SƏSSİZ HARAY – Damət Salmanoğlunun yeni hekayəsi

SƏSSİZ HARAY – Damət Salmanoğlunun yeni hekayəsi

Avtomobilin salonu Rasim kişinin dərdinin ölçüsünə düz gəlmirdi. Sıxılan dərdlər sahibini boğmaq üzrəydi. Nəfəs alıb-verməkdə çətinlik çəkən Rasim kişi bir an öləcəyini düşündü. Gözləri yaşardı. Kirpiyində gilələnən yaş yanağına düşəndə ağ-qara ekranı xatırlatdı. O ekranda isə “Səssiz haray” filmi nümayiş olunurdu.

 

Rasim kişi sovet dönəmində yüksək vəzifədə çalışırdı. Ömür-gün yoldaşı Həlimə xanımla sevib ailə qurmuşdular. Bəlkə də, bu sevgidən irəli gəlirdi ki, övladları olmamasına rəğmən illərdir bir dəfə də olsun bir-birini günahlandırmamış, qəlb qırası söz deməmişdilər. Ateizmin tüğyan etdiyi bir dövrdə hər ikisi gizlincə ibadət edib, namazın sonunda Allahdan bir övlad payı diləyərdilər. Uca Yaradan ona sidq ürəklə açılan əlləri heç vaxt boş qaytarmaz, qaytarmadı da. Rasim kişi qırx yaşında həyatının ən gözəl hissini, atalıq hissini yaşadı.
Fərhad böyüdükcə ona olan diqqət-qayğı da böyüyürdü. Ən gözəl libasları geyinib, ən bahalı oyuncaqlarla oynayırdı. Həlimə xanım bir an gözünü oğlunun üzərindən çəkməzdi. Rasim kişi işdən evə gələndə demək olar bütün zamanını kiçik Fərhada həsr edərdi. Bəzən Həlimə xanım zarafatla:
-Fərqindəsənmi, ay Rasim, Fərhad gələndən məni unudubsan, lap paxıllığım tutur sizə baxanda.
Rasim də, elə yerindəcə çox sevdiyi ömür-gün yoldaşının könlünü alıb deyərdi:
-Ay başımın tacı, meyvə nə qədər dadlı olsa, ağacı bir o qədər dəyərlidir demək.
Məktəb illərində də Fərhad seçilirdi digər uşaqlardan. Həm geyimi, səliqəliliyi, həm dərslərə diqqəti ilə. İkinci sinifdən şəkilini məktəbin şərəf lövhəsinə saldırmağı bacarmışdı. Məktəbi əla qiymətlərlə bitirib tələbə adını qazananda Rasimlə Həlimənin sevincinin həddi-hüdudu yoxuydu. Universiteti də yüksək qiymətlərlə bitirən Fərhad, ixtisası üzrə elə oxuduğu ali məktəbdə qalıb müəllim kimi fəaliyyət göstərmək təklifini alır. Bu sevincli xəbəri valideyinlərinə deyəndə, bəlkə də, bu dəfə Allaha əl açıb qanad istəyəcəklərdi.
Tədris ilinin ilk dərs zəngi çalındı. Auditoriyaya daxil olanda Fərhadın həyacandan ovcu tərlədi. Ancaq Fərhad bilmirdi ki, çox keçmədən bu həyacan təri xəcalət təriylə yer dəyişəcək. Tələbələr, xüsusilə qızlar otağa daxil olan gənc və yaraşıqlı müəllimi görəndə pıçıltılı səsləri otağın yuxusunu gətirdi. Ancaq Fərhad bunlara əhəmiyyət vermədən ilk dərsinə başladı. Baxışlar üzərində sanki qaçdı-tutdu oynayırdı. Bu baxışlar altında dərs saatını başa vurmaq nə qədər çətin olsa da, Fərhad buna alışmaq məcburiyyətində idi. Zamanla əhəmiyyət vermədən bu baxışların demək olar böyük bir qismini yorsa da, bir baxışı yormağa gücü yetmədi. Bu sinifin ən ərköyün qızı Gülyazın baxışları idi. Gülyaz Fərhadın iradəsini qıracağına dair sanki söz vermişdi. Ən adi məsələləri öyrənmək bəhanəsi ilə tez-tez Fərhadın stoluna yaxınlaşır, baxışları ilə vurduğu zərbələr nəticəsində Fərhadı “nokaut” etmək istəyirdi. Hər dəfəsində: “mən müəlliməm, mənə yaraşmaz”,- deyib Fərhad özünü “rinqin” kənarlarına söykəyib yıxılmırdı.
Artıq ikinci kurs başlamışdı. Payızın qışla tanışlıq ərəfəsində Gülyaz dərsə gəlmədi. Fərhad otağa daxil olub dərsi başladı. Bu gün nəsə bir qəribəlik hiss olunurdu sinifdə. İkinci ildir ki, hər auditoriya daxil olanda Gülyazın baxış zərbələrinə məruz qalan Fərhad bu gün o baxışları görmədi. Astaca sinifə nəzər salanda Gülyazı tələbələrin sırasında görmədi. Narahatçılıq hissi ilə ən yaxın rəfiqəsi Mədinədən soruşdu:
-Mədinə, Gülyaz dərsə gəlməyib?
-Xeyir, Fərhad müəllim, Gülyaz xəstədi, gələ bilmədi.
Dərs boyunca Fərhad nə qədər fikrini yayındırmağa çalışsa da, Gülyazın baxışlarının həsrətindən yaxa qurtara bilmədi. Dərs saatı bitib tələbələr otaqdan çıxmağa başlayanda Fərhad asta səslə dedi:
-Mədinə, sən qal, işim var səninlə.
-Buyurun, müəllim.
-Mədinə, sən Gülyaz yaşadığı ünvanı tanıyırsan?
-Bəli, Fərhad müəllim, tanıyıram.
-Vaxtın var mənimlə gedib Gülyaza baş çəkməyə?
-Əlbəttə ki, müəllim, məmuniyyətlə.
Qapının zəngi çalınanda Gülyaz yatağından qalxıb asta addımlarla dəhlizə doğru addımladı. Düşündü ki, Mədinədir gələn. Ancaq qapı açılanda Fərhad müəllimlə üz-üzə gələcəyini əsla düşünməzdi. Fərhad da, heç vaxt düşünməzdi baxışları ilə onu “nokaut” etməyə çalışan Gülyazın qapısını döyəcək nə vaxtsa.
Universitetdə hamı Fərhad müəllimlə tələbəsi Gülyazın münasibətini bilirdi artıq. Bu şəkildə çox davam edə bilməzdi. Fərhad bunu gözəl başa düşürdü. Bilirdi ki, bu məsələyə görə bir gün rəhbərlik tərəfindən cəzalandırılacaq. Odur ki, vaxtı çox uzatmadan Gülyazgilə elçilərini yolladı. Gülyaz üçüncü kursu bitirəndə Fərhad el adətiylə toy-büsat edib sevdiyi, baxışlarında boğulduğu tələbəsi Gülyazı Rasim kişiyə, Həlimə xanıma gəlin gətirdi. O gün Rasim kişi qanadsız da uçmağa hazır idi. Ancaq əfsuslar olsun ki, bu sevinci çox çəkmədi. Qəfildən çox sevdiyi ömür-gün yoldaşı Həlimə xanım xəstə yatağına düşdü. Nə qədər cəhd olunsa da, bir ay keçməmiş Həlimə xanım oğlunu və gəlnini Rasimə tapşırıb həyatla vidalaşdı.
Həlimənin ölümündən üç il ötmüşdür. Bu üç ildə yaxşılığa doğru dəyişən heç nə yox idi. Fərhad da, eynən valideyinləri kimi nə qədər müalicə olunsa da övladı olmurdu. Ancaq Fərhadın ömür-gün yoldaşı Rasimin sevdiyi Həlimə deyildi ki, illərlə bir-birinə can deyib, can eşitsin. Zaman-zaman evdə narazılıq olur, hər dəfəsində Rasim kişi müdaxilə edib gəncləri sakitləşdirirdi. Gülyaz həddindən artıq eqoist insan idi. Bəlkə də, bu eqoistlik, təkəbbürlük onun soyundan keçmişdi. Gülyazın atası da, çox təkəbbürlü insan idi. Normal maddiyata sahib olan atası hər kəslə elə davranırdı ki, sanki dünyanın sahibinə “beh” verib alqı-satqı müqaviləsinin imzalanmasını gözləyirdi. Qızı Gülyaz da, hər kəsə yuxarıdan aşağı baxmağı hələ körpə yaşlarından ruhuna hopturmuşdu. Fərhadı sevməsi də səbəbsiz deyildi. İlk dəfə auditoriyaya daxil olanda qrupun bütün qızlarının Fərhadla maraqlanmasını görüb ürəyində özünə söz vermişdi ki, Fərhad mənə məxsus olmalıdır bu qədər qızın içərisində. Bununla sanki Gülyaz hər kəsə sübut etməyə çalışırdı ki, ondan gözəli və ondan cazibədarı yoxdur. İndi də, övladının olmamasını əsla qəbul edə bilmirdi ki, hər kəsin övlad payı var, mənim niyə olmasın.
Həlimənin ölümündən sonra evin bütün işləri Gülyazın üzərində idi. Ancaq Gülyaz buna hazır idimi? Yox! Necə ola bilərdi ki? Uşaqlıqdan ərköyün, gününü əyləncələrlə tamamlayan Gülyaz ev işlərinə necə alışa bilərdi? Rasim kişi də həm yaşlaşmış, həm də həyat yoldaşının vaxtsız itkisindən sonra demək olar tamailə çökmüşdü ruhən. Buna rəğmən hər zamankı kimi səliqəli geyinər, ağ saçlarını səliqə ilə arxaya darayardı. Bu onda bir vərdiş halına çevrilmişdi. Həm Fərhadın, həm də Rasim kişinin geyiminə diqqət etmək, gündəlik təamlar hazırlamaq Gülyaza çox ağır yük idi. Bəlkə də, Fərhadı həqiqətən sevib ailə qursaydı bütün bunlar onun gözündə çox sadə görünərdi. Axı Gülyaz kimlərəsə göz dağı vermək üçün Fərhad ilə ailə qurmuşdu. İndi yükünü yüngülləşdirmək üçün bir variant qalırdı. Rasim kişini bezdirib, Fərhadın gözündən salıb evdən uzaqlaşdırmaq. Gülyaz üçün iki yol var idi. Biri Rasim kişini nə yolla olursa-olsun evdən uzaqlaşdırmaq, digəri isə hər şeyi yarıda qoyub, Fərhaddan ayrılıb atası evinə dönmək. Ancaq ikinci variant Gülyaz üçün qəbuledilməz idi. Burda da, onun eqoları imkan vermirdi. O, razı olmazdı ki, həmyaşıdları kənardan ona baxıb desin ki, Gülyazın övladı olmadı ayrıldı. Belə olan halda birinci variantın üzərində işləməliydi. Hər gün şikayət, hər gün söz-söhbət Fərhadı yormuşdu. Ancaq Gülyaza övlad bəxş edə bilməməsi onu günahkar qisminə salırdı. Odur ki, Gülyaz hər gün şikayət edəndə, atasından narazılıq edəndə qarşısında susmaq məcburiyyətində qalırdı. Rasim kişi bütün bunları seyr edir, Gülyazın məqsədini qismən də olsa anlayırdı. Ancaq oğluna olan məhəbbəti buna imkan vermirdi ki, ürəyində olan sözləri dilinə gətirsin. Fərhadın sevgisi qarşısında susmaq mövqeyini seçmişdi. Zaman ötdükcə bu hallar da intensivləşir, hətta Gülyaz açıq-aşkar şəkildə: “Mən bilsəydim bu xarabada bir yox iki kişiyə arvadlıq edəcəm gəlməzdim. İndiki ağlım olsa nə itim azmışdı axı burda. Fərhad, bu məsələyə bir həll yolu tap. Mən məcbur deyiləm sənin qoca atana baxmağa”,- deməkdən belə çəkinmirdi. Fərhadın da qarşısında iki yol var idi. Ya atasından ayrılıb, onu qocalar evinə qoymalı, ya da sevdiyi Gülyazından ayrılmalı idi.
Rasim kişi görüb-götürmüş adam idi. O, istəməzdi ki, oğlu ona görə ailəsini dağıdıb, bədbəxt olsun. Odur ki, gəzib-dolanıb, maraqlanıb normal bir qocalar evi tapdı. Bir səhər Fərhadı yanına çağırıb dedi:
-Fərhad, oğul, məni yaxşı dinlə. Mən yaşlı adamam, artıq beynim çox səs-küy götürmür. Mənim də istirahətə, özümlə baş-başa qalmağa ehtiyacım var. Mən maraqlanıb bir qocalar evi tapmışam. Bir az əşyamı da götürüb tənhalığa çəkilmək istəyirəm.
-Ata…
-Sözümü kəsmə, bala, mən nə deyirəmsə hər ikimizin xeyrinə deyirəm. Sən ailənlə rahatlığı, mən isə hüzuru tapacam bu yolla. Dur bir az pal-paltar qoy çantama, məni apar dediyim ünvana.
Fərhad atası ilə razılaşmaqdan başqa çarəsinin olmadığını görüb hazırlıq görməyə başladı. “Bəlkə də, atam haqqlıdır, nə də olmasa dünya görmüş adamdır. Bu yolla hər ikimiz rahatlıq əldə etmiş olarıq. Allaha fəda olum, bir övlad payı versəydi bütün bunlar olmazdı”,- düşünərək hazırlığını tamamladı. Əvvəlcə atasının əşyalarını avtomobilin yük hissəsinə yerləşdirib, daha sonra atasını arxa oturacağa otuzdurub qocalar evinə doğru yola düşdü.
Artıq sıxılan dərdlər Rasimi boğmaq üzrəydi. Avtomobilin qapısını açıb yerə düşdü. Günəşli hava olmasının fərqinə varmadan var-gəl etməyə başladı. Verdiyi qərarı özlüyündə incələyirdi. O, gözəl bilirdi ki, Gülyazın Fərhada qarşı zərrəcə sevgisi yoxdur. Əgər olsaydı əsla bu vəziyyəti yaratmazdı.
Polad bayaqdan kənardan bu mənzərəni seyr edirdi. Fərhadın, Rasim kişinin geyim tərzinə baxıb öz-özünə düşünürdü: “Görəsən kimin yanına gəliblər? Hər ikisi alicənab, oxumuş insanlara bənzəyir. Belə insanların yaxını, axı qocalar evində nə gəzir?”
Polad uzun illərdir ki, qocalar evinin dükanını işlədirdi. Həddən artıq cüssəli bədən quruluşuna sahib olan Polada dostları “pələng” təxəllüsünü vermişdilər. İllər öncə verilən bu təxəllüs o qədər geniş yayılmışdı ki, bəzən özü də, adını unudub soruşana “pələng” deyirdi. Poladın atası da, enlikürək, cüssəli kişi olub. Birinci Qarabağ müharibəsində düşmənə böyük zərbələr endirən oğullarımızdan biri də, Poladın atası olub. Ancaq qəfildən əlaqə kəsilib. Kimi deyir əsir düşüb, kimi də deyir Şəhid olub, düşmənlər nəşini yandırıb. Bu günə qədər də, ondan dəqiq bir məlumat olmayıb.
Rasimin qızmar günəş altında var-gəl etdiyini görən Polad özünü saxlaya bilməyib ona yaxınlaşdı:
-Salam, əmi, bu günəş şüaları sizə zərər yetirər. İstəyirsiniz gəlin dükanda əyləşin.
-Sağol, bala, diqqətiniz üçün minnətdaram.
-Xoşdur, əmi. Soruşmaq eyib olmasın, kimin yanına gəlmisiz?
-Heç kimin, bala, qismət olsa mən qalacağam. Bir az öz-özümlə baş-başa qalmaq istəyirəm.
-Övladınız yoxdurmu, əmi?
Bu məqamda Fərhad yaxınlaşıb:
-Ata, hər şey hazırdı. Əşyalarını götürüm, gedək.
Poladın özündən qeyri-ixtiyari dilindən bu kəlmə ayrıldı:
-Nə, ataaa?
Hə, bala, oğlumdur.
-Əmi, oğlun ola bilər, ancaq oğul adına layiq ola bilməz. Mənim üç övladım var. İllərdi həyat yoldaşım ata, övladlarım baba yoxluğu ilə yaşayırlar. Əmi, yalvarıram sizə, siz axtardığınız hüzuru burda yox, bizim evdə axtarın. Bizim evin ağsaqqal yoxluğunu o nurani üzünüzlə doldurun.
-Oğul, sağol təklifin üçün. Ancaq mən öz doğma oğluma yük olmamaq xatirinə burdayam, başqasına yük olarammı?
-Əmi, sən dediyin yükün qiyməti heç nə ilə əvəz oluna bilməz. Xahiş edirəm, sevdiyim qadına və övladlarıma ən böyük hədiyyəni aparmağıma kömək et. Gedək bizim evin ağsaqqallıq missiyasını öz üzərinə götür.
Bayaqdan bu dialoqu səssizcə seyr edən Fərhad sanki qəflət yuxusundan oyandı. Etdiyi səhvin nə bəndə yanında, nə Allah yanında bağışlanmaz olduğunu gördü. Qəfil dizi üstə atasının qarşısında çəkərək hönkürməyə başladı:
-İlahi, mən nə böyük səhvə yol vermişəm? Ataaa. Yalvarıram sənə, məni bağışla. Nifrətlə dolu bir qadına sevgimi verdiyim gün mən insanlıq sevgimi itirmişəm fərqində olmadan.
Bu günə qədər oğlunun bir sözünü iki eləməyən Rasim kişi Fərhadı dizi üstə hönkürən görüb əlini çiyninə qoydu.
Dur ayağa, oğul! Sən həyat yoldaşını sevməkdə özünü mənə bənzətdin. Heyf ki, anan vaxtsız aramızdan ayrıldı. Əgər ayrılmasaydı əminəm ki, Həlimə də Gülyazı özünə bənzədərdi. Bax o zaman bütün bunlar baş verməzdi. İndi isə dur get ailənin başına. Əgər mənə görə gəlnimə bir kəlmə qəlbqırası söz desən atalıq haqqımı sənə halal etməyəcəm. Mən isə bir müddət burda özümlə baş-başa qalacam.
Gülyaz Rasim kişinin gedişindən sonra Fərhadın ona nəsə deyəcəyini gözləyirdi. Ancaq Fərhadın səssizliyi onu heyrətə salmışdı. Bir aya yaxın bir müddət idi ki, Fərhad danışmır, səssizlik nümayiş etdirirdi.
Günortadan xeyli keçmişdi. Gülyaz işlərini bitirib kresloda əyləşdi. Nə fikirləşdisə qalxıb kitab rəfini açıb ən sevdiyi “Səfillər” romanını götürdü. Təzədən kresloya əyləşib kitabı açanda arasından bir kağız parçası düşdü. Cəld götürəndə qayınatasının xətti ilə yazılmış bu sözləri oxudu. “Qızım, sənin həyat yoldaşın Fərhad bizə qırx yaşımızda Yaradanın töhfəsi oldu. O yaşa qədər mənim rəhmətlik qayınanan Həlimə xanımla aramda bir dəfə də olsun narazılıq olmadı. Bəlkə də, o narazılığa səbəb olan Rasim yoxuydu. Odur ki, yenə də o “Rasimi” aradan çəkib sizə xoşbəxtlik arzulayıram. Bir-birinizə nə qədər çox dəyər verib, hörmət etsəniz, uca Yaradan da sizi bir o qədər çox sevib, bizim yaşımıza çatmadan övladla sevindirəcək. Məndən sizə bir tövsiyə. Sizin də övladınız ailə qurmaq yaşına çatanda çalışın ailəsində sevgi axtaran ilə ailə qursun, rahatlıq axtaranla yox. Hələlik, Allaha əmanət olun.”
Oxuduqları Gülyazı sanki yuxudan oyatmışdı:
-Ya Rəbb, mən nə böyük günah işlətmişəm? Özüm övlad arzusu ilə alışıb-yandığım halda, atanı övladından ayırdım.
O gecə sabaha qədər gözlərinə yuxu getmədi. Etdiyi hərəkətin peşmanlıq hissi Gülyaz üçün edam hökmü oxumuşdu. Bu hökmün icrasını isə yalnız bir adam dayandıra bilərdi. O insan isə həmən gecə qocalar evində həyata əbədi olaraq gözlərini yummuşdu…

11.08 2022

Share: