Səxavət Talıblının “Adəmin övladları” romanı haqqında 

Səxavət Talıblının “Adəmin övladları” romanı haqqında 

Həm bədii quruluş, həm də məzmun baxımından mükəmməl olan “Adəmin övladları” xronoloji ardıcıllıq və şüuraltı axış texnikasına görə də diqqət çəkən əsərdir. Bir əsrdə yaşanan fərqli məkan və zamanda baş verən müharibələrin dəhşətini iki fonda təqdim edən müəllif həm ümumi şəkildə ağrı-acı, zülm, qorxu yaradan müharibəni, həm də xüsusi – obrazların üzərindəki spesifik qorxunun dəhşətini göstərir.

Burada qorxu konsepsiyasını yaradan müharibədir və yaşanan faciələr əsərin ümumi abı-havasında, bütün obrazların fonunda izlənir. Xüsusi olaraq da, İvanovun, Sergeyin, Sokolovun sivil əfqanların başına gətirdikləri vəhşilikləri özlərinin də yaşaması – basmaçılar tərəfindən işgəncə ilə öldürülmələri İlahi ədalət olsa da, müharibənin dəhşətlərini bütün çılpaqlığı ilə gözlər önünə gətirir. Döyüş zamanı 47 əsgərin meyitlərinin quyulara atılması, izi itirmək üçün üzərlərini yulğun kolları və daş-kəsəklə basdırılması, eləcə də ermənilərin Azərbaycanlı əsirlərə, Qarabağdakı dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər insan məsumiyyətinin itirilməsinin, insan ruhunda sağalmaz travmaların yaranmasının səbəbi olaraq göstərilir.
Roman qəhrəmanların döyüş yolundan, bu yolda təqdim etdikləri şərəf və ləyaqətdən, eyni zamanda onların şəxsi həyatlarından bəhs edir. Romanın əsas qəhrəmanı Səməd ömrü boyu narahatçılıq içində yaşayır. Bu narahatçılıq onun öz canı ilə əlaqədar deyil, yaxınlarının, döyüş yoldaşlarının, sevdiklərinin başına gələcəklərin qorxusudur. Lakin, qəhrəmanın bütün bu qorxuları yenəcək qədər güclü inancı var. Allah sevgisi, dinə olan sayqısı onu ən çətin vaxtlarda belə ağır zərbələrə qarşı qoruyur, hətta dəfələrlə ölümün pəncəsindən qurtarır. Səməd mərd, dəyanətli, sözündən dönməyən, yenilməyən, ağıllı, tədbirli, ehtiyyatlı biri olduğu qədər də həssas qəlbə sahibdir. Bu həssaslıq onun gəncliyinə təsadüf edən Əfqanıstan müharibəsində iştirakı ilə başlayır və sonra da davam edir. Bəlkə də illər sonra bu savaşın Qarabağda davam edəcəyini, şəxsi həyatındakı dramatik olayları bildiyi üçündür…
Müəllif yaratdığı obrazların hər birini sanki yaxından tanıyırmış kimi bütün səmimiyyəti və məsuliyyəti ilə təqdim edir. Onların yaşına və düşdüyü ağrılı situasiyalara görə dəyərləndirir. Obrazın hər bir hərəkətini əsaslandıraraq təqdim edir. Yaratdığı mənfi obraza belə ədalətlə yanaşır. Onun niyə belə düşündüyünü, niyə belə hərəkət etdiyini, alt şüuruna uzun illərdən bəri məqsədli şəkildə yeridilən yalan-yalnış məlumatların ona təsirini elə incəliklə açır ki, oxucu mənfi obraza da nifrət etmir. Bu əlbəttə ki, müəllifin öz dünyabaxışından, müsbət şəxsi keyfiyyətlərindən, eyni zamanda ədəbiyyat sahəsində böyük bilik bazasının olmasından və sənətkarlığından irəli gəlir.
Müəllif əsərdə milliyətcə erməni, Sumqayıtdan olan Şamo obrazı ilə sırf erməni xislətini açır. Xainlikdə, satqınlıqda, pulgirlikdə, vəziyyətdən sui-istifadə etməkdə mahir olan Şamo təxminən Səmədlə oxşar müharibə taleyi yaşayırlar. Lakin, baş verən situasiyalarda müsbət qəhrəman Səmədə bütün mənfi xarakterləri ilə qarşı qoyulan Şamo obrazını görürük.
Səməd müsbət keyfiyyətlərini genetik olaraq babası Adəmdən, atası Əhməddən almışdır.
Əsərdə hadisələr üç ölkədə cərəyan edir. Hər ölkədə fərqli obrazlarla, fərqli xarakterlərlə qarşılaşırıq. İstər dinc həyatda, istərsə də müharibədə insanların həyatda qalma mücadiləsi var. Bütün qəhrəmanların həyatlarının bir hissəsini yandıran müharibə adlı bir alov var. Kitabın hər səhifəsində yeni bir xəbərlə qarşılaşan oxucu, növbəti səhifədə köhnələcək bir qələbənin müjdəsi ilə qarşılaşır. Əsər beləcə sonadək öz dinamikliyini saxlayır. Sanki müəllif xüsusilə Əfqanıstanda yaşanan döyüş səhnələrini müharibə günlərindən kəsib romanın səhifəsinə qoyur. Səmədin Əfqanıstanda Kunar çayı yaxınlığında Tacəddinovun əsir aldığı Məhəmmədi, əsirləri vəhşicəsinə öldürüb gözlərinə SSRİ bayrağı sancaraq Kunar çayına atan mayor Sokolova verməməsi səhnəsi o qədər canlıdır ki, oxucunu kövrəldir. Əsir Məhəmmədi azad etməsi ilə çarşablı anasının yalvarışlarını, duasını alması mənzərəsi Qarabağ qırğınlarını, Xocalı faciəsini xatırladır.
Hadisənin baş verdiyi məkan, zaman, təbiət təsvirləri ən incə detalları ilə qəhrəmanların ayrı-ayrılıqda düşüncələrinin fonunda çox canlı olaraq təqdim edilir.
Əsər boyu bir-birini əvəz edən süjetlər oxucunu həyəcanlandırsa da, onu yormur, çünki müəllif olayların hansı səbəbdən baş verməsi ilə oxucunu məlumatlandırır. Məsələn, döyüş zamanı ayaqları pulemyotdan açılan güllələrdən parçalanmış sovet əsgəri, Çeçen-İnquşetiyadan olan Zəngiyev Ramzanın cibindən çıxan dəftərçədə yazılan məxfi məlumatlarda izah olunur ki, əslində iki ölkə arasında başlayan müharibə üçüncü, hətta dördüncü dövlət tərəfindən hazırlanır ki, bu da siyasi-iqtisadi amala xidmət edir. Sovet hakimiyyətinin apardığı siyasət nəticəsində öz qardaşının qatilinə çevrilən Ramzan dəftərçəsindəki məlumatlarla birgə, qorxmadan “düşmənə” olan şəxsi düşüncələrini də qeyd edir: “…döyüşdüyümüz xalq da Məhəmməd ümmətidir, biz qardaş qanı axıdırıq!”
Əsərdə heyrət doğuracaq qədər müsbət qəhrəmanlardan biri də Dilarədir. Səməd kimi o da “Ot kökü üstə bitər” atalar məsəlinə sadiq qalmış, nənəsi Züleyxa, anası Bilqeyis qədər insanpərvər, xeyirxah, fədakar, sevgi dolu yetişmişdir. Deyiklisi olan Səmədin onu unudub, Dara ilə evlənməsinə rəğmən, Səmədin çətin günündə onu bağışlayır. Ona ərə getməyə razı olur və övladlarına ana sevgisi ilə sahib çıxır. Üstəlik xəstə olan Daranı belə evə gətirməyə, övladlarının yanında yaşamasını təmin etməyə can atır. Onun bu fədakarlıqlarını görən oxucu müəllifin bu obrazı haradan götürdüyünü düşünür: Görəsən müəllif bu romanı yazarkən tanıdığı bir qadının oxşar taleyinimi yazıb?! Sonda qərara gəlirsən ki, yox, bu qədər müsbət keyfiyyət bir insanda birləşə bilməz. Dilarə mütləq tarixlər boyu özünü sübut etmiş fədakar, qayğıkeş Azərbaycan qadının ümumiləşdirilmiş obrazıdır.
Əsər o vaxt yüksək dəyər qazanır ki, oxucu o əsərin süjet xəttindən ayrılmadan, baş verən hadisələrin axarından çıxmadan, eyni zamanda yeni nə isə öyrənir. “Adəmin övladları” romanı oxucu üçün yeni olan belə məlumatlarla zəngindir. Onlardan bir neçəsinə diqqət edək:
* Adəm Züleyxaya elçi gedəndə onun anası ilə əl verib görüşmür, əlini sinasinə qoyaraq ehtiramını bildirir. Bunu kobudluq kimi qəbul edən ev sahibi Adəmi qınayır. Adəm kişi səbəbini belə izah edir: “Oğul, Allah-Təala məhrəmin, naməhrəmin nə olduğunu kəramət sahiblərinə ana bətnindəcə əyan edib. Əkizlərlə bağlı möcüzə bunun ən qatı dəlil-sübutudur. Əgər əkizlər iki oğlan və yainki iki qız olarsa, Allah-Təala onları doqquz ay üz-üzə, yox əgər əkizyatlardan biri oğlan, digəri qız olarsa, aləmlərin rəbbi onları kürək-kürəyə qoyar, üstəlik də aralarına ismət pərdəsi çəkər…”
* “Allah-Təala insanı xəlq eləyəndə onu şüurlu yaratdı, ona əql verdi…Yüz on səkkiz min (!) məxluqat içində onu ən ali varlıq olaraq başa çəkdi.”
* “Əli əsalı qocalar, əsalarının içində gizlətdikləri nizəylə yanlarından ötüb keçən sovet əsgərlərini qətlə yetirirdilər.” və s.
Əsərin obrazların yerli ləhcə ilə danışdığı dilin incəliklərini əks etdirən canlı, axıcı bir dili var. Eyni zamanda müəllifin sənətkarlığı və müşahidə gücünün əks olunması kimi qəbul edə biləcəyimiz, hadisələri əks etdirən kinematoqrafik bir təhkiyənin də şahidi oluruq.
“Adəmin övladları” Adəm kişinin övladlarının, nəvə-nəticələrinin həyatından bəhs etsə də, müəllif öz qəhrəmanını Allahın qüdrət və nişanələrini özündə daşıyan, yer üzünə gələn ilk insan Adəm peyğəmbərdə simvollaşdırır. Bu fikir əsərdə ümumiyyətlə yer almamasına rəğmən oxucunun alt şüurunda yaranır.
Hansı dünyada yaşadığının, hansı “dil”də danışdığının fərqində olan və dövrünün inancının, mədəni sosiallığının problemlərinin harda olduğunu bilən müəllifin yazdığı bu bədii əsər dövrümüz üçün olduqca vacibdir. Allah, Peyğəmbər sevgisi və şəfaətinə olan inancı qoruyub saxlamaqla, bu yolu izləməyi, çağdaş dövrün faciələrindən ancaq inancla çıxmağın mümkünlüyünü eyhamlarla oxucuya ötürən müəllif burada inancı bir sığınacaq, liman kimi görür. Hansı ki, biz son Qarabağ döyüşlərində əsgərlərimizin bu inancla irəli getdiyini, bir-birinə ruhən necə bağlandığını, inancın çətin şərtlər qarşısında bir xilas yolu olaraq görüldüyünün şahidi olduq. Demək olar ki, islam dininin əsasları kontekstində özünü göstərən şəhidlik zirvəsi qırılma nöqtəsindən yeni bir İlahi bağa yönəldir.
Roman 2015 -ci ildə yazılıb, mən oxumağa gecikmişəm. Bəlkə də o vaxt oxusaydım, bu sonuncu fikrə gəlməyə bilərdim və müəllifdən əsərin ikinci hissəsini yazmağı istəmək ağlımın ucundan da keçməzdi. Lakin… İki müharibənin tarxini bir əsərdə birləşdirən müəllifin bu əsəri ən yeni tarixlə davam edib zəfərlə bitirməsinin yeri olduğunu düşünürəm.
İki rukətlik (fəsillik) namazla başlayıb, eynilə də bitən romanın üçüncü və dördüncü rukətlərini əhatə edəcək ikinci cildini indidən oxumuş kimi hiss edirəm. Ümid edirəm ki, ikinci cild 30 ildir gözlədiyimiz Zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsini bütün gerçəkliyi və canlılığı ilə təsvir edən bəlkə də ən dəyərli roman olacaqdır.
“Adəmin övladları”nın zəfər yolunu işıqlandırın, hörmətli müəllif! Qoy, Adəmin övladları (Səmədin oğulları) adəm övladına – cəmi bəşərə haqq-ədalətin gec-tez yerini tapdığının sübutunu bir daha göstərsin və onları Azan səsilə ədalətə və sülhə dəvət etsin.
Filologiya üzrə fəlsəfə doktoru
Share: