Kulis.az Loğmanın “Sətiraltı “qəhrəman”lar” adlı yazısını təqdim edir.
Azərbaycan müstəqillik əldə edəndən sonra çox şey dəyişdi. Yeni meyillər, tendensiyalar meydana çıxdı. Sovet dövrünün təhlili və tənqidi başlıca mövzuya çevrildi. Mətbuatda, televiziyada çıxış edən iki nəfərdən biri bu mövzu ətrafında “qəhrəmanlıqla” dolu tarix uydururdular. Bu ən çox yazıçı və şairlərin, keçmiş partiya işçilərinin, incəsənət xadimlərinin sevdiyi məşğuliyyət idi. Xalqı inandırmaq istəyirdilər ki, sovet vaxtı var gücü ilə bu şər imperiyasına qarşı vuruşublar. Qəhrəman obrazı yaratmaq istəyirdilər. Dissident obrazı yaratmaq istəyirdilər. Mahiyyət isə bundan ibarət idi. Sovet hökuməti ona qarşı açıq mübarizə aparmağa icazə verməyib. Dövr, zamana başqa cür olub. Buna görə də onlar məcbur olublar ki, gizli şəkildə döyüşsünlər. Şairin, yazıçının da silahı qələmidir. Tez-tez belə fikirlər səsləndirirdilər; filan əsərimdə, filan yerdə sətiraltı yazmışam ki, sovet hökuməti pisdir. Onlar bunu o qədər ustalıqla ediblər ki, sovet hökumətinin bundan nə xəbəri olub, nə də başı çıxıb. Yaxud Azərbaycanda sovet hökumətinin törətdiklərini ifşa etmək üçün yazdığı əsəri Afrika dövlətlərindən birinə həsr edib. Guya hadisələr Afrikada cərəyan edib, amma məqsəd sovetləri tənqid etmək olub.
Bu, çox təzadlı bir məsələdir. Sovet hökuməti tərəfindən bütün təltiflərə, “Xalq yazıçısı”, “Xalq şairi” adına layiq görülən, şəhərin ən gözəl yerində pəncərələri dənizə açılan beşotaqlı mənzillərə sahib olan, xarici mebelləri, maşınları, istirahət evlərinə putyovkaları hamıdan qabaq əldə edən, xarici səfərlərə gedən, dövlət mükafatlarıdan barınan, “Sosialist əməyi qəhrəmanı”nın ulduzu sinəsini qabardanlar, sən demə, sətiraltı yazırlarmış ki, sovet hökuməti işğalçıdır. Azadlıq yoxdur, demokratiya yoxdur. Sətiraltı qəhrəmanlar dissident obrazı yaradır, yeni cəmiyyətin qurulmasında mühüm rol oynadıqlarını önə çəkməklə “köhnə xidmətlərinə” görə öz paylarını istəyirdilər. Əslində sovet dövründəki fəaliyyət davam edirdi, biçimi dəyişmişdi. Bunu çox vaxt eybəcər şəkildə edirdilər: xırıldayaraq, yazıq, əlacsız, xəstə obrazı yaradaraq. “Mən xalqa xidmət göstərmişəm, bütün hayatımı xalqın yolunda sərf etmişəm, amma məni heç yada salmırlar. Filankəsə ad verirlər, bəhmənkəsi mükafatlandırırlar, müalicəyə göndərirlər, mənə isə heç baş çəkən də yoxdur”. Bu xalqa xidmətin məntiqi nəticəsi deyil, zəlillik psixologiyasıdır. Xalqa xidmət göstərənlər bunu səmimiyyətlə ediblərsə, gərək heç bir təmənna ummasınlar. Bəs onda yayın odunda, qışın sazağında bir tikə çörək üçün çalışan kənd adamı kimdən umsun, kimdən istəsin? Axı o da xalq üçün çalışıb, şəhər əhalisi üçün pomidor, xiyar, kartof yetişdirib, onu da bir qrup dəllal qəpik-quruş verib əlindən alıb. İmkan verməyiblər ki, bazarlarda özü satıb pula çevirsin. Sözün əsl mənasında alnının təri ilə dolananlar sətiraltı qəhrəmanlar kimi bircə kəlmə işlətsələr, tez onun üstünə qar qovu kimi tökülüb deyərlər ki, taxıl vermisən pulunu da almısan dəə, daha nə istəyirsən. Əslində bu cavab cəmiyyətin bütün təbəqəsini əhatə edən insanlara şamil edilməlidir.
Sovet dövründə sətiraltı “qəhrəmanlar” əsərlərini hər il əvvəlcə jurnalda, sonra isə kitab şəklində çap etdirib, satılmasa da, qonorarını bəribaşdan alırdılar. O pullar əslində çörəyini alın təri ilə qazananların pulları idi. Kitablar isə illərlə toz basa-basa kitab mağazalarının piştaxtalarında qalırdı. Elə bil o kitablar heç o müəllifin deyildi. Heç o müəllifdən soruşan belə olmurdu ki, niyə sənin kitablarını oxuyan yoxdur: axı o kitablara görə millətin pulunu yemisən. Bu müəlliflər cəmiyyətin bütün sahələrinə nüfuz edə bilir, özləri üçün gün ağlayırdılar. Müxtəlif yollarla övladlarını yüksək vəzifələrə düzəldirdilər. Qəribə şəkildə qruplaşaraq, onları tənqid edənlərin üstünə canavar sürüsü kimi düşmək, təkləmək, sözün əsl mənasında ziyalıları çərlədib öldürməkdə yüksək “peşəkarlığa” sahib olan, kommunizm ideallarına sədaqətlə xidmət göstərən, ürəyinin üstündə kommunist biletini əzizləyənlər, sən demə, sətiraltı deyirmişlər ki, sövet hökuməti şər imperiyasıdır. Özü də bunu anlamaq üçün oxucular yüksək intellektual səviyyəyə malik olmalıymışlar. Çünki onlar o qədər dərin yazırlarmış ki, hər oxucu sətiraltı mənanı başa düşə bilmirmiş. Bu tip yazarların at oynatdıqları vaxtda yüzlərlə istedadlı gəncin bir yazısını çap etdirməkdən ötrü dodaqları çatlayırdı. Əl boyda bir kitabını nəşr etdirmək üçün illərlə qapılar arxasında qalmaqdan solub, usanıyıb çəkilib gedirdilər. O qədər istedadlar beləcə yarıyolda qaldılar ki… Sətiraltı “qəhrəmanlar” sosializm realizmi prinsipini nizə kimi o qədər istedadın sinəsinə sancdılar ki…
Ömrünün böyük hissəsini bu şəkildə “yaşayanlar” iddia edirdilər ki, sovet dövründə Azərbaycanı dünyaya tanıdıblar. Əgər doğrudan da, Azərbaycanı dünyaya onlar tanıdıblarsa, deməli, bu təqdimat, bu tanışlıq çox aşağı səviyyədə, eybəcər şəkildə aparılıb. Çünki müstəqillik əldə etdikdən və Qarabağ hadisələrdən sonra dünyanın bizə münasibətindən onların bizi necə tanıdıqları bəlli oldu.
Dövr, zamana başqa cür olub deyirlər. Leninə, Stalinə, partiyaya yekə-yekə poemalar həsr edib Dövlət mükafatı alanlar bununla hökumətin gözünə kül üfürürmüşlər ki, sətiraltı yazdıqları əsl həqiqəti görə bilməsin. Bu da bir janrdır. Bu da bir cür orijinallıqdır, guya. Mikayıl Müşviqin, Hüseyn Cavidin, Əhməd Cavadın və onlarla beləsinin istedadı imkan verməyib ki, bu janrda yazsınlar. Əsl həqiqət isə nə sətiraltı ifadədədir, nə də aşkar anlaşılanda. Mən inanmıram ki, onlar, həqiqətən, Lenini, Stalini, kommunist partiyasını belə sevsinlər. Onlar özləri də biliblər ki, yazdıqları yalandır. Amma onu da biliblər ki, bu yalanı tərənnüm etməklə yuxarıda adlarını çəkdiyimiz nemətlərə sahib olmaq üçün qapılar açılır. Bilə-bilə yalan danışıblar, xalqa, əməkçiyə, minbir zəhmətlə ailəsini saxlayanlara yalanı həqiqət kimi sırımaqla sovet hökumətinə xidmət göstəriblər. Yalana xidmət göstəriblər, şərə xidmət göstəriblər. Xalqı əyri yola çəkiblər. Doğrudur, sovet hökumətinə çox insanlar xidmət göstəriblər. Amma onların bu xidmətindən xalqa heç bir ziyan gəlməyib. İnşaatçı ev tikib, həkim xəstəsinə baxıb, mühəndis körpü salıb, müəllim də dərsini keçib. Düzdür, müəllimlərin bəziləri şagird və tələbələrə tədris etdiklərinə baxanda elə sətiraltı yazarlardan geri qalmayıblar. Yüzlərlə tələbə “Elmi kommunizm” adlı murdarlığın imtahanını verincə o biri dünyanı görüb gəlirdilər. Bu fənni tədris edən müəllim isə bununla öyünürdü. Axı ondan qorxurdular. Axı o, tələbəni institutdan qovdura bilərdi. Beləliklə, özlərini qorxu ilə təsdiq etmək istəyirdilər: görürsünüz, məndən necə çəkinirlər, tələbələrim məni görəndə zağ-zağ əsirlər. “Mən də varam”lığın yoxluğun bir şəkli olduğunu anlamırdılar. “Mən də varam”lıq o vaxt yaranır ki, səni görmürlər, görünmürsən, yoxsan. Amma müəllimlərin əksəriyyəti gənc nəslə doğru, dürüst elm öyrətməyi şərəf işi hesab edirdilər. Heç bir təmənnaları da yox idi. Müəllim adının böyüklüyü, müəllimliyin müqəddəsliyi onlar üçün hər şeydən əziz idi. Bu insanlardan kimsəni sovetlərə xidmətə görə suçlamaq ədalətsizlik olardı.
Sevimli şairimiz Musa Yaqub müsahibələrinin birində deyir ki, sovetin ən qızğın vaxtında belə kimsəni tərənnümçülüyə məcbur etmədilər. Deməli, tərənnümçülüklə məşğul olanlar bu işə könullü şəkildə gediblər. Musa Yaqubun yaradıcılığında tərənnümçülükdən əsər-əlamət belə yoxdur. Keçən əsrin səksəninci illərində Asif Ata deyirdi ki, üzdə olan bir qrup sovet yazarları mənə təklif edirlər ki, gəl bizdən yaz, bizi təriflə sənə beşotaqlı mənzil “düzəldək”.
Çox təəssüflər olsun ki, bizdə imtina ənənəsi yoxdur. Sətiraltı yazarlarla heç müqayisəyə gəlməyən, yaxın keçmişimizdə – XX əsrdə Avropada Nobel mükafatından belə imtina edən azman sənətkarlar anlayırdılar ki, yazıçılıq kimisə, nəyisə tərifləməklə təltifçi olmaq deyil. Yazıçılıq daha böyük anlam daşıyır. Yazıçılıq – dünyanın sirli, sehrli üzünə səyahətdir, insanı dəyişdirmək missiyasıdır. Müqəddəs işdir. Təmənna ilə, mükafat xatirinə yazılan əsərlər yazıçılığı cılızlaşdırır, endirir. Yazıçılığı yalmançılığa çevirir. Yazıçılığı yazıqçılığa döndərir. Yazıçılığı murdarlayır. Çünki yazıçılıq Allah vergisidir, o, müqəddəsliyə xidmət etməlidir.