Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, dekabrın 14-dən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi nəqliyyat və sərnişin axınlarına təsir edib.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, dekabrın ilk on günlüyü ilə müqayisədə son üç gündə (14,15 və 16 dekabr tarixlərində) gündəlik sərnişin axını 40 faizədək azalıb:
“Belə ki, sərt karantin rejiminin tətbiqinə qədər gündəlik sərnişin səfər sayı 1 900 000-2 100 000 arasında dəyişirdisə hazırda bu rəqəm 1 200 000- 1 300 000 səviyyəsindədir.
Gündəlik sərnişin axının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq gündəlik xəttə çıxan avtobus sayında ciddi dəyişiklik edilməyib. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq dekabrın ilk on günlüyündə olduğu kimi bu gün də xətlərə 1900-2000 avtobus çıxarılır”.
M.Ağayev deyib ki, küçə və prospektlərdə nəqliyyat vasitələrinin sayında da müyyən qədər azalma müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən dekabrın ilk on günü ilə müqayisədə gündəlik nəqliyyat axını 33 faizədək azalıb:
“Lakin bəzi hallarda karantin postlarının ətrafında yaranan sıxlıqlar müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaradır. Bunun üçün də bir daha fərdi avtomobil sürücülərindən xahiş edirik ki, postlara yaxınlaşan zaman hərəkətlərinə icazə verən sənədlərini hazır etsinlər və sağ hərəkət zolağını ictimai, eləcə də, operativ nəqliyyat vasitələri üçün boş saxlasınlar.
Həmçinin, bir daha sərnişinlərimizdən mütləq qayadada tibbi maskadan istifa etmələrini xahiş edirik”.