlar arzulayırıq.
Bütün VHP-çilər adından
Samir Əsədli
Nəsimi Şərəfxanlı