Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasının gündəliyi bəlli olub.
xəbər verir ki, dekabrın 11-də Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sədrliyi ilə keçiriləcək iclasda altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) xarici işlər nazirləri bir araya gələcək.
Aİ Xarici Əlaqələr Şurasının iclasından sonra saat 18:00-da başlayacaq XİN rəhbərlərinin iclasında Avropa İttifaqının Qonşuluq siyasəti və Genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.
“Nazirlər Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq, onun nailiyyətlərini təhlil edəcək və siyasətin gələcəyi üçün konkret tövsiyələr müəyyən edəcəklər.
İclasda nazirlər üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarının ödənilməsini təmin etmək üçün Şərq Tərəfdaşlığı təşəbbüsünün necə davam edəcəyi, 2024-cü ildə birgə işin əsas prioritetləri, Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planının reallaşdırılmasını sürətləndirmək, Mərkəzi Asiya və Qərbi Balkanlarla əməkdaşlığın artırılması və “Qara Dəniz Sinerjisi” təşəbbüsü kimi regional proqramlarla fəal işləmək məsələlərini müzakirə edəcək.
Nazirlər xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahəsində 2024-cü il üçün konkret nəticələrə dair öhdəlikləri möhkəmləndirməyi hədəfləyəcəklər”.