SƏSLƏYİR ÖMRÜMÜN PAYIZI MƏNİ…
Nə yaman titrəyir içimdə ürək,
Üşüdür ruhumun ayazı məni.
Ötürüb gedirəm yazı beləcə,
Səsləyir ömrümün payızı məni.
Qəlbimdə çaglamır əvvəlki sellər,
Sevinci uçurtdu bu qara yellər.
Dən-dən ağarmaqda başımda tellər,
Qorxudur saçımın bəyazı məni…
Düşməsin qoy adım dostun dilindən,
Xeyirdə bəmindən,yasda zilindən.
Qurtarmaz insafsız ölüm əlindən
Anamın nəziri, niyazı məni.
RASTLAŞMIŞIQ
Təsadüfmü deyim,zərurət deyim,
Tale rast gətirib qarşılaşmışıq.
Nə sən tanıyırdın,nə mən bələddim,
Qismət belə imiş,biz rastlaşmışıq.
Ürəkdə sevgidən toxum bitirib,
Səni taleyimə özü yetirib.
Həyat elə qurub, elə gətirib,
Biz bizdən xəbərsiz qoşalaşmışıq.
Nə qədər uzaqsan,o qədər yaxın,
Ruhuma ən əziz olan qonağım…
Siz bir məhəbbətin gücünə baxın,
İki böyük adam – uşaqlaşmışıq…
Gözəldir,əzizim,bu ömür sənlə,
Arzular nə şirin,
gözləyir hələ…
Sevda dənizində tutub əl-ələ,
Bu yalan dünyadan uzaqlaşmışıq.
Müstəqil.Az