Səsi özündən qabaq gələn adam

Səsi özündən qabaq gələn adam

Mən insanın həm də səsini sevirəm. Ovqatı dəyişən, könül oxşayan səsini. Bəmi, zili muğama yatmasa da, təmiz olsun, ürəyəyatımlı olsun. Məlahətli olsun. Qarışıq olmasın. Qarışıq heç nə nəyi sevməm.

Səs insanın özünü ifadə edir. Cəsarətli, mərd, qorxaq, utancaq, … olmasını.

Səmədin özü kimi səsində də cəsarət, etiraz, haqsızlığa dözümsüzlük, üsyan var. Ona görə də Səməd Hətəmov çağırış, üsyan şeirlərini deməyi daha çox sevir. Və həqiqətən də bu onun ifasında çox gözəl alınır. Adamı coşdurur; ələ alır, arxasınca aparır.

 

Səməd Hətəmovun səsini sevirəm. Pafoslu, vətən şeirləri ilə səsləşən bariton və ünvanına oxuyan kimi oxuduğu sevgi şeirlərindəki həzin səsini.

Səmədin özü kimi səsində də bir məğrurluq var. Şeirin eniş-yoxuşlarında var-gəl edən səs, ritm, tembr insanda heyrət yaradır.

Aktyorluqdan doğan ifada sözlər səsin fonunda bulaq kimi axır. Bulaq kimi axan səs Səməd Hətəmovu hamımızın illərlə sevə-sevə dinlədiyimiz “Bulaq” verlişinin apacılığına aparıb çıxartdı. Bu verlişi səsləndirmiş korifey sənətkarların layıqli davamçısı etdi.

Nitqi, tələffüsü səlis olmasıyla bərabər, həm də insanları duyub, oxuya bildiyindən əcnəbi filmlərin dublyajını da olduğu kimi səsləndirə bilir.

Səməd Hətəmovun səsləndirdiyi sənədli filmlərdə kadrlarla səs uyğunluq təşkil etdiyindən o filmlər daha çox sevilir.

Səmədin vətən, torpaq, yurd sevgisində xüsusi bir coşqu var. Dağ çayı kimi başlayan sevgi, məqamında selə dönür. Aşıb-daşır. O məqamda sanki özündə olmur. O yerlərə gedib çıxır. Həsrətdən başlayan bu sevgi qovuşmağa can atır. Açdığı qucağa əvvəlcə ev, sonra həyət, məhlə, Yusifcanlı kəndi, Ağdam rayonu, Qarabağ bölgəsi və sonda Azərbaycan sığınaraq çulğalaşır. Köksündə fırtına yaradır. Sonra bu fırtına yavaş-yavaş sakitləşir. Hər şey öz yerini alır.

Səməd Hətəmovun insan, gözəllik sevgisi də bambaşqadı. Etirafı ilə bərabər. Onun səsi daş qəlbləri yumşaldır. Ram edir. Rahatlıq gətirir.

Görünüş özündə çox şeyi ifadə edir. Amma görünəni, duyulanı tamamlayan danışıqdı, səsdir. Fikri söz-söz yaddaşa köçürən səs. Özü də Səməd Hətəmovun səsi kimi səs. Deyiləsi sözü çatdıran səs səni yormur. Çox məşhur olan sənətkarların qibtə etdiyi, daxili rahatlıq yaradan o səsdən doymursan. Səni valeh edən, coşduran, özündən çıxardan, Səməd Hətəmovun  səsindən…

20 ildən çoxdur ki, Səməd Hətəmovun ecazkar səsi, ifası ilə səslənən filmlər, verlişlər dövlət televiziya və radiosunda nümayiş olunur. Sənətkarın dövlət tərəfindən qiymətləndirilməsi, layiq olduğu, haqq etdiyi adı alması onu sevən çoxsaylı dinləyicilərin, tamaşaçıların da ürəyincə olardı.

Hərbi paradlar onun səsinin qüdrətində çox möhtəşəm alınar. Yaddaşlara əbədi həkk olunar.

Səsi özündən qabaq gələn adamın səsində həsrətdən cadar-cadar olan torpaq yanğısı var.

Səməd Hətəmovun səsi Qarabağ muğamının deyiliş səsidi.

O səs harada olsan tanıdığın, sevdiyin səsdi. O səs istər tədbirdən, məclisdən, istərsə də radiodan, televiziyadan gəlsin. Tanış, doğma, sevdiyin, dinləmək istədiyin səs səni özünə çəkəcək. Özünə doğru aparacaq. Dincəlməyə, ovqatını xoş etməyə, ruhunu təzələməyə.

Rəfail Tağızadə

 

 

 

 

Share: